Məhkəmə qərarları › İş №e-2-2(113)-2293/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2293/2025

02.05.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2293/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nə qarşı borcun silinməsi və pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 cavabdeh İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hesablanmış 1.643 manat borcun silinməsi və sayğaca ödədiyi puldan tutulan 553 (beş yüz əlli üç) manat pulun kart hesabına geri qaytarılması və dövlət rüsumu kimi ödənilmiş 41,96 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “ünvan 1 ünvanında yerləşən, sahəsi 2937.40 kv.m olan “Sofiya” şadlıq sarayı vardır. Obyektin ehtiyat su anbarına su doldurmaq üçün istifadə olunan su xətti kifayət etmədiyindən 2024- cü ilin sentyabr ayının sonlarından etibarən şadlıq sarayının yanında yerləşən obyektin sahibi X1 icazəsi ilə onun obyektinin su xəttindən istifadə etməklə şadlıq sarayının ehtiyat su anbarına su doldururuq. Belə ki, Paşayev Adil ona məxsus olan obyektin açarını bizə vermişdir. Biz də hər dəfə onun obyektinin su sayğacının hesabına pul ödəyərək obyektə gələn sudan rezin boru vasitəsilə şadlıq sarayının ehtiyat su anbarının doldurulması üçün istifadə edirik. Həmin obyektin su sayğacının hesabına ödədəyimiz pulların qəbzləri və sudan qanuni istifadə etdiyimizə dair video görüntü də mövcuddur və məhkəmə prosesi zamanı onları təqdim edəcəyik. 06 dekabr 2024-cü il tarixdə özünü “İri şəhərlərin birləşmiş su təchizatı xidməti“ X3 əməkdaşı kimi təqdim şəxs şadlıq sarayının əməkdaşlarına sudan qanunsuz istifadə edildiyini bildirərək cərimə yazıldığını deyib getdilər. Bacım oğlu Məmmədov Elgin həmin qurumun qaynar xətti ilə əlaqə saxlayaraq cərimənin əsassız yazıldığını bildirərək, yenidən yoxlamanın şadlıq sarayına gəlməsini tələb etdi. Nəsimi rayon Sukanal İdarəsindən Nicat və Elbəy adlı iki şəxs şadlıq sarayına gəldilər. Onlar həm şadlıq sarayının, həm də suyundan istifadə etdiyimiz obyektin su sayğacına baxış keçirib video-görüntülər çəkdilər. Yoxlamanın əməkdaşları burada hər hansı bir sudan qanunsuz istifadə olunmadığını bildirdilər və idarə rəisləri ilə əlaqə saxladılar. Lakin idarə rəisi bu videogörüntülərin deyil, birinci video-görüntünün əsas hesab olunduğunu bildirdi. Elgin Nəsimi rayon Sukanal İdarəsinə yaxınlaşıb şöbə rəisi və şöbə rəisinin müavininin qəbulunda oldu və bu məsələni bildirdi. Onlar Elgini dinləsələr də, cərimənin yazılacağını bildirdilər. Elginə sudan qeyri-qanuni istifadə edilməsinə dair tərtib olunmuş 603127 nömrəli aktın surətini verdilər və 2196 (iki min yüz doxsan altı) manat cərimə yazıldığını dedilər. Hal-hazırda mənim sudan istifadə etmək üçün karta etdiyim hər ödənişdən 70 faiz məbləğində həmin cəriməyə görə pul tutulur. Həmçinin bildirmək istəyirəm ki, su sayğacı Qasımova Kəmalə adlı şəxsin adına olduğundan cərimə də ona yazılmışdır. Lakin biz həmin şəxsi tanımırıq və onunla heç bir əlaqəmiz yoxdur. Sadəcə şadlıq sarayını özəlləşdirdikdən sonra sayğacı öz adıma keçirməyə imkan tapmamışam. Hal-hazırda isə sayğacı öz adıma keçirmək istəsəm də, Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları yalnız borc ödənildikdən sonra bunu edə biləcəklərini bildirdilər. Ancaq faktiki olaraq şadlıq sarayı mənim mülkiyyətimdə və istifadəmdədir, həmçinin yazılan cəriməyə görə mənə ziyan dəyir. Mən sudan qeyri-qanuni istifadə edilməsi səbəbilə yazılan cərimənin qanunsuz olduğunu hesab edirəm. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı tərəfindən həmin hal ətraflı araşdırılmamış, təkcə rezin borunun şəkil və video-görüntüləri çəkilərək sudan qeyriqanuni istifadə olunması qənaətinə gəlinmişdir. Eyni zamanda həmin vaxt hər hansı akt tərtib olunmamış, yalnız Elgin Nəsimi rayon Sukanal İdarəsinə yaxınlaşdıqdan sonra orada akt tərtib olunmuşdur. Həmçinin Elginin tələbi ilə gələn Nəsimi rayon Sukanal İdarəsinin 2 əməkdaşı hər iki obyektə baxış keçirib sudan qeyri-qanun istfadə olunmadığını bildirsələr də, idarə rəisi onlarla razılaşmamış və cərimənin yazılacağını bildirmişdir.”.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı2 oğlu iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir.

9. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

10. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

11. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.

13. İş materiallarına əlavə olunmuş 603127 saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 ünvan 2 ünvanında yerləşən obyektə baxış zamanı obyektin ehtiyyat su anbarına mənbəyi məlum olmayan xətdən rezin boru vasitəsilə sul doldurulması, həmin suyun obyektin sayğacından keçməməsi aşkar olunmuşdur.

14. İş materiallarında olan qanunsuz istifadə haqqının ödənişi fakturasından görünür ki, xx.xx.2024-cü il tarixli 603127 saylı akta əsasən 058986 saylı abunə koduna 2.196 manat məbləğində borc hesablanmışdır.

15. İş materiallarında olan ünvan 3 ünvanı üzrə 058986 saylı abonent kodu üzrə Abonent Saldosundan görünür ki, akta əsasən hesablanmış puldan 553 manat ödənilmiş və 1.643 manat məbləğində borcu qalmışdır.

16. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır.

17. Məhkəmə qeyd edir ki, iddiaçının qaytarılmasını və silinməsini tələb etdiyi pul məbləği abonent saldosundan da görünür ki, akta əsasən hesablanmış olan məbləğdir. Ona görə də, qeyd olunan aktın nəticəsinin hüquqi qüvvəsinin olub-olmaması müəyyən edilməlidir.

18. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

19. Qeyd edilmiş aktın vahid məlumat reyestrində qeydə alınmadığını məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi də, bildirmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

21. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf akta əsasən hesablanmış 2.196 manat borcdan 553 manat ödəniş etdiyindən, qeyd edilmiş məbləğdə pul cavabdeh tərəfindən qaytarılmalı, hazırda da, akta əsasən hesablanmış olan borcdan qalan 1.643 manat məbləğində borc da, silinməlidir.

22. Bundan başqa məhkəmə hesabe dir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41,96 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X5 tərəfindən İddiaçı2 məxsus 058986 saylı abunə kodu üzrə hesablanmış 1.643 (bir min altı yüz qırx üç) manat məbləğində borc silinsin. İddiaçı2 tərəfindən ödənilmiş 553 (beş yüz əlli üç) manat məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X5 tərəfindən İddiaçı2 məxsus 058986 saylı abunə kodu üzrə kart hesabına geri qaytarılsın. Dövlət rüsumunun əvəzi olaraq 41 (qırx bir) manat, 96 (doxsan altı) qəpik məbləğində pul “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2 alınaraq İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar