Məhkəmə qərarları › İş №e-2-2(113)-1872/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1872/2020

05.10.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1872/2020 05.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən hesablanmış 3320 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, istehlakçıları üçün müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçıya məxsus Binəqədi rayonu, Biləcəri şossesi, kafe su təchizatı xidməti Cavabdeh ASC tərəfindən həyata keçirilməyə başlanmışdır. Bundan sonra suya aid sayğacının Cavabdeh ASC tərəfindən quraşdırılması həyata keçirilmiş və bu barədə xx.xx.2012-ci il tarixdə akt tərtib olunmuşdur. Həmin tarixdən etibarən iddiaçı istifadə etdiyi su və çirkab sularının axıdılması xidmətinə görə cari borclarını vaxtı-vaxtında ödəməyə başlamışdır. Lakin iddiaçı barəsində Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilərkən çirkab su hesabatı aparılmır. Hesabat aparılmadığına görə iddiaçının iştirakı olmadan invertar akt tərtib edərək oan heç bir əsas olmadan 2442 manat cərimə hesablanmışdır. Həmin cəriməni onunla əsəslandırılmışdır ki, guya iddaçı tərəfindən 2012-ci ildən qanunsuz qoşulmuşdur. Ancaq iddiaçı heç bir qoşulma etməmişdir. Cavabdehin göstərdiyi su xidmətinə görə su pulunu ödəmişdir. Çirkab sularının axıdılmasına görə müqavilədə qeyd aparılmışdır. Obyekt qeyri-yaşayış sahəsi olduğundan mütəmadi olaraq təmizlik işləri aparılır və Cavabdeh ASC-nin əməkdaşları da mütəmadi tez-tez ora gələrək yoxlamalar aparılır. Belə bir qanunsuzluq uzun illər baş vermiş olsaydı bu barədə vaxtında tədbir görülərdi. Aktda göstərilən tullantı suların axıdılması xidmətindən qeyri-qanuni istifadə faktları mövcud olmamışdır. Bu akt və hesabat cavabdeh təşkilatın nümayəndələri tərəfindən yalnız özlərinə məlum olan şəraitdə və yerdə tərtib edilmişdir. Digər tərəfdən akt və hesabat ümumiyyətlə reallığı əks etdirmir. Belə ki, iddiaçı tərəfindən sudan sayğacdan kənar qaydada hər hansı istifadəyə yol verilməmişdir. Bundan başqa müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. İddiaçı hesab edir ki, qanunsuz və əsas olaraq hesablanmış borc silinməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2018-ci il tarixli, MXD-9380 №-li və MXD-9381 №-li aktlar əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilədə də suyun axıdılmasına görə qiymət göstərilməmiş, lakin abonent bu xidmətdən istifadə etmişdir. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2009-cu il tarixli, 109491 №-li müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ASC abonenti tələbatına uyğun məişət – içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, abonent isə göstərilmiş xidmətlərin haqqını hesab fakturada göstərilmiş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. - MXD-9380 №-li, xx xxxxxx 2018-ci il tarixli inventar aktının surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində yerləşən İddiaçı su təchizatına və kanalizasiya sisteminə baxış keçirən zaman çirkab su hesabatının aparılmadığı müəyyən olunmuşdur; - qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD-9380 №-li inventar aktına əsasən zərərin məbləği 2442 manat müəyyən olunmuşdur. - MXD-9381 №-li, xx xxxxxx 2018-ci il tarixli inventar aktının surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində yerləşən İddiaçı su təchizatına və kanalizasiya sisteminə baxış keçirən zaman sayğacdan kənar rezin boru vasitəsilə su çəninin doldurulması müşahidə olunmuşdur; - qeyri – qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, MXD-9381 №-li inventar aktına əsasən zərərin məbləği 878 manat müəyyən olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa, MXD-9380 №-li, xx xxxxxx 2018-ci il tarixli inventar aktına əsasən çirkab su hesabatının aparılmadığına görə 2442 manat zərər hesablanmışdır. Halbuki, tərəflər arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli, 109491 №-li müqavilədə Cavabdeh ASC tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürsə də, bu xidmətin dəyəri müqavilədə qeyd olunmamışdır. Bundan sonra isə uzun müddət ərzində təqdim olunmuş hesab – fakturalar əsasında ödənişlər aparılmışdır, yəni, abonentin təqsiri üzündən zərər vurulması faktı mövcud deyildir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı xx xxxxxx 2018-ci il tarixli, MXD-09380 saylı akta əsasən hesablanmış 2442 manat, xx xxxxxx 2018-ci il tarixli, MXD- 09381 №-li akta əsasən hesablanmış 878 manat, ümumilikdə 3320 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar