Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2332/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 sentybar 2020-ci il tarixli 007206 saylı akta əsasən hesablanmış 4307,9 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən obyektdə avtoyuyucu fəaliyyəti ilə məşğuldur. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 01 sentyabr 2020-ci il tarixdə qanunsuz və əsassız olaraq 054577 kodlu abonentə 007206 nömrəli cərimə aktı tərtib edilmiş və aktda iddiaçının sudan qanunsuz istifadə etməsi qeyd olunmuşdur. Lakin belə bir hal nə həmin zaman, nə də hal – hazırda mövcud deyildir və olmamışdır. Belə ki, hətta həmin akt tərtib olunarkən oan məlumat verilməmişdir. Sadəcə olaraq, iddiaçı Cavabdeh ASCyə ünvanladığı 11 fevral 2020-ci il tarixli A-41 saylı ərizədən sonra ona bu barədə 16 fevral 2021-ci il tarixli EH-0211- 128 nömrəli cavabla məlumat verilmişdir. Bu məlumatda ona məxsus 054577 kodlu avtoyuyucuya 01 sentyabr 2020-ci il tarixdə sudan qanunsuz istifadəyə görə 007206 nömrəli cərimə aktının tərtib olunması və həmin müəssisənin hal-hazırda 4307,9 manat borcu olduğu bildirilmişdir. Cavabdeh ASCnin əməkdaşları tərəfindən şifahi olaraq bildirilmişdir ki, yuyucuya kənardan qoşulma var və buna görə cərimə yazılmışdır. Həmin akt qanunsuz olaraq yazılmışdır və buna görədə ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 01 sentyabr 2020-ci il tarixdə İddiaçı məxsus obyektə baxış keçirilərkən qanunsuz qoşulma aşkar olunmuş və bu barədə müvafiq akt tərtib olunaraq zərər hesablanmışdır. İş materiallarında olan: - Cavabdeh ASC-nin 007206 saylı 01.09.2021-ci il tarixli aktına əsasən ünvana baxış keçirildiyi və yoxlama zamanı sayğacın klapanının bağlı vəziyyətdə olduğu, sayğacdan əlavə olaraq d=20 mm-lik rezin şlanq vasitəsi ilə qeyri-qanuni istifadə edilməsi aşkarlanmışdır. - Cavabdeh ASC-nin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 2052 kub.m. miqdarında 4104 manat dəyərində içməli su və tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurulmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə aktın əsaslı olmasını təsdiq edən heç bir sübut təqdim olunmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçıya cərimə aktı ilə 4307,9 manat deyil 4104 manat borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən məhkəməyə aktın əsaslı olduğunu təsdiq edən hər hansı bir sübut təqdim olunmadığına görə və aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli və iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi barədə iddiası qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 4104 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2332/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2332/2021
10.08.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver