Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1901/2024 23.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı qərarın qanunsuz hesab edilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən irəli sürülmüş onun tərəfindən təqdim edilmiş GRNT4930928B 102 nömrəli 22 noyabr 2023-cü il tarixli tender təkilifi təminatının 6510 manat məbləğinin tutulmasına və Dövlət Sərhəd Xidmətinin balansına köçürülməsinə dair tələbin qanunsuz hesab edilməsi və həmin pul vəsaitinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3.-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2-ci bəndinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətləin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 4-cü bəndinə görə isə inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi mübasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi hazırkı iş üzrə mübahisənin tərəfləri fiziki şəxs (İddiaçı2) və inzibati orqan (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti) olmaqla bərabər, mübahisənin predmetini İddiaçı2 barəsində Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilmiş qərarın mübahisələndirilməsi təşkil edir, yəni hazırkı mübahisə inzibati orqanın xüsusi hüququn bərabərhüquqlu subyekti kimi iştirak etdiyi münasibətlərdən (müqavilə və s.) deyil, hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən irəli gəlir. Həmçinin qeyd edilməlidir ki, mübahisəli tender keçirilərkən qüvvədə olmuş “Dövlət Satınalmaları haqqında” 27 dekabr 2001-ci il tarixli AR Qanununun 55-ci maddəsi satınalan təşkilatın qanunla müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şikayət vermək hüququnu, o cümlədən 56-cı maddəsi satınalan təşkilata və təsdiq edən orqana, 57-ci maddə isə malgöndərənin (podratçı) inzibati qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə şikayət etmək hüququnu təsbit etmişdir. Göstərilən qanun normaları da tenderin keçirilməsi ilə bağlım satınalan təşkilat ilə malgöndərən arasında yaranan münasibətlərin satınalan təşkilatların inzibari orqan kimi fəaliyyətindən irəli gələn münasibətlər olmasına dəlalət edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 iddiası üzrə işə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinin tələbinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı qərarın qanunsuz hesab edilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya hazırkı iddia ilə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı qərarın qanunsuz hesab edilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddiaçıya hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia verilərkən ********** nömrəli qəbzə əsasən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1901/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1901/2024
23.02.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver