Məhkəmə qərarları › İş №e-2-2(113)-2123/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2123/2021

02.06.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2123/2021 02.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh «Cavabdeh” ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 132331 nömrəli abonent koduna hesablanmış 4104 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 01.01.2016-cı il tarixdə iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında olan yaşayış binasının su təchizatına dair 132331 nömrəli abonent müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən ərazide tikinti işləri yeni başlamış ve təxminən 2018-ci ilin ortalarına kimi davam etmişdir. 2018-ci ilin ortalarında bina cavabdeh tərəfinden tam şəkilde su ile təchiz edilmiş, binanın giriş xəttinə ümumi sayğac qoyulmuş, ümumi sayğacdan keçən xətt binanın yeraltı su anbarına daxil olmuş, anbardan isə binaya ümumi xətt çəkilmiş, həmin xətdən ayrı-ayrı menzillərə su xətləri çəkilərək sayğaclanmışdır. Binanın su ile təchiz olunması zamanı su anbarından binaya gedən xəttin üzərindən bir kiçik ölçü xətt ayrılaraq binanın həyətində olan kiçik ayaqyolu su ilə təchiz edilmişdir. Xətt çəkilərkən həmin ayaqyolu işlək olmamış, ayaqyolu təxminen 2018ci ilin sonunda təmir edilərək, binanın 2-3 nəfərdən ibarət nəzarətçilərinin istifadəsinə verilmiş, bina tam şəkilde su ile təchiz edildikdən sonra 01.01.2016-cı il tarixli 132331 nömrəli müqavilə ilə onlara ayrılmış kiçik su xətti ləğv edilmiş, həmin sayğac üzrə hesablaşma aparılmış ve sayğac cavabdehin əməkdaşları tərəfindən götürülmüşdür. Belə ki, 03.08.2018-ci il tarixdə sayğac götürülərkən onun üzərindəki son göstərici 682 olmuş, həmin göstərici üzrə yaranmış bütün borc mütəmadi ödənilmiş ve qeyd olunan tarixə heç bir borcları olmamış, əksinə 4 manat məbləğində artıq ödəmələri olmuşdur. Buna dair aralarında üzləşmə aktı da tərtib olunmuşdur. Ərazidə tikinti işləri yekunlaşdığından 2018ci ilin avqust ayından sonra şirkətin həmin ünvanda 2-3 işçisi saxlanmış ve suya ciddi təlabat olmamışdır. 2018-ci ilin sentyabr ayından isə binada yaşayan sakinlər üçün sayğaclar qurulmuş ve binaya su verilmişdir. Həmin mübahisəli xətt şirkətimizə məxsus anbardan binaya gedən ümumi xəttin üzərində olmuşdur. 25 fevral 2019-cu il tarixdə ünvandakı su xətlərinə baxış keçirilərkən guya sayğacın sökülərək sudan D-20 mm-lik boru vasitəsilə qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur. Halbuki sayğac aşkar edilən xətt üzərində deyil, 2018-ci ilin 03 avqust tarixində cavabdehin özü tərəfindən ləğv edilən xətt üzərində olmuşdur. Akt üzrə mübahisələndirilən xətt isə qeyri-qanuni olmamış, çünki cavabdehin yerləşdirdiyi ümumi sayğacdan sonra, binanın anbarından gələn xəttin üzərindən götürülmüşdür. Cavabdehin nümayəndələri ümumi sayğaca baxış keçirməklə abonentlər üzrə dövriyyəni həmin sayğacın göstəricisindən çıxaraq fərqi müəyyənləşdirə bilərdilər. Hazırki vəziyyətdə isə aktda qeyd olunmuş 2052 m/3 su miqdarı tamamilə uyğunsuz hesablanma olmuşdur. Həmin akt tərtib olunarkən orada onların səlahiyyətli nümayəndəsi dəvət olunmamış və akt onlar tərəfindən imzalanmamışdır. Akt barəsində şirkətə sonradan məlumat verilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Nuhov iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus əraziyə baxış keçirilən zaman sayğacın söküldüyü və sudan qanunsuz istifadə olunduğu aşkar edilmiş, bu barədə 25.09.2019-cu il tarixdə akt tərtib edilmişdir. Kənar xətt kəsilərək ləğv edilmişdir. Yoxlama keçirilərkən foto və ya videoçəkiliş aparılmamışdır. İddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdehin 25 fevral 2019-cu il tarixli MXD 09333 nömrəli inventar aktından məlum olur ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 481 ünvanında yerləşən obyektə baxış keçirilmiş və ünvanda baxış keçirilən zaman müəyyən olunmuşdur ki, sayğac sökülüb, sudan D=20 mm-lik boru vasitəsi ilə qeyri-qanuni istifadə olunur. Aktda obyektin nümayəndəsi Əfsalam Əliyevin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. - Cavabdehin 26.02.2019-cu il tarixli 132331 nömrəli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına dair müqavilədən məlum olur ki, ünvan 2 ünvanında yerləşən iddiaçı 2052 m/3 miqdarında, 4104 manat dəyərində sudan qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Əlavə sərfiyyat “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən hesablanmışdır. Dəymiş ziyan məbləğinin abonent tərəfindən ödənilməsi məcburidir. - İddiaçı cavabdehə pretenziya məktubu ünvanlayaraq 25 fevral 2019-cu il tarixli MXD-09333 nömrəli aktın ləğv olunması və xətt üzrə istifadə olunmuş suyun düzgün hesablanaraq onlardan tutulmasına göstəriş vermələrini xahiş etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25.02.2019-cu il tarixdə cavabdehin əməkdaşları tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 481 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan istifadə məqsədi ilə kənar xətt aşkarlanmasında dair MXD-09333 saylı inventar aktı tərtib edilmişdir. Həmin akt əsasında tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən iddiaçıya 2052 m3 su sərfiyyatına görə 4104 manat məbləğində borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-09333 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının nümayəndəsinin iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4104 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən tərtib olunmuş 25.02.2019-cu il tarixli MXD-09333 saylı inventar aktına və qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən iddiaçıya hesablanmış 4104 manat məbləğində borc silinməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MTK-ya əsassız olaraq hesablanmış 4104 (dörd min yüz dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı MTK-ya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar