Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1450/2024 23.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subyektiv hüquq, sahibkarlıq sahəsində yoxlamaların aparılması qaydası, su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, abonent kodu 054433, müqavilə nömrəsi 19090476 olan iddiaçı tərəfindən istifadə edilən kafe barəsində cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 602239 nömrəli akta əsasən xx.xx.2023-cü il tarixə hesablanmış 3862,8 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı (abonent kodu 054433, müqavilə nömrəsi ********) xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə götürdüyü ünvan 2 ünvandakı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 150 kv.m qeyri-yaşayış sahəsində kafe fəaliyyətini həyata keçirir. Ona görə də həmin kafedə istifadə edilən bütün kommunal xidmət haqları, o cümlədən sudan istifadə haqqı icarəçi olaraq iddiaçı tərəfindən ödənilir. Həmçinin icarə müqaviləsi bağlananda kafenin təşkil edildiyi qeyri-yaşayış sahəsinə aid olmayan yerdə, yəni beşmərtəbəli yaşayış binasının həyətində, bina sakinlərinin ümumi istifadəsində olan ərazidə dəmir borularla çəkilmiş su xətti mövcud olmuşdur. Həmin su xəttinin nə vaxt, kim tərəfindən və hansı məqsədlə çəkilməsi barədə dəqiq məlumat yoxdur. Bina sakinlərinin deməsinə görə qeyd edilən su xəttini Bakı Şəhəri Nəsimi Rayonunun Yaşıllaşdırma idarəsi çəkdirmiş və ondan ağacların suvarılmasında istifadə etmişdir. Kafe ilə bu su xəttinin heç bir əlaqəsi və bağlılığı yoxdur. Belə ki, həmin su xətti kafeyə birləşdirilməmişdir və göstərilən su xəttindən kafeyə su verilmir. Çünki beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən kafedə qanuni əsaslarla su xətti vardır, ondan suyun fasiləsiz verilməsi təmin edilir və verilən su kafenin normal fəaliyyəti üçün kifayət edir, əlavə suya isə ehtiyac yoxdur. 2.2. Bütün bunlara baxmayaraq, cavabdehin Bakı Şəhəri Nəsimi Rayon Sukanal İdarəsinin nümayəndələri Rəşad Xanlarov, Şaiq Bəbirov və Əlisəfa Xələfov tərəfindən tərtib edilib imzalanmış xx.xx.2023-cü il tarixli 602239 nömrəli aktda ünvan 1 ünvanda fiziki şəxs X6 tərəfindən kafedə sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə maddi ziyan vurulduğu göstərilmişdir. Aktda həm də bildirilir ki, abonent kodu 054433, müqavilə nömrəsi 19090476 olan obyektə baxış keçirilən zaman obyektin sayğacının klapanının bağlı vəziyyətdə olduğu və obyektə məxsus həyətyanı sahədə sayğacı əhatə etməyən d=20 mm-lik su xətti aşkar edilmişdir. Bunlardan əlavə, obyektin sanitar qovşağında əhali kodunda olan sayğacın 49819184 alfası tipli smart kart qurğusundan sudan istifadə edilir. Tərtib edilmiş akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə nəticəsində dəymiş maddi ziyan hesablanaraq, 1 kubmetri 1 manat qiymətləndirilməklə 2052 kubmetr sudan və 2052 kubmetr çirkab sudan istifadə edildiyi qeyd edilərək ƏDV daxil olmaqla xx.xx.2023-cü il tarixə kafenin cəmi 4062,8 manat qalıq borcunun olduğu göstərilmişdir. 2.3. İlk növbədə aktın tərtib edildiyi kafe fiziki şəxs X6 tərəfindən deyil, iddiaçı tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsində təşkil edilmişdir və idarə edilir. Bundan başqa, aktda onu imzalamaqdan imtina etdiyi göstərilən Bəybəla Quliyev adlı şəxsin kafeyə aidiyyəti yoxdur. Ona görə də onun adının akta daxil edilməsi aktın doğruluğunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Bundan əlavə, icarə müqaviləsində göstərilməyən, beşmərtəbəli yaşayış binasının həyətində bina sakinlərinin ümumi istifadəsində olan əraziyə d=20 mm-lik dəmir borularla su xəttinin iddiaçı tərəfindən çəkilməsinə və bu dəmir borudan axıdılan sudan kafedə istifadə edilməsinə dair aktda heç bir dəlil və sübut mövcud deyildir. Belə vəziyyətdə isə akta əsasən, qeyd edilən su borusundan axıdılan sudan kafedə qanunsuz istifadə edilməsi qənaətinə gəlinməsi mümkün deyildir. Daha sonra, aktda qanunsuz istifadə edilməsi ehtimal edilən həm təmiz suyun həcminin 2052 kubmetr, həm də axıdılan çirkab suyun həcminin 2052 kubmetr olmasının hansı müddət üzrə və meyarlarla hesablanması da aydın deyildir. Xüsusilə, aktda qanunsuz istifadə edilməsi ehtimal edilən suyun axıdılması üçün binanın həyətində kanalizasiya şəbəkəsi, ümumiyyətlə, mövcud deyildir. Əgər aktı tərtib edən cavabdeh təşkilatın nümayəndələri adıçəkilən su xəttinin iddiaçı tərəfindən çəkildiyini hesab edirlərsə, onda onlar qanunsuz qoşulmanı dərhal aşkar edib, onun su və kanalizasiya sistemindən ayrılması ilə bağlı tədbirlər görməli idi. Lakin bununla bağlı akta heç bir məlumat daxil edilməmişdir. 2.4. Qanunvericilik normalarına müvafiq olaraq, yuxarıda adıçəkilən aktın tərtib edildiyi və beşmərtəbəli yaşayış binasının həyətində bina sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşən su xətti hələ kafe fəaliyyətə başlayana qədər mövcud olduğuna, kafenin fəaliyyəti dövründə həmin su xəttindən axıdılan sudan iddiaçı tərəfindən istifadə edilmədiyinə görə cavabdehin əməkdaşları tərəfindən kafeyə indiyədək hər hansı irad və ya xəbərdarlıq edilməmişdir. Əks təqdirdə bununla bağlı kafeyə ödənilməli olan pulun hesabı təqdim edilərdi. Beləliklə, yuxarıda göstərilən faktlarla və hallarla təsdiq edilir ki, adıçəkilən ünvanda təşkil edilmiş kafe indiyədək fəaliyyəti dövründə sudan qeyri-qanuni istifadə etmədiyinə görə cavabdeh təşkilata maddi zərər vura bilməzdi. Bununla bağlı kafenin fəaliyyəti zamanı sudan qanunsuz istifadə etmədə iddiaçının təqsirli olması adıçəkilən aktla sübuta yetirilməmişdir. Ona görə də tərtib edilmiş akt qanuni sayıla bilməz.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2, 8-ci bəndləri və s. istinad edilmişdir.
4. Cavabdehin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddiaya etiraz ünvanlayaraq, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir.
5. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, adıçəkilən obyekt üzrə X6 istehlakçı kimi qeydiyyata alınmışdır. Bunu təqdim edilmiş abonentin hesabat cədvəlində və reyestrdən çıxarışda görmək mümkündür. Cavabdeh tərəfindən Ədliyyə Nazirliyindən xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində obyektdə yoxlamanın aparılması üçün çıxarış alınmışdır. Yoxlama nəticəsində obyektdə sudan qeyri-qanuni istifadə faktı aşkarlanmış, bunu sübut edən video çəkiliş aparılmış və xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, X2 ilə bağladığı icarə müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində bir müddət restoran işlətmişdir. Həmin dövrdə restoranda sayğacdan kənar su xətti olmuşdur. Həmin xətt yaxınlıqda yerləşən yaşıllaşdırma idarəsinə məxsus olmuşdur. Belə ki, su xətti yaşıllaşdırma idarəsinin əməkdaşları tərəfindən yaxınlıqdakı ağacların sulanması məqsədilə istifadə edilmişdir. Lakin cavabdehin əməkdaşları qanunsuz olaraq onu cərimələmişdirlər.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı göstərdi ki, xx.xx.2023-cü il tarixdən təqribən 15 gün əvvəl restoran təmir üçün bağlanmışdır. Bir həftə əvvəl də cavabdehin əməkdaşları baxış keçirmiş, lakin hər hansı problem barədə məlumat verməmişlər. Su xəttinin ləğv edilməsi ilə bağlı mülkiyyətçi daha əvvəl yaşıllaşdırma idarəsinə müraciət etmiş, lakin hər hansı nəticə olmamışdır. Cavabdeh tərəfindən baxış keçirildikdən 2 gün sonra akt iddiaçıya təqdim edilmişdir.
8. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və bildirdi ki, əvvəla, iddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ yoxdur. Belə ki, cavabdeh müqaviləni X6 ilə bağlamışdır. Digər tərəfdən, iddiaçının istehlakının az olması ilə bağlı iş əmri tərtib edilmiş, yoxlamanın aparılması qərara alınmışdır. Bu zaman yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmışdır. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında sayğacdan keçən su xətti olsa da, həmin sayğacın klapanı bağlanmış, qanunsuz su xəttindən istifadə olunmuş, su çəni doldurulmuşdur.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, aşkar olunan su xəttinin diametri 20 mm olmuşdur və “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavənin tələblərinə uyğun olaraq su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcmi müəyyən olunmuş və saldoya daxil edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ünvan 3 ünvanında yerləşən, mülkiyyət hüququ ilə X1 məxsus, ümumi sahəsi 513,94 kv.m olan qeyri-yaşayış sahəsinin 150 kv.m hissəsini sonuncu ilə notarial qaydada bağladığı 16 fevral 2023-cü il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüş, 16 mart 2024-cü il tarixdə həmin müqavilə tərəflərin notarial qaydada qarşılıqlı razılığı ilə ləğv edilmişdir. 10 fevral 2023-cü il tarixli KY232006492 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar yoxlama təyin edilmiş, 11 oktyabr 2023-cü il tarixdə ünvan 4 ünvanın 109B ilə eynilik təşkil etdiyini təsdiqlədi) ünvanında yoxlama aparılmış, 11 oktyabr 2023-cü il tarixli 602239 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən, obyektin su təchizatına və sayğacına baxış keçirilərkən sayğac klapanının bağlı vəziyyətdə olması və ehtiyat su çəninin çıxış vinili bağlı olmasına baxmayaraq, obyektə məxsus həyətyanı sahədə olan tikilinin içərisində sayğacı əhatə etməyən 20 mm-lik diametrli su xətti aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli ********* nömrəli qanunsuz istifadə fakturasına əsasən, xx.xx.2023cü il tarixli 602239 nömrəli akta uyğun olaraq 360 gün üçün 2052 kub metr su, 2052 kub metr çirkab su üçün ƏDV daxil olmaqla 4104 manat dəymiş ziyan müəyyən edilmiş və abonent haqqında məlumata daxil edilmişdir.
14. İddiaçı qeyd edilən su xəttinin yaşıllaşdırma idarəsinə məxsus olduğunu, həmin xəttdən həmin idarə tərəfindən ağacların sulanması üçün istifadə edildiyini, onun tərəfindən istifadə olunmadığını bildirdi və hesablanmış 3868,2 manat borcun silinməsini xahiş etdi.
15. Cavabdeh iddiaçının subyektiv hüququnun olmamasına və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasına istinad edərək iddianın rədd olunmasını xahiş etdi.
16. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Əvvəla, göstərilməlidir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.
18. Məhkəmə qeyd edir ki, abonent haqqında məlumatda X3 adı qeyd olunsa iş materialları əsasında təsdiq olunur ki, ünvan 3 ünvanında yerləşən 150 kv.m sahəli qeyriyaşayış sahəsi ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən xx.xx.2019-cu il tarixdən X1 mülkiyyət hüququ ilə məxsusdur və həmin qeyri-yaşayış sahəsi 16 fevral 2023 – 16 mart 2024-cü il tarixlərində iddiaçı tərəfindən icarəyə götürülmüşdür. Hazırda mübahisələndirilən yoxlama məhz obyektin icarəçinin istifadəsində olduğu 11 oktyabr 2023-cü il tarixdə aparılmışdır. Eyni zamanda 16 fevral 2023-cü il tarixli icarə müqaviləsinin 11-ci maddəsində kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqların, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarının icarəçi tərəfindən ödənilməsi şərtləşdirilmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə çıxış etməyə subyektiv hüququ vardır. Borcun əsaslılığı ilə bağlı məsələ araşdırılarkən isə ilk növbədə yoxlamanın qanuniliyi məsələsinə qiymət verilməlidir.
20. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Qanununun 12 və 34-cü maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
22. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.
23. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
24. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
25. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
26. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
27. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
29. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
31. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
32. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 4.3-1-ci bəndinə əsasən, Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2- 3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir.
34. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır.
35. Göründüyü kimi, qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma hallarında təyin edilmiş yoxlama barədə müvafiq məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməli, sonuncu tərəfindən dərhal qeydiyyata alınmalıdır.
36. 10 fevral 2023-cü il tarixli KY232006492 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, KY232006492 nömrəli yoxlamanın xx.xx.2001-ci il tarixli 19090476 (054433) nömrəli müqavilə üzrə 218999 nömrəli “Smart CSS” markalı sayğacın (hazırda iddiaçının istifadəsində olan sayğac) göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə plandankənar qaydada xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində aparılması nəzərdə tutulmuş, xx.xx.2023-cü il tarixdə yoxlayıcı orqan tərəfindən reyestrə məlumat göndərilmiş, həmin gün reyestr əməkdaşı tərəfindən məlumat qeydə alınmış, 12 oktyabr 2023-cü il tarixdə yoxlamanın nəticəsi daxil edilmişdir. Eyni zamanda yoxlamada X4 (Fakturalama qrupunun mühəndisi), X9 (Sukanal sistemlərinin təhlili şöbəsi), X10 (Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi), X5 (Sukanal sistemlərinin təhlili şöbəsi) iştirakı nəzərdə tutulmuş, 11 oktyabr 2023-cü il tarixli aktlar həmin şəxslər tərəfindən imzalanmışdır.
37. Belə olan halda, məhkəmə yoxlamanın aparılması zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması halını müəyyən etmir.
38. Məhkəmə aparılan reyestrdə X3 adının qeyd edilməsinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
39. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması haqqında qanunvericilikdə icarəçinin yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisənə 10 iş günü müddətində yazılı müraciət etmə vəzifəsi təsbit edilmişdir. İddiaçı isə belə bir müraciətin edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, nəzərə alınmalıdır ki, iddiaçı icarəçi kimi yeni müqavilənin bağlanılması üçün müraciət etməməsinin riskini daşıyır. Həmçinin cavabdeh bu halda yoxlamanı ona məlum olan və müqavilə bağladığı sonuncu şəxs barəsində qeydə aldırmaqda haqlıdır.
40. Digər tərəfdən, yoxlama zamanı aparılan video çəkilişdən də sayğacdan kənar qoşulma halının mövcud olduğu, mübahisələndirilən su xəttinin bilavasitə icarə obyektinin daxilində yerləşdiyi, həmin xətdən icarə obyektinin su təchizatına boruların çəkildiyi aşkar görünür. İddiaçı isə həmin su xəttinin yaşıllaşdırma idarəsinə məxsusluğuna dair məhkəməyə sadəcə izahat təqdim etmişdir. Halbuki nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
41. Məhkəmə su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə münasibətdə isə qeyd edir ki, "Sudan istifadə Qaydaları"nın 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq.
42. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır.
43. “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavədən görünür ki, kommersiyayönlü təşkilatlar üzrə diametri 20 mm olan borular üçün aylıq sərfiyyatın 171 m3, 3 aylıq sərfiyyatın 513 m3 hesablanması nəzərdə tutulmuşdur. İddiaçının qanunsuz qoşulmanın əmlakı icarəyə götürərkən mövcud olduğunu bildirdiyini və həmin qoşulmanın tarixini müəyyən etmək mümkün olmadığını nəzərə alan məhkəmə hesablamanın doğru aparıldığı qənaətinə gəlir. Belə ki, Qaydalara müvafiq olaraq 12 ay üçün 2052 m3 su (4 x 513) və 12 ay üçün 2052 m3 su (4 x 513) çirkab su sərfiyyatı hesablanmışdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASCyə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir.
45. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova