Məhkəmə qərarları › İş №e-2-2(113)-1623/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1623/2020

18.08.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1623/2020 18.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X4 Baman qızının katibliyi ilə, İddiaçı X1, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh “Azərişıq” X11nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh “Azərişıq” X5rşı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borcun silinməsi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsində inşa edilmiş “istixana”ya verilən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində dəymiş 25.000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borcun silinməsi, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsində inşa edilmiş “istixana”ya verilən elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində dəymiş 25.000 manat maddi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsi icarə hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı tərəfindən torpaq sahəsində “istixana” quraşdırılmışdır. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin əməkdaşlarının iştirakları ilə iddiaçıya məxsus obyektə baxış keçrilməsinə dair akt tərtib edilmişdir. Aparılan yoxlama zamanı NDQ seriyalı 006732 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın texniki parametrləri: Sayğacın seriya nömrəsi 69206443, Sayğacın tipi-Luna, Gərginlik (voltu) - 3x57/100v, cərəyan (amper) - 3x3A, G/T və G/T görə əmsal KxK-5=1200, dövlət möhrü - yuva, alt qapaq möhrü 829094, sayğac göstəricisi 321,750. Yoxlama zamanı aktda aşkar edilmiş pozuntlar qrafasında sayğacın dövlət möhrünun pozulmadığı, alt qapaq möhrünün pozulmadığı, sayğacdan kənar xətt və ya istifadəçilərin olmadığı, xüsusi açar, aparat və s. vasitəsi ilə sayğacın dövrdən kənarlaşdırılmadığı, G/t-nun yükü hiss etmə və ya yanılma olmadığı, sayğac diskinin ilişmədiyi müəyyənləşdirilmişdir. Sayğacın göstəricisində pozuntu aşkar edilməsi qeyd edilmişdir. Tərtib edilmiş aktın pozuntunun qısa məzmunu və cərəyan qəbul ediciləri (və ya ölçülən güc, kvt) qrafasında qeyd edilmişdir ki, EESQ-na uyğun sayğaca baxış keçrilən zaman məlum olmuşdur ki, sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılmışdır və sayğacın quraşdırılma sxemi səhvdir. Bu səbəbdən dövrədən axan yüklə, sayğacın qeyd etdiyi yük ölçülmüş. Pfak=220 kv, Psay=146kvt, Dp=33%. Aktlasayğacsxeminin bərpaedilməsitələb edilmişdir. Akta qeyd edilərək: sayğac sxem yoxlanması üçün abonent tərəfindən əlavə aktiv yük verildiyi göstərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə cavabdehin sayğacın quraşdırılması və uçota nəzarət idarəsinin əməkdaşının, Zirə Elektrik şəbəkəsinin əməkdaşının, abonentin nümayəndəsinin iştirakları ilə sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə 194792 saylı akt tərtib edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdən obyektə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 69578748 saylı hesab ödəniş vərəqi göndərilərək NDQ seriyalı 006732 saylı akta əsasən 17.143,83 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsindəki istixana qeyri-yaşayış obyektinə avadanlıqlar cavabdeh tərəfindən quraşdırılmış və xətlər cavabdehin əməkdaşları tərəfindən şəbəkəyə qoşulmuşdur. Elektrik enerjisinə qoşulma xətləri cavabdehin əməkdaşları tərəfindən istismara qəbul aktından əvvəl qoşulmuş və əməkdaşları tərəfindən təhvil-təslim aktı ilə təhvil verilmişdir. İddiaçı tərəfindən həmin əraziyə hər hansı bir müdaxilə olunmamışdır. İddiaçının və istixanada işləyən əməkdaşlar tərəfindən uçot cihazları zədələnməmiş, uçot cihazlarının qoşulma sxemləri pozulmamış, uçot cihazlarından kənar özbaşına yük qoşulmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 6.937 ha torpaq sahəsində yerləşən “istixana” əmlak kompleksində şitil yetişdirilməsi məqsədi ilə elektrik enerjisi ilə təchiz olunması üçün “AzCİS” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən qeyri-yaşayış obyektinin elektrik yüklərinə dair hesabat tərtib edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə TX-18/0564 saylı texnikişərt hazırlanmış və təsdiq edilmişdir. İddiaçı torpaq sahəsində “istixana” tikməklə şitil yetişdirmə fəaliyyəti ilə məşğul olur. İddiaçı vergi ödəyicisi kimi reyestrdə qeydiyyata alınmış və ona ********** saylı VÖEN verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Belə olan halda, müəyyən edilir ki, cavabdeh enerji təchizatı müəssisəsi tərəfindən iddiaçıya məxsus obyektdə elektrik enerjisinin istifadə qaydalarının yoxlanması aparılarkən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunun tələblərinə əməl etməli idi. Həmin yoxlamanın nəticələri, yəni, iddiaçının abonent hesabına işlənmiş 17.143,83 manat məbləğində borc, qanunvericiliyin qeyd olunan tələbləri baxımından etibarsızdır. Yoxlama üzrətərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli 006732 nömrəliaktda sayğacın göstəricisində pozuntu aşkar edilməsi qeyd edilsə də pozuntunun nədən ibarət olması qeyd edilməmişdir. EEİQ yoxlanmasına dair aktda sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılmışdır və sayğacın quraşdırılma sxeminin səhv olmasının iddiaçıya heç bir aidiyyatı yoxdur. İddiaçıya məxsus “istixana”ya elektrik eneryisinin verilməsi üçün texniki sənədlərin hazırlanmasından başlamış, bütün quraşdırma işlərinin aparılması, sayğacın elektrik cərəyanına quraşdırılması və ya elektrik cərəyanınının sayğaca quraşdırılması cavabdeh tərəfindən həyata keçirilmişdir. Elektrik enerjisinin “istixana”ya verilməsinə dair bütün işlər ötən müddət ərzində cavabeh tərəfindən həyata keçrilmişdir. Elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan iddiaçı tərəfdən elektrik enerjisinin obyektə verilməsi ilə bağlımüstəqil hər hansı bir fəaliyyət həyata keçirilməmişdir. İddiaçının “İstixana”yaelektrik enerjisinin verilməsi ilə bağlı fəaliyyəti 2018-ci ilin iyun ayından ötən müddət ərzində cavabdeh tərəfindən verilmiş elektrik enerjisindən istifadə etməyinə görə sərf etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi olmuşdur. Hər ayda bir dəfə enerji sərfiyyatı cavabdehin nümayəndəsi tərəfindən sayğac əsasında çıxarılmış qəbzlə hesablanmış və iddiaçıya təqdim edilmiş hesab ödəniş vərəqi təqdim edilmişdir. Hesab ödəniş vərəqi əsasında ödənişlər aparılmışdır. Cavabdehin iddiaçıdan 2018-ci ilin iyun ayından ötən müddət üçün hesablaşma aparması Qaydaların 8.16-cı bəndinə uyğun hesab oluna bilməz. Cavabdeh, iddiaçı barəsində tərtib etdiyi aktla sübut olunmamışdır ki, EEİQ-nın pozulması kimin təqsirli hərəkətləri nəticəsində baş vermişdir və yaxud dareal olaraq qeyd olunan qaydalar hansımüddətdən pozulmuşdur. Cavabdeh tərəfindən pretenziya alınmasına baxmayaraq ötən müddət ərzində pretenziyaya cavab verməmişdir. Lakin elektrik enerjisinin verilməsi bərpaedilmiş, 17.143,83 manat pulun ödənilməsi tələb edilmişdir. Pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirdikdən sonra yenidən elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdehin elektrik enerjisinin verilməsini qanunsuz dayandırması nəticəsində iddiaçıya maddi zərər dəymiş, istixanada yetişdirilən 200.000 manat məbləğində tərəvəz şitillərinin məhv olmaqdan qorumaq üçün yanacaq vasitələrindən istifadə edilməklə “istixana”ya istilik verilmişdir. Elektrik enerjisi ilə yanacaq enerjisinin qiymət fərqi nəticəsində dəymiş maddizərərə görə və tərəvəz şitillərinin bir hissəsinin isitmə ilə təmin edə bilinməməsi nəticəsində məhv olmasına görə 25.000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, xx xxxxxx 2017-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə sayğaca baxış keçirilmiş, sayğacın sxeminin düzgün qurulmaması, nəticədə elektrik enerjisinin 33 faizinin qeydə alınmaması müəyyən edilmişdir. Elektrik enerjisi itgisi olmuş, itgi sayğacın quraşdırıldığı vaxtdan hesablanmışdır. Cavabdeh tərəfindən hər hansı qanun pozuntusu olmamışdır. İddiaçının sayğacı cavabdehə aid sahədə yerləşdiyindən iddiaçıda hər hansı yoxlama olmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektdə sayğaca baxış keçirilmiş və baxış zamanı sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılması və sayğacın quraşdırılma sxeminin səhv olması aşkar edilmişdir. xx xxxxxx 2020-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 006732 saylı akta əsasən hesablanmış 17143,83 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya NDQ seriyalı 006732 saylı akta əsasən 17143,83 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən iddiaçıya məxsus obyektin cavabdehə aid sahədə yerləşən sayğacına baxış keçirilmiş və baxış zamanı sayğac dövrənin 6 kv-luq tərəfində quraşdırılması və sayğacın quraşdırılma sxeminin səhv olması aşkar olunaraq xx xxxxxx 2020-ci il tarixli NDQ seriyalı 006732 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya 006732 saylı akta əsasən 17143,83 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya 17143,83 manat borc hesablanmışdır ki, bu halda məhkəmə hesab edir ki, 17143,83 manat borc silinməklə iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin maddi zərərlə bağlı hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona məxsus istixanada tərəvəz şitillərinin bir hissəsinin məhv olmasının məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, maddi zərərlə bağlı iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borc silinməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğundan iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 10 manat məbləğində dövlət rüsumu isə dövlət büdcəsinin nəfinə cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azərişıq” X11 tərəfindən X3 xx.xx.2020-ci il tarixli 69578748 saylı hesab ödəniş vərəqi ilə hesablanmış 17.143,83 manat borc silinsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu “Azərişıq” X7 tutularaq X3 ödənilsin, qalan 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin nəfinə “Azərişıq” X7 tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar