Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1653/2025 11.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi, qanunsuz qoşulmanın müəyyən edilməsi zamanı qaz paylayıcısının etməli olduğu hərəkətlər, qazın talanması nəticəsində dəymiş zərərin ödənilməsi qaydası) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus **********00003 abonent koduna xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 475,20 manat, xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 1800 manat olmaqla, ümumilikdə 2275,20 manat borcun silinməsi və ödənilmiş dövlət rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Balakən şəhəri H.Əliyev prospektində yerləşən, iddiaçıya məxsus qeyriyaşayış sahəsi (ictimai iaşə obyekti – VÖEN: **********) müqavilə əsasında **********00003 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. Fəaliyyət dövründə tərəflər arasında hər-hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim iddiaçı tərəfindən vaxtı-vaxtında ödənilmişdir. 2.2. 2020-cu ilin iyul və 2024-cü ilin yanvar cavabdehlə aralarında mübahisə yaranmışdır və hazırda davam edir. Belə ki, sonradan iddiaçıya məlum olduğu kimi 2020ci ilin iyul ayında 475,20 manat və 2024-cü ilin yanvar aynda 1800 manat olmaqla, ümumilikdə 2275,20 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. 2.3. Birinci halda Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 475,20 manat cərimə yazılmış, səbəb isə guya qeyri yaşayış sahəsində sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadə edilmişdir. Bununla bağlı bildirir ki, cavabdehin apardığı yoxlama vahid məlumat reyestrindən qeydiyyatdan keçmədən və çıxarış verilmədən aparılmış, əgər yoxlama aparılmışdırsa iddiaçının iştirakı təmin edilməmiş, aktda adı qeyd olunan Səyavuş Ağayev adlı şəxsin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur və nümayəndəsi olmamışdır. Həmçinin qanun pozuntusu ilə bağlı foto, video çəkilişlər mövcud olmamış, iddiaçı barəsində hər hansı inzibati icraat aparılmamış və inzibati cərimə edilməmişdir. 2.4. İkinci halda Cavabdeh İB-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 1800 manat cərimə yazılmış, səbəb isə guya sayğacın maksimal qaz buraxma qabiliyyətindən artıq qazdan istifadə edilmişdir. Bununla bağlı bildirir ki, cavabdehin apardığı yoxlamaya qanuni don geyindirməkdən ötürü sayağaca müdaxilə və sayğacdan kənar xətt vasitəsilə qanunsuz qoşulma adı altında vahid məlumat reyestrindən qeydiyyatdan keçirmiş (sonradan sənədləri əldə eyditim zaman məlum olmuşdur) və çıxarış verilmədən aparılmış, əgər yoxlama aparılmışdırsa iddiaçının iştirakı təmin edilməmiş, aktda adı qeyd olunan Elçin Əhmədov adlı şəxsin iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə heç bir əlaqəsi yoxdur və nümayəndəsi olmamışdır. Həmçinin qanun pozuntusu ilə bağlı foto, video çəkilişlər mövcud olmamış və barəsində hər hansı inzibati icraat aparılmamış və inzibati cərimə edilməmişdir. Çıxarışda göstərilən sayğaca müdaxilə və sayğacdan kənar xətt vasitəsilə qanunsuz qoşulma aşkar edilməmiş, cavabdeh qanunla qadağan olunan sahələri yoxlamışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 3.1 və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-cü il tarixli e-2-2(113)-1653/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Cavabdeh tərəf iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və etirazın faktiki əsası olaraq göstərilmişdir ki: 5.1. İddiaçının ünvanında iki dəfə ayrı-ayrı tarixlərdə qazdan istifadə qaydalarının pozulması faktları aşkar edilmişdir. Belə ki, birinci dəfə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2020-cü il tarixdə baxış keçirilərkən həmin ünvanda istismarda olan G6 markalı 28098925 nömrəli sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz işlədicilərindən PQ6-nin maksimal saatlıq qaz sərfi 1.8 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün: Q.S.Qnin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 24 saat hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış (1.8 x 24 x 30 = 1296 m3, 1.5 x 24 x 30 = 1080 m3) və Zaqatala RQİİ-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 2376 m3 (və ya 475.20 manat) həcmində müəyyən edilmişdir. 5.2. İkinci dəfə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-17 ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY242071131 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 28098925 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Götərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2024-cü il tarixli yoxlama aktı, sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2024-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən sənədlərlə bir ədəd Restoran tipli PQ6, bir ədəd PQ4, üç ədəd Radiator sobası, dörd ədəd İran sobası, bir ədəd ASQ, bir ədəd sac, bir ədəd sauna peçi, bir ədəd 40 kv kombi, bir ədəd 28 kv kombi istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra, Cavabdeh İBnın istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 27.9 m3/saat olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 27.9 – 10 = 17.9 x 6 x 67 = 7200 m3 və onun pul dəyəri 1800 manat təşkil etmişdir. 5.3. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.
6. Etirazın hüquqi əsası hüquqi əsası kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 8-ci və s. maddələri, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.2, 5.5 və s. maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1, 4 və s. bəndləri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
6. Tərəflər məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: - İddiaçı ilə cavabdeh arasında 05 mart 2020-ci il tarixli AMX-1658/20 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 iyun 2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş, sayğacdan kənar qeyri-qanuni xətt aşkar olunduğu qeyd edilmiş, dəymiş ziyanın hesablanaraq ödənilməsi tələb edilmiş, 29 iyul 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 29 iyun 2020-ci il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq 2376 m3 dəymiş ziyan hesablanmış və iddiaçıya məxsus **********00003 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2020-ci ilin iyul ayı üçün 475,2 manat məbləğində borc daxil edilmişdir; - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, mövcud qaz qurğularının qaz tələbatının sahibkarın istifadəsində olan G-6T markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyətindən çox olduğu qeyd edilmiş, 31 yanvar 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, 12 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə Müqavilənin 2.2.6-cı bəndinə uyğun olaraq 7200 m3 dəymiş ziyan hesablanmış və iddiaçıya məxsus **********00003 nömrəli abonentin saldosunun “qalıq və aktlar” sütununa 2024-ci ilin yanvar ayı üçün 1800 manat məbləğində borc daxil edilmişdir; - İddiaçıya məxsus abonent saldosundan görünür ki, xx.xx.2025-ci il tarixə iddiaçının borcu 3073,40 manat təşkil edir.
11. İddiaçı 29 iyun 2020-ci il tarixli ******* nömrəli və 12 yanvar 2024-cü il tarixli ******* nömrəli aktlar əsasında hesablanmış 2275,2 manat borcun silinməsini tələb edir.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, 29 iyun 2020-cü il tarixdə baxış keçirilərkən həmin ünvanda istismarda olan G6 markalı 28098925 nömrəli sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş, xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-17 ci maddələri əsasında xx.xx.2024-cü il tarixli KY242071131 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmış, çıxarış əsasında xx.xx.2024-cü il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş, qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş, pozuntular müvafiq qaydada rəsmiləşdirilmiş, qanunamüvafiq qaydada dəymiş ziyan hesablanmışdır.
13. Məhkəmə iddia tələbinin 29 iyun 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində aşağıdakıları qeyd edir.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
15. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. “Qaz təchizatı haqqında” Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir.
17. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
18. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
19. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
20. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
21. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
23. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.
24. Qeyd edilməlidir ki, qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxış) qeydə alınmalıdır.
25. Lakin hazırkı iş üzrə cavabdehə 29 iyun 2020-ci il tarixdə aparılan yoxlamanın vahid reyestrdə qeydiyyata alınıb-alınmaması barədə məlumatın, alınmışdırsa təsdiq edən sənədin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh tərəfindən hər hansı məlumat məhkəməyə təqdim edilməmiş, iddiaya etirazda da bu hala istinad edilməmişdir. Beləliklə, aydın olur ki, qeyd olunan yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.
26. Ona görə də, məhkəmə hesab edir ki, 29 iyun 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 475,2 manat borc silinməlidir.
27. Məhkəmə iddia tələbinin 12 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi hissəsində aşağıdakıları qeyd edir.
28. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir”.
29. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.
30. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
31. Göründüyü kimi, istehlakçının sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutların iş materiallarında olmaması artıq iddia tələblərinin əsaslı olub-omamasına qiymət verilməsi üçün kifayət edir. Lakin iş materiallarında qaz təchizatı haqqında qanunvericilikdə təsbit edildiyi kimi, aktın bir nüsxəsinin Energetika Nazirliyi və ya cinayət təqibi orqanına göndərildiyi, həmin orqanlar tərəfindən qazın talanması faktının, istehlakçının təqsirinin müəyyən olunması təsdiqlənmir. Belə ki, məhkəmə tərəfindən 12 yanvar 2024-cü il tarixli aktın səlahiyyətli orqana təqdim edilibedilməməsi, təqdim edilmişdirsə nəticəsi barədə məlumatın təqdim edilməsi cavabdehə təklif edilmiş, lakin qeyd olunan məlumat təqdim edilməmişdir.
32. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur.
33. Həmçinin qeyd edilməlidir ki, qaz sayğacının sahibkarlıq subyektinə məxsus obyektin daxilində və ya kənarda yerləşməsindən asılı olmayaraq qaz təchizatı sahəsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehin əməkdaşları tərəfindən qaz sayğacının göstəricisinin oxunması halı istisna olmaqla sahibkarlıq subyektinin qaz təchizatı sisteminə baxış keçirildiyi və bu baxışın nəticəsinin istehlakçı üçün əlavə öhdəlik yaratdığı hər bir halda həyata keçirilən yoxlama (baxışın) qeydə alınmalı, bu zaman qanunvericilikdə nəzərdə tutulan məlumatlar reyestrə daxil edilməlidir.
34. Həmin məlumatlar sırasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4. və 3.4.13-cü bəndinə əsasən reyestrə yoxlamanın keçirilməsi haqqında qərarı qəbul etmiş şəxsin və yoxlayıcının FİN-i, soyadı, adı, atasının adı və vəzifəsi ilə bağlı məlumatların da daxil edilməli olması göstərilmişdir.
35. Lakin hazırkı iş üzrə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, KY242071131 nömrəsi ilə qeydə alınmış çıxarışda yoxlama zamanı yalnız X1 iştirak edəcəyi göstərilmiş, lakin 12 yanvar 2024-cü il tarixli ******* nömrəli yoxlama aktında reyestrsə qeyd alınmayan Təbriz Vahidli, Səfiyə Omarova, Rəvan Xəmmədov adlı şəxslərində iştirak etdiyi göstərilmişdir.
36. Qeyd edilən səbəblərdən məhkəmə hesab edir ki, 12 yanvar 2024-cü il tarixli akt əsasında borc əsassız hesablanmışdır və hüquqi qüvvəsi yoxdur. Odur ki, 12 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1800 manat borc silinməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, **********00003 nömrəli abonent koduna xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 475,2 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1800 manat olmaqla ümumilikdə 2275,2 manat məbləğində borc silinməlidir.
Məhkəmə xərcləri ilə bağlı
38. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 38 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Məhkəmə dövlət rüsumunun məbləği ilə bağlı qeyd edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia ərizəsi verilərkən iddianın qiymətinə (2275,2 manat) uyğun ödənilməli dövlət rüsumunun məbləği 43 manat təşkil edir.
41. Mülki Prosessual Məcəllənin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh İB-dən 38 manat məbləğində pul tutularaq iddiaçıya, 5 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı məxsus **********00003 nömrəli abonent koduna xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 475,2 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 1800 manat olmaqla ümumilikdə 2275,2 manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdehndən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38 manat məbləğində pul tutularaq İddiaçı, dövlət rüsumunun əvəzi olaraq 5 manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova