Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1746/2021 28.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT “xxxx” QSC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxx” QSC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu X4 73 E ünvanında yerləşən iddiaçının istifadəsində olan (ödəyici kodu- 10/36795, Abonent kodu – **********00080) 1405AZ**********29 zavod nömrəli sayğaca Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və bunun əsasında qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MSK – 29/1640- 00633-41 saylı Akt tərtib edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamenti qeyri-əhali qaz sayğaclarının yoxlanmasına dair xx xxx 2020-ci il tarixli MSK-29/1640-00633-41 saylı akta əsasən sayğaca müdaxilə olunması səbəbindən sayğacın yarasız vəziyyətə düşməsi və qaz itkisinin həcminin 5400 m³ qaz itkisinə görə iddiaçıya 1080 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən sayğaca onlar tərəfindən hər hansı bir müdaxilə edilməmiş və qaynaq işləri aparılmamışdır. Belə ki, sayğacın yoxlanması haqqında akt tərtib edilən tarixdən bir müddət əvvəl Cavabdeh tabeliyində olan Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşları tərəfindən sözügedən sayğacın yerdəyişməsi işləri aparılmışdır. Belə ki, yerdəyişmə işləri zamanı sayğacın çıxış plastmas borusunda qaynaq şlaqlarının yaranması və borunun deşilməsi məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının müdaxiləsi nəticəsində baş vermişdir. xx xxx 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akta əsasən iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat məbləğində borcun silinməsinə dair xx.xx.2020-ci il tarixində cavabdehə 13145/20 saylı məktub göndərilmiş və sayğaca müdaxilə olunması səbəbindən sayğacın yarasız vəziyyətə düşməsində, həmçinin sayğacın plastmas borusunda qaynaq şlaqlarının olmasında iddiaçının hər hansı bir təqsirinin olmadığı və qeyd edilən müdaxilənin Cavabdeh İB-nin Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşları tərfindən sayğacın yerinin dəyişdirilməsi zamanı baş verdiyi bildirilmişdir. Cavabdeh sayğacın yararsız vəziyyətə düşməsinin, həmçinin sayğacın plastmas borusunda qaynaq şlaqlarının olmasının məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının təqsiri nəticəsində yarandığını şifahi olaraq bildirsələr də, müraciətlərinə cavab olaraq, Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini Mehralı Quluyev tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli məktubda iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, smart İtron tipli 1405AZ**********29 zavod nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt əsasında dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənməsi və yoxlamaya göndərilməsi, həmçinin Metrologiya Departamentinin xx.xx.2020-ci il tarixli, MSK 29/1640-00633-41 saylı aktında “sayğacın klapanı açıqdır, ekranda bağla işarəsi var, klapan işləmir, sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib, xətalar normaya uyğun deyil” qeydlərinın olması bildirilmiş və bunun əsasında xx xxx 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt tərtib olunaraq 1080 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi, Cavabdeh İB sayğacın yerinin dəyişdiriməsi zamanı sayğacın çıxış plastmas borusunda qaynaq şlaqlarının yaranması və borunun deşilməsi məhz Bakı Qaz İstismar Xidməti Departamentinin əməkdaşlarının müdaxiləsi səbəbindən yaranması məsələsinə heç bir münasibət bildirilməmiş, dəymiş ziyanın əsassız olaraq tərəflərindən ödənilməsi vurğulanmışdır. xx xxx 2020-ci il tarixli, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, qaz sayğacına hər hansı müdaxilənin məhz iddiaçı tərəfindən olunması cavabdeh tərəfindən sübuta yetirlilməmişdir. Həmçinin aktda sayğacda olan plomba hər hansı müdaxilə haqqında heç bir qeyd yoxdur. Bu haldan da görünür ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilə edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri T.Heybətov və İ.Abdullayev ayrıayrılıqda iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edərək iddiaçının istifadəsində olmuş smart tipli qaz sayğacının çıxarılaraq dövlət yoxlanılmasına göndərildiyini, keçirilmiş yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız hesab olunduğunu, eyni zamanda sayğacın çıxış borusunda deşiyin aşkar olunduğunu, bu səbəbdən 5400 m³ itirilmiş qaz həcminə görə iddiaçıya borc yazıldığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 99% hallarda sayğaca müdaxilədə kimin təqsirinin olmasını sübut etmək mümkün olmur. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qazdan İstifadə” Qaydalarına əsasən qaz sayğacının işlək vəziyyətdə saxlamaq hüquqi şəxsin vəzifəsidir. Əgər sayğaca müdaxilə aşkar edilərsə, hesab edirlər ki, burada sahibkar təqsirlidir, müvafiq akt tərtib edilir. Müdaxilədə məhz iddiaçının təqsirinin olmasını sübut edə bilməzlər, belə bir mütəxəssis də yoxdur ki, bunu müəyyən edə bilsin. Amma hazırkı halda sayğac hüquqi şəxsin balansında olduğundan və sayğac çıxarılarkən üzərində qaynaq izləri aşkar edildiyindən, sayğacın çıxarılması, yerinin dəyişilməsi zamanı qaz idarəsinin əməkdaşları tərəfindən qaynaq aparılmasına heç bir ehtiyac olmadığı üçün iddiaçının bu barədə dəlili əsassız olduğundan, hesab edir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunub, bu səbəbdən iddia tələbi tamamilə əsassızdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -“xxxx” QSC-nin **********00080 nömrəli Elster G-6T DİAFRAQMA tipli sayğacın abonent saldosundan məlum olur ki, 2020-ci il üçün iddiaçının qalıq və aktlarla birlikdə cəmi 1438,80 manat borcu yaranmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli akt əsasında “xxxx” QSC-nin yerləşdiyi ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənmiş, əvvəlki sayğac isə yoxlamaya göndərilmişdir. Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında MSK – 29/1640-00633-41 nömrəli aktından məlum olur ki, xx xxxx 2020-ci il tarixdə BRQSD-dən Dövlət yoxlanılmasına aparılmış G6 markalı smart-kart tipli qaz sayğacına xx xxx 2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir. Sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib. Xətalar normaya uyğun deyil. Sayğacın arxiv yaddaş proqramı oxundu. Alarm 1 rejimi aşkar edilmədi” müəyyən olunmuşdur. Cavabdeh İB-nin ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında Metrologiya Departamentinin MSK – 29/1640-00633-41 nömrəli aktında qeyd olunan faktlar təsdiq olunmuşdur. “xxxx” QSC-nin **********00080 nömrəli abonent saldosundan məlum olur ki, 2021-ci il üçün iddiaçının qalıq və aktlarla birlikdə cəmi 1567,01 manat borcu yaranmışdır. “xxxx” QSC-nin Cavabdeh İB-ə ünvanladığı məkuba cavabdan aydın olur ki, müraciətlə bağlı aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin qaz xəttinin üzərində quraşdırılmış G-6 markalı, smart itron tipli 1405AZ**********29 zavod nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt əsasında dəyişdirilərək yeni G-6 markalı, Elster tipli 28024569 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin xx.xx.2020-ci il tarixli MSK – 29/1640-00633-41 saylı aktında “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir. Sayğacın çıxış plastmas borusunda qaynaq şlaqları var, boru deşilib. Xətalar normaya uyğun deyil” qeyd edilmişdir. Laboratoriyanın rəyinə əsasən xx.xx.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq 1080 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə hesablanmış əlavə sərfiyyat və həmin sərfiyyata görə borc qanuni sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, qaz sayğacında aşkar edilmiş qüsurların iddiaçının iradəsindən asılı, təqsiri ucbatından yaranmasını, habelə sayğaca iddiaçı tərəfindən qəsdən müdaxilə edildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı x xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamalar cavabdeh tərəfindən vahid dövlət reyestrində qeydə alınmadığından yoxlamanın nəticəsi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. “Qazdan istifadə qaydaları”nın 2.10.-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan Cavabdeh İB tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacına baxış keçirərək çıxarıb yenisi ilə əvəz etmiş, ona əlavə sərfiyyat hesablanmışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 1080 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 1080 manat məbləğində borc silinməli, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı “xxxx” QSC-yə əsassız olaraq hesablanmış 1080 (bir min səksən) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1746/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1746/2021
28.04.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver