Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1841/2021 07.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nümayəndə istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə (“Supreme Hotel”) quraşdırılmış Abşeron ÇSS-40D markalı və modelli, Smart DN-40 tipli, 00200174 nömrəli sayğaca (Abonent kodu: 014936) hesablanmış 1280 (min iki yüz səksən) manat borcun silinməsinə və artıq ödəmənin geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında yerləşən, sahəsi 3556,6 kv.m olan qeyri-yaşayış obyektini 22.09.2020-ci il tarixli icarə müqaviləsi əsasında işlədir. Ondan əvvəl sözügedən obyektin icarəçisi Rəhim Mürsəlov olmuşdur. 22.05.2020ci il tarixdə qeyri-yaşayış obyektində quraşdırılmış “00200174” nömrəli smart tipli su sayğacına baxış keçirilərkən sayğacda mexaniki və elektron göstəriciləri arasında fərq olduğu aşkar edilmiş və Cavabdeh ASC-nin səlahiyyətli əməkdaşları tərəfindən sayğacda qüsurlar olduğu təsdiq edildikdən sonra sayğac sökülərək laboratoriyaya göndərilmişdir. Rəhim Mürsəlov obyektdən çıxandan sonra, həmin obyekti o təhvil almış və yeni icarəçi kimi 22.09.2020-ci il tarixdən etibarən qeyri-yaşayış obyektini işlədir. 2020-ci ilin oktyabr ayında Cavabdeh ASC-nin əməkdaşları obyektə gələrək may ayında qüsur aşkarladıqları “00200174” nömrəli smart tipli sayğacdakı nasazlıqların aradan qaldırıldığını deyərək sayğacı obyektə quraşdırmışlar. Lakin bu barədə ona hər hansı abonent kitabçası, abonent haqqında çıxarış təqdim etməmişdir. Yalnız 11.12.2020-ci il tarixdə cavabdeh təşkilat onunla yeni icarəçi kimi müqavilə bağlamışdır. Bu zaman da ona ödəniş hesab vərəqəsi və abonent haqqında çıxarış verilməmişdir. 2021-ci ilin yanvar ayında,o obyektə quraşdırılmış smart tipli sayğaca 100 manat məbləğində ödəniş etsə də, həmin puldan 97 manat borca görə silindiyi, karta isə 3 manat pul yükləndiyini müəyyən etmişdi. Məsələni aydınlaşdırmaq üçün “xxxx” ASC-yə müraciət etdikdə, 1280 manat məbləğində borc hesablandığını bildirmişlər. Hətta cavabdeh tərəfindən obyektə quraşdırılmış sayğacla bağlı bir-birini təkzib edən iki rəyin kserosurətini təqdim etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 22 senyabr 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan ünvan 3ünvanında yerləşən qeyri-yaşayış obyektini Nümayəndə icarəyə vermişdir. İş materiallarında olan 11 dekabr 2020-cu il tarixli, 43672515 №-li müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ASC abonenti tələbatına uyğun məişət – içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent isə göstərilmiş xidmətlərin haqqını hesab fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Nümayəndə 22 senyabr 2020-ci il tarixdə icarə müqaviləsi müqaviləsi bağlamaqla ünvan 3ünvanında yerləşən qeyri-yaşayış obyektini (“Supreme Hotel”) icarəyə götürmüşdür. Onunla Cavabdeh ASC arasında 11 dekabr 2020-ci il tarixdə Su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair müqavilə imzalanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, 200174 saylı sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olduğu üçün 22.05.2020-ci il tarixdə sayğac sökülərək laboratoriyaya göndərilmişdir. Yoxlamadan əvvəlki mexaniki hissənin göstəricisi 1194 m3 təşkil etmişdir. Yoxlamaya aparılarkən sayğacın mexaniki hissəsinin işlək olduğu müəyyən olunmuşdur. Sayğac təmir edildikdən sonra 02.10.2020-ci il tarixdə quraşdırılmışdır. Həmçinin qeyd olunması zəruridir ki, yeni abunəçi olaraq Nümayəndə qeyd olunan obyektin icarəçisi olmazdan əvvəl yaranmış borca görə 559 manat içməli suya, 559 manat isə çirkab suyana görə, cəmi 1194 manat borc hesablanmışdır.Qeyd olunan hal iş materiallarına əlavə edilmiş abonent haqqında məlumatda öz təsdiqini tapır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan borc məbləğinin ödənilməsi öhdəliyini Nümayəndə daşımadığından 1194 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddiasında 1280 manat borcun silinməsini xahiş etsə də, qeyd olunan borc məbləğinin hesablanmasına dair heç bir sübut əlavə etməmişdir, bunun əksinə olaraq abonent haqqında məlumatda 1194 manat əsassız borcun hesablanması müəyyən edilmişdir. Həmçinin iddiaçı artıq ödəmənin geri qaytarılmasını xahiş etsə də, bu hissədə də hansı məbləğdə və zaman artıq ödənişlərin olduğuna dair hər hansı bir sübutu təqdim edilməmişdir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Nümayəndə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddiası qismən təmin edilsin. Nümayəndə istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə (“Supreme Hotel”) quraşdırılmış Abşeron ÇSS-40D markalı və modelli, Smart DN-40 tipli, 00200174 nömrəli sayğaca (Abonent kodu: 014936) hesablanmış 1194 (min yüz doxan dörd) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1841/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1841/2021
07.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver