Məhkəmə qərarları › İş №e-2-2(113)-1906/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1906/2020

23.09.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1906/2020 23.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Baman qızının katibliyi ilə, İddiaçı Nümayəndəsi X2, Cavabdeh «Azərişıq» açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən cərimə olaraq hesablanmış 4917,60 manat məbləğin ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavadehin əməkdaşlarının Nümayəndə klinikasında olmuş, dəyişdirilmiş, rəy verilmış elektrik sayğacı ilə bağlı hərərkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin xx.xx.2020-ci il tarixli ********* saylı,xx.xx.2020-ci il tarixli ********* saylı "hesab ödəniş vərəqinin" əsassız hesab edilməsi, vərəqdə göstərilən məbləğin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cərimə olaraq hesablanmış 4917,60 manat məbləğin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Nümayəndə Klinikası Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanında 2006-cı ildən tibbi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixində cavabdehin əməkdaşları Nümayəndə Klinikasına gələrək növbəti dəfə, sayğaca baxış keçirmişlər, göstəricisini oxuyaraq qeydlər etmişlər və həmin tarixdə təqdim etdikləri qəbzdən məlum olmuşdur ki, sayğacın xx.xx.2020-ci il tarixində qeyd edilmiş göstəricisi 685879, xx.xx.2020-ci il tarixində qeyd edilmiş göstəricisi isə 687350-dir. Cavabdehin əməkdaşları qeyd etmişlər ki, elektrik sayğacının plombu (surğucu) yerindədir, xaricdən fiziki müdaxiləyə məruz qalmamışdır, sayğacın şüşəsi salamatdır, lakin sayğacın diski ilişir, sayğac yenisi ilə əvəz olunub bu sayğaca laboratoriya şəraitində rəy verilməlidir. İddiaçı buna etiraz etmişdir ki, diskin ilişməsi müşahidə olunmur, adi gözlə görünmür, izlənmir. Cavabdehin əməkdaşları xx.xx.2020-ci il tarixində 027692 R saylı Akt tərtib etmişlər və aktda qeyd etmişlər ki, sayğacın diski ilişir, sayğac yenisi ilə əvəz olunub, laboratoriya şəraitində rəy verilsin. 1 aydan artıq bir müddət keçməsinə baxmayaraq, müvafiq qurumlar gəlib sayğacı dəyişməmişlər. xx.xx.2020-ci il tarixində Nümayəndə Klinikasına gəlmiş cavabdehin “Sayğac quraşdırma və uçota nəzarət idarəsi”nin əməkdaşları xx.xx.2020-ci il tarixli, 195181 saylı akt tərtib etmişlər, mexaniki sayğacı elektron sayğacla əvəz etmişlər. xx.xx.2020-ci il tarixində Nümayəndə Klinikasına daxil olmuş xx.xx.2020-ci il tarixli, ********* saylı “Hesab ödəniş vərəqi”ndən məlum olmuşdur ki, Nümayəndə Klinikasının xx.xx.2020-ci il tarixinə 5.295,65 manat qalıq borcu vardır. Bununla bağlı, xx.xx.2020-ci il tarixində cavabdehin əməkdaşları ilə telefon əlaqəsi saxlanılmış, məlum olmuşdur ki, cavabdehin “Sayğac quraşdırma və uçota nəzarət idarəsi”nin xx.xx.2020-ci il tarixli, nömrəsiz, “Sayğacların və cərəyən transformatorlarının yoxlanması” protokolu mövcuddur və guya abonentin nümayəndəsi sətirində C.Aslanov yazılmaqla, qarşısında imza mövcuddur. İddiaçıya məlum olmayan, məlumatı belə olmadan tərtib edilmiş sözügedən protokoldakı qeydlərdən məlum olmuşdur ki, protokolda “A” fazasının gərginlik şuntunda müdaxilə izləri var, axan yükü hiss etmir, daxilində plastikin əriməsi nəticəsində alt diski saxlayıb” ifadəsi yazılmışdır. İddiaçı hesab etmişdir ki, bütün bunlar cavabdehin idarələrinin əməkdaşlarının özbaşınalıqlarıdır. Odur ki, iddiaçı xx.xx.2020-ci il tarixində Y-1/12-15 saylı məktubla cavabdehin rəhbərliyinə, xx.xx.2020-ci il tarixində Y-1/12-16 saylı məktubla Nərimanov rayon prokurorluğuna müraciət etmişdir. Cavabdehin rəhbərliyinə ünvanlamış məktubla bağlı hər hansı bir tədbir görülməmiş, məktubu araşdırılmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, sayağaca laboratoriya baxışı zamanı iddiaçı iştirak etməmişdir. aktdan da görünür ki, iddiaçının məlumatı olmuşdur. İddia əsassızdır. İddiaçı tərəfindən ona hesablanmış borc ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxx 2020-ci il tarixli R seriyalı 027692 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən iddiaçıya məxsus Tibbi Mərkəzdə yoxlama keçirilmiş və yoxlama zamanı elektrik sayğacının diskinin ilişməsi aşkar edilmişdir. xx xxxx 2020-ci il tarixli ********* saylı Hesab ödəniş vərəqinin surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya R seriyalı 027692 saylı akta əsasən 4917,60 manat borc hesablanmış və həmin borcun ödənilməsi tələb edilmişdir. xx xxxx 2020-ci il tarixli İcra vərəqinin surətindən görünür ki, iddiaçı tərəfindən R seriyalı 027692 saylı Akta əsasən cavabdehə dəymiş ziyan 54640 kvts müəyyən edilmişdir. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya R seriyalı 027692 saylı akta əsasən 4917,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonunda yerləşən iddiaçıya məxsus Tibbi Mərkəzdə yoxlama keçirilmiş və yoxlama zamanı elektrik sayğacının diskinin ilişməsi aşkar olunaraq xx xxxx 2020-ci il tarixli R seriyalı 027692 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya R seriyalı 027692 saylı akta əsasən 4917,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən tərtib edilmiş aktda sayğacda olan nöqsanlar qeyd edilmişdir. Həmin nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, hazırki iddia istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar olduğundan iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nümayəndənə cərimə olaraq hesablanmış 4917,60 manat məbləğ ləğv edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «Azərişıq» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Nümayəndənə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar