Məhkəmə qərarları › İş №e-2-2(113)-228/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-228/2020

10.03.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-228/2020 10.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Hüseynov Xəqani Füzuli oğlunun katibliyi, iddiaçının nümayəndəsi Məmmədov Zamin Əli oğlunun, cavabdehin nümayəndəsi Bağırov Seymur Ədalət oğlunun iştirakı ilə, Abdullayeva Dilşad Kərim qızının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hüseynov Sənan Rasim oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin tərtib etdiyi 09 sentyabr 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv edilməsi, həmin akt əsasında “Kaktus” restoranının üzərinə qoyulmuş 2196 manat borcun silinməsi, vəkillə müqavilə bağlanması üçün ödənilmiş 160 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Məmmədov Zamin Əli oğlu əsl olmayan iddiaçının əsl iddiaçı Abdullayeva Dilşad Kərim qızı ilə əvəz olunması barədə vəsatət vermiş, vəsatət təmin olunaraq Hüseynov Sənan Rasim oğlu əsl iddiaçı Abdullayeva Dilşad Kərim qızı ilə əvəz edilmişdir. İddiaçı D.K.Abdullayeva iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin tərtib etdiyi 09 sentyabr 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv edilməsi, də həmin akt əsasında onun üzərinə qoyulmuş 2196 manat borcun silinməsi, vəkillə müqavilə bağlanması üçün ödənilmiş 160 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın, Cavabdeh ASC-nin tərtib etdiyi 09 sentyabr 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv olunması hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə 3 halda işin icraatına xitam verilə bilər: 1) İş məhkəməyə aid olsa da, mülki məhkəmə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xəta) baxılmalı olduqda; 2) İş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; 3) İş ümumiyyətlə şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki məhkəmə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Aktdan görünür ki, həmin akt iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir və bu akt iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş akt, öz-özlüyündə, iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir, çünki həmin akt iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Mübahisəli akt əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunarsa, iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz gedə bilər. Buna müvafıq olaraq, iddiaçı məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir, çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələlərdir. Aktın tərtib edilməsinə baxmayaraq, məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz gedə bilər. İşdən görünür ki, iddiaçı barəsində yalnız akt qəbul edilmiş, bundan sonra ona cərimə hesablanmışdır və deməli bu akt, öz-özlüyündə, onun hər hansı hüququna müdaxilə etmir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfındən tərtib edilmiş akt iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozulması nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz, çünki şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müyyən olunsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abdullayeva Dilşad Kərim qızının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iş üzrə icraata “09 sentyabr 2019-cu il tarixli, MXD-11219 saylı aktın ləğv edilməsi” hissəsində xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar