Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2111/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 132081 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11.02.2021-ci il tarixdə cəmiyyət tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Sukanal İdarəsi iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. Lakin hesablanmış borcun mənbəyi cəmiyyətə məlum olmadığından və bu barədə cəmiyyətə heç bir bildiriş və məlumat verilmədiyindən cəmiyyət tərəfindən Abşeron rayon Sukanal İdarəsinə müraciət edilərək əsassız hesablanmış 4104 manat məbləğində borcun silinməsini xahiş edilmişdir. Lakin müraciət əsasında məlum olmuşdur ki, guya Abşeron Rayon Sukanal İdarəsinin nümayəndələri 04 noyabr 2020-ci il tarixdə iddiaçının su təchizatı və kanalizasiyasına baxış keçirmiş və baxış zaman məlum olmuşdur ki, guya cəmiyyət sudan sayğacdan kənar istifadə etmişdir. Ona görə də cəmiyyətə 7128 nömrəli cərimə aktına əsasən 4104 manat ziyan hesablanmışdır. Halbuki, cəmiyyət sudan sayğacdan kənar istifadə etməmişdir. Abşeron Rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən 04 noyabr 2020-ci il tarixdə keçirilmiş yoxlamadan, həmçinin yoxlama zamanı tərtib edilmiş 7128 saylı cərimə aktından məlumatları olmamışdır. Xüsusilə də, Abşeron Rayon Sukanal İdarəsinin nümayəndələri yoxlama keçirən vaxt cəmiyyətin nümayəndəsi həmin yoxlamada iştirak etməmişdir. Göründüyü kimi, Abşeron Rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən baxış keçirilərkən cəmiyyətin nümayəndəsinin iştirakı təmin edilməmiş, xüsusilə də yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmadığına görə həmin yoxlamanın hüquqi qüvvəsi yoxdur. Ona görə də Abşeron Rayon Sukanal İdarəsi tərəfindən əsassız olaraq iddiaçıya hesablanmış 4104 manat məbləğ silinməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuriyeva iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus əraziyə baxış keçirilən zaman sudan qanunsuz istifadə olunduğu aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yoxlama keçirilərkən iddiaçının nümayəndəsi Süleyman adlı şəxs orada iştirak etmiş, lakin səlahiyyətlərini təsdiq edən sənəd təqdim etməməsinə baxmayaraq özünü oranın əməkdaşı kimi təqdim etmiş, aktın surətini almaqdan və aktı imzalamaqdan imtina etmişdir. Aktdan iddiaçının gec xəbər tutması barədə deyilənlər həqiqəti əks etdirmir. İddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən tərtib edilmiş 007128 saylı, 04.11.2020-ci il tarixli akta əsasən həmin tarixdə iddiaçıya məxsus su xəttinə baxış keçirilən zaman məlum olmuşdur ki, sudan diametri 20 mm olan boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni istifadə olunur. Həmin akt cavabdehlərin əməkdaşları V.Tumasov və S.Əmiraslanov tərəfindən imzalanmış, obyektin nümayəndəsi Süleyman adlı şəxsin imzalamaqdan imtina etdiyi göstərilmişdir. - Cavabdehin iddiaçıya ünvanladığı 02.04.2021-ci il tarixli 06/1-AİŞ-433 nömrəli məktubundan məlum olur ki, 132081 abonent kodlu iddiaçıya 04.11.2020-ci il tarixində sayğacdan kənar istifadəyə görə tərtib edilmiş 7128 nömrəli cərimə aktına əsasən 4104 manat dəymiş ziyan hesablanmışdır. Sözügedən borc, qanunsuz istifadəyə görə tərtib olunmuş fakturanın sistemdə hesablarında olan 67.6 manat kreditor məbləği çıxıldıqdan sonra qalan 4036.4 manatlıq hissəsidir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 04.11.2020-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Bakı-Sumqayıt yolu ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan D=20 mm-lik boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair 007128 saylı aktı tərtib edilmişdir. Həmin aktdan görünür ki, obyektin nümayəndəsi aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş 007128 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının nümayəndəsinin iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş 04.11.2020-ci il tarixli 007128 saylı akta əsasən iddiaçıya hesablanmış 4104 manat məbləğində borc silinməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC-yə 007128 saylı, 04.11.2020-ci il tarixli akta əsasən hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2111/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2111/2021
11.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver