Məhkəmə qərarları › İş №e-2-2(113)-2472/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2472/2024

21.06.2024 · Sair işlər - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2472/2024 21.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi və iddiaçının daimi istifadəsinə verilmiş torpaq sahəsində cavabdehin inşa etdiyi sahəsi 80 kv.m olan özbaşına tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı MMC-nin ümumiyyətlə iddianı qaldırmağa hüququnun olmadığını, iddianın əsassız olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 177.80 kv. m qeyri-yaşayış sahəsi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi 2 C ünvanında yerləşən 687.8 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanında yerləşən Əmlak Kompeksi kimi müəssisənin xx.xx.2016-cı il tarixdə texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilmişdir ki, əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2004-cü il tarixli 007619 saylı texniki pasport tərtib edilərkən İddiaçı MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə sənədlər tam (yəni dəyişiklik edilmiş ayrıc aktı, Barışıq sazişi və Arbitraj Məhkəməsinin qərardadı) təqdim edilməmiş nəticədə texniki pasport səhv tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı MMC-yə (keçmiş “Polimer” Kooperativinə) verilmiş 007619 saylı texniki pasport ləğv edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 03 iyun 2019-cu il tarixli, **********78 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Arbitraj Məhkəməsinin xx.xx.1994-cü il tarixli qərardadı və həmin qərardadla təsdiq edilmiş xx.xx.1994-cü il tarixli qarşılıqlı barışıq sazişi təqdim edilmədiyindən Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən xx.xx.2004-cü il tarixli 007619 inventar nömrəli texniki pasport xx.xx.2010-cu il tarixində akt tərtib edilərək ləğv edilmiş və bu barədə İddiaçı MMC-yə xx.xx.2010-cu il tarixində bildiriş məktubu göndərilmişdir. Həmçinin xx.xx.2004-cü il tarixli 007619 inventar nömrəli texniki pasport əsasında tərtib edilmiş xx.xx.2016-cı il tarixli 11/907 inventar nömrəli yeni texniki pasport eyni səbəbdən ləğv edilmiş və bu barədə İddiaçı MMC-yə bir neçə dəfə bildiriş göndərilmişdir. İddiaçı MMC tərəfindən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək, Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi 2 C ünvanında yerləşən əmlak kompleksi kassasiya instansiya məhkəməsi müəssisə üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun qeydə alınması barədə MMC-nin adına verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərkib hissəsi olan xx.xx.2016-cı il tarixli texniki pasportun bərpa edilməsini xahiş etmişdir. Odur ki, həmin işə baxılıb qurtaranadək Bakı Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İşin hallarından da məlum olduğu kimi İddiaçı MMC tərəfindən irəli sürülmüş tələb məhz mülkiyyətində olan əmlak kompleksinin yerləşdiyi və daimi istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş 80 kv.m olan özbaşına tikilinin sökülməsi ilə bağlıdır. İddiaçı Bakı şəhəri, Nizami rayonu, 2-ci Köndələn küçəsi 2 C ünvanında yerləşən 687.8 kv.m sahəsi olan əmlak kompleksinin onun mülkiyyətində olması ilə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş texniki pasportu məhkəməyə təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 iyun 2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli 11/907 inventar nömrəli yeni texniki pasport ləğv edilmişdir. Sözügedən texniki pasportun bərpası ilə bağlı isə iddiaçı tərəfindən hazırda Bakı inzibati Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblə bağlı müvafiq təsdiqedici sənədlərin məhkəməyə təqdim edilməməsi və tələbin kifayət qədər əsaslandırılmaması səbəbindən iddia ərizəsi AR MPM-in 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan əlavə həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanunun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı MMC tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar