Məhkəmə qərarları › İş №e-2-2(113)-176/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-176/2025

17.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-176/2025 17.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: mülki hüquq pozuntusu (delikt), ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət, obyektiv məsuliyyət) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdehnə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus “İsuzu Citiport” markalı 99JM354 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 5436 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus olan, sürücü X2 idarə etdiyi 10TG856 dövlət qeydiyyat nişanlı “Daewoo BS 090” markalı avtobus Bakı şəhəri, Moskva prospektində hərəkət edərkən yol hərəkəti qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək yol nəqliyyat hadisəsi törətmiş və bundan sonra hadisə yerindən yayınmışdır. Sözügedən yol hadisə nəticəsində iddiaçıya məxsus olan 99JM354 dövlət qeydiyyat nişanlı “İsuzu Cityport” markalı avtobusa 5436 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücü X3 xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarla inzibati məsuliyyətə cəlb edilərək İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Araşdırma nəticəsində 10TG856 dövlət qeydiyyat nişanlı “Daewoo BS 090” markalı avtobusun cavabdeh tərəfindən icbari sığorta etdirilmədən müntəzəm marşrut xəttində istismar edildiyi müəyyən edilmiş və avtobusun icbari qaydada sığortası olmadığı üçün dəymiş zərərin ödənilməsi mümkün olmamışdır. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə isə pretenziya qaydasında “zərərin ödənilməsi tələbi” ilə bağlı rəsmi хəbərdarlıq еdilmişdir. Hadisəni törədən cavabdeh məsuliyyət daşıyır və vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X7 əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat verdi.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi X7 "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi ilə razı olduqlarını bildirdi.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsi X4 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, iddiaçının nəqliyyat vasitəsinin sadəcə ön şüşəsinə zərər dəymişdir. Cavabdehin sürücüsünün təqsiri müəyyən olunsa da, dəymiş zərər yüksək qiymətləndirilmişdir.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi X1 İsmayıl Ələsgər oğlunun cavabdehin işçisi olduğunu göstərdi.

10. Üçüncü şəxs X3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək, cavabdeh şirkətdə əmək müqaviləsi üzrə işlədiyini, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtobusun ön şüşəsinin sındığını, hadisə baş verərkən idarə etdiyi avtobusun icbari sığortalanmadığına dair onda məlumat olmadığını bildirdi.

11. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, X3 cavabdehin mülkiyyətində olan “Daewoo BS090” markalı 10TG856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə, saat 19:20-də Moskva prospekti ərazisində idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə həmin nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olan “İsuzu Citiport” markalı 99JM354 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə ilə bağlı X3 barəsində xx.xx.2022-ci il tarixli TP ******* seriya və nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir.

16. İddiaçı xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Daewoo BS090” markalı 10TG856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5436 manat zərər dəydiyini bildirərək həmin zərərin tutulmasını tələb edir.

17. Cavabdeh xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Daewoo BS090” markalı 10TG856 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəydiyini qəbul edir, lakin dəymiş zərərin məbləğini mübahisələndirir.

18. Məhkəmə kommersiya mübahisəsinin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yəni öhdəlik bir tərəfin müəyyən hərəkətlər etməsi və ya müəyyən hərəkətlərdən çəkinməsi, digər tərəfin isə tələb etmək hüququ ilə xarakterizə edilən qarşılıqlı hüquqi münasibətdir. Hər bir hüquqi münasibət kimi öhdəlik hüquq münasibətinin də müəyyən yaranma - əmələ gəlmə əsası olur. Mülki Məcəllənin 386-cı maddəsi öhdəliklərin əmələ gəlmə əsaslarını müəyyən edir. Belə ki, öhdəliyin əmələ gəlmə əsaslarına başlıcası müqavilə olmaqla zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar aid edilir. Mülki hüquq nəzəriyyəsində bu əsaslar müqavilədən və müqavilədən kənar olmaqla iki yerə bölünür. Öhdəliyin zərər vurulması ilə, yəni mülki hüquq pozuntusu (deliktlər) nəticəsində əmələ gəlməsi onun müqavilədən kənar əsasla yaranması hesab olunur.

20. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir.

21. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin delikt tərkibi cinayət və inzibati xəta tərkiblərindən fərqli olaraq məhdud tərkiblə də formalaşa bilir. Hüquqi tərkib isə müəyyən hallarda hüquqi məsuliyyətin tipini müəyyən edir. Hüquqi məsuliyyətin hüquq ədəbiyyatında üç tipi fərqləndirilir: təqsir əsaslı məsuliyyət, obyektiv məsuliyyət və mütləq məsuliyyət. Obyektiv məsuliyyət zamanı şəxsin təqsirli olub-olmaması elə bir əhəmiyyət daşımır, lakin müəyyən hallar (məsələn, qarşısıalınmaz qüvvə, zərərçəkənin qəsdi və ya razılığı və s.) olur ki, həmin hallar şəxsin məsuliyyətini istisna edir. Ancaq mütləq məsuliyyət zamanı şəxs zərərin qarşısının alınmasının qeyri-mümkünlüyünü sübut etsə də, məsuliyyətə cəlb olunur.

22. Mülki Məcəllədə mülki hüquq pozuntuları üçün mütləq məsuliyyət nəzərdə tutulmasa da, təqsir əsaslı məsuliyyət və obyektiv məsuliyyət tiplərində hüquqi məsuliyyət nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Başqa sözlə, qanunverici təqsir olmadan da, səbəbli əlaqə və hüquqazidd əməldən ibarət tərkibli mülki hüquq pozuntusunu tanıyır. Yəni obyektiv hüquqi məsuliyyətə yol verir.

23. Mülki Məcəllədə obyektiv məsuliyyət müəyyən edən delikt tərkibindən biri də Mülki Məcəllənin 1108-ci maddəsində təsbit edilmişdir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

25. Hazırkı iş üzrə üçüncü şəxs əmək müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə edən sürücü olmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə əsasən qiymətləndirdikdə məhkəmə qeyd edir ki, üçüncü şəxs Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilən “yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs” hesab edilə bilməz. İddiaçının tələbi də nəqliyyat vasitəsinin mülkiyyətçisinə (qanuni sahibiblik edən şəxsə) yönəlmişdir.

26. Digər tərəfdən, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, isə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

27. Üçüncü şəxs X2 xx.xx.2020-ci il tarixdən əmək müqaviləsi əsasında cavabdeh MMC-də sürücü vəzifəsində işləməsi, həmin vəzifənin icrası zamanı cavabdehə məxsus nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsi ilə toqquşması, nəticədə iddiaçının nəqliyyat vasitəsinə zərər dəyməsi işin müəyyən olunan mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

28. Eyni zamanda hər iki halda (həm Mülki Məcəllənin 1099-cu, həm də 1108-ci maddəsi ilə təsbit edilən halda) Mülki Məcəllənin 1114-cü maddəsində nəzərdə tutulmuş qaydada zərər vurmuş şəxsə reqress hüququ əmələ gəlir.

29. Məhkəmə qeyd edir ki, hazırda cavabdehin nəqliyyat vasitəsinin mülkiyyətçisi olduğu və hadisə baş verərkən nəqliyyat vasitəsinin sonuncunun müntəzəm sərnişin daşıma xidmətində istifadə edildiyi, nəqliyyat vasitəsini idarə edən üçüncü şəxsin cavabdehin işçisi olmadı işin mübahisəsiz haldır. Bu isə hüquqi əsasın və maddi şərtin mövcud olduğunu deməyə əsas verir.

30. Zərərin məbləğinə münasibətdə isə göstərilməlidir ki, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “İsuzu Citiport” markalı, 2016cı il buraxılışı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 6890 manat zərər dəymişdir.

31. “İsuzu Citiport avtobus” markalı, 2016-cı il buraxılışı, 99JM354 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktında əks olunan təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və 2022-ci ilin oktyabr-noyabr ayına olan qiymətlər əsas götürülməklə) görülməsi üçün nə qədər vəsaitin (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən edilməsi məqsədilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3057/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. 11 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina olunması barədə məlumatı məhkəməyə daxil olmuş, imtina onunla əsaslandırılmışdır ki, nəqliyyat vasitəsinə məxsus ehtiyat hissələri barədə yerli internet saytlarında satış elanları olmadığından qiymətləndirmə aparılması mümkün olmamışdır.

32. Daha sonra Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3057/2024 nömrəli qərardadı ilə ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, sonuncunun xx.xx.2025-ci il tarixli ƏEM/M 22-119/25 nömrəli rəyi ilə “İsuzu Citipor” markalı, 2016-cı il buraxılışı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktında əks olunan təmir-bərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və 2022-ci ilin oktyabr-noyabr ayına olan qiymətlər əsas götürülməklə) görülməsi üçün: ehtiyat hissələri: 4 600,0 (dörd min altı yüz) manat; işçilik haqqı: 1 060,0 (bir min altmış) manat, cəmi: 5 660 manat tələb olunur.

33. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, “İsuzu Citipor” markalı, 2016-cı il buraxılışı, **-JM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər iddia tələbinə müvafiq olaraq 5436 manat olaraq müəyyən edilməli, həmin məbləğ Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına və mədaxil qəbzinə əsasən məhkəmə müəyyən edir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddia ərizəsinin verilməsi üçün 88,9 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

35. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, hazırkı iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumu 75 manat təşkil edir.

36. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış qiymətləndirmədən görünür ki, qiymətləndirmənin ümumi dəyəri 300 manat təşkil edir.

37. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini və göstərilənləri nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə, ekspertiza xərci olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçınə məxsus “İsuzu Citiport” markalı 99JM354 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olaraq 5436 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ekspertiza xərci olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN – **********, Hesab N AZN:AZ68İBAZ**********7981193205, Bank: ABB ASC, VÖEN: **********, müxbir hesab AZ03NABZ********************, KOD:805711; SWİFT: İBAZAZ2X) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar