Məhkəmə qərarları › İş №e-2-2(113)-253/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-253/2020

10.06.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-253/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X3 cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə “xxxx” ASC tərəfindən hesablanmış 126.456,29 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (market) sayğac quraşdırılmışdır. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə MMC-yə 126.456,29 manat borc hesablanmışdır. Həmin borcun hansı əsaslarla hesablanmasını müəyyənləşdirmək üçün cavabdeh orqana müraciət etdikdə, cavabdeh orqanın əməkdaşları tərəfindən sayğacın çıxarılıb dəyişdirildiyi və köhnə sayğacda müdaxilə olunduğuna görə həmin borcun hesablandığı bildirilmişdir. Qeyd etmişdir ki, həmin sayğac qeyri-yaşayış sahəsinin çölündə yerləşdiyindən çıxarılıb yeni sayğac qoyulduğu və bununla bağlı hər hansı hərəkətlərin cavabdeh tərəfindən aparıldığı, həmçinin həmin sayğaca kim tərəfindən və nə zaman müdaxilə olunduğu barədə heç bir məlumatları yoxdur. Buna görə də həmin əsaslarla hesablanmış borclar tamamilə əsassızdır. Ona görə hesablanmış borc silinməlidir. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda iddiaçı ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana qədər Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə işığın verilməsinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(81)- 1525/2019 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb həll edilənədək Bakı şəhəri, Nərimanov rayonu, 851-852-ci məhəllə, Həsənoğlu küçəsi, 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinə işığın verilməsinin dayandırılması cavabdeh “xxxx” ASC-yə qadağan olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” ASC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 094850 saylı (abonent kodu 06/40-458) Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqavilənin: - 7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu müqavilə ilə müəyyənləşdirilmiş elektrik enerjisinin göstəricilərinə uyğun olaraq abonenti elektrik enerjisi ilə təchiz edir. -10-cu bəndinə əsasən elekrtik enerjisinə görə hesablaşmalar istehlakçı qrupu üçün müəyyən edilmiş 1 k Vts aktiv elektrik enerjisi 0,07627 manat +(ƏDV) +0,09 manat tarif üzrə aparılır. - 11-ci bəndinə əsasən elektrik enerjisnə görə hesablaşma dövrü 1 ay qəbul olunur. - X5 (icarəyə verən) ilə “xxxx” MMC (icarədar) arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsi icarədarın icarəsinə verilmişdir. Həmin müqavilənin 2.2.4-cü maddəsinə görə icarədar kommunal xidmət xərclərini, o cümlədən elektrik enerjisindən, sudan kanalizasiyadan istifadə xərclərini və s. ödəməyi öhdəsinə götürmüşdür. - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********848600 saylı Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “xxxx” MMC-nin adı dəyişdirilmiş, qurumun hazırkı adı İddiaçı MMC-dir. xx.xx.2019-cu il tarixli, NQD 006802 saylı aktdan görünür ki, ünvan 4 ünvanında istehlakçıya məxsus obyektdə (abonent kodu 06/40-458) EEİQ-yə uyğun sayğaca baxış keçirilən zaman sayğacın üzərinə xüsusi aparat qoyulması aşkarlanmışdır. Aktda həmçinin qeyd edilmişdir ki, Qoyulmuş cihaz xüsusi ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaradır və sayğac dövrdən keçən yükü qeyd etmir. Sayğacın yenisi ilə əvəz edilməsi tələb edilmişdir. “xxxx” ASC-nin aktlar üzrə komissiyanın üzvləri Qasımov Pərviz, İsgəndərov Vaqif, Hacıyeva Validə, Binnətov Vasif və Məmmədov Rza tərəfindən tərtib edilmiş (06/40-458 saylı abonent Ruslan Vəliyev ilə bağlı) xx xxxxxx 2019-cu il tarixli icra vərəqi – texniki sahə üzrə tələbdən görünür ki, yoxlama zamanı sayğacın üzərinə xüsusi aparat qoyulduğu məlum olmuşdur. Qoyulmuş xüsusi aparat ötürdüyü tezliklər nəticəsində sayğacın işləməsinə maneələr yaradır və sayğac dövrdən keçən yükü qeyd etmir. Nərimanov RETSİ-nin arayışını nəzərə alaraq, hesabat verilmişdir. Sayğac yenisi ilə əvəz edilmişdir. 06/40-458 nömrəli abunə haqqında məlumatdan görünür ki, abonentə xx xxxxxx 2019-cu il tarixdə X1 Qaydayalarının pozulmasına görə NDQ 006802 saylı akta əsasən iddiaçıya 124.200,00 manat məbləğində borc hesablanmışdır. “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, EBAD seriyalı, 119525 elektron qaiməyə əsasən NDQ 006802 nömrəli EEİQ pozulması barədə akta əsasən hesablanmış 124.200 manat məbləğində borcun ödənilməsi İddiaçı MMC-dən tələb etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Cavabdeh ASC-də Satışa nəzarət idarəsində mühəndis vəzifəsində işləyir. 218 saylı yarımstansiyadan qidalanan ünvan 3 ünvanında yerləşən MTK-da elektrik enerjisində itki aşkar olunduğundan, orada baxış keçirmək istəmişlər. Həmin MTK-nın trasnformatoru binanın zirzəmisində yerləşir. Ora yaxınlaşandan sonra transformator məntəqəsinə daxil ola bilməmişlər. Zirzəmidə gözləmişlər. Yarımsaatdan sonra bir nəfər yaxınlaşmış, özünü mühafizəçi kimi təqdim etmişdir. Tranformator məntəqəsinə daxil olmaq üçün o sahənin nəzarətçi mühəndisinə zəng vurmuşlar. Trasformator yerləşdiyi məntəqə MTK-nın balansındadır və qapısı iki qıfıl ilə bağlanmışdır. Daha sonra arxa qapıdan bir oğlan yaxınlaşmış və qapını açmışdır. Cavabdeh ASC-nin əməkdaşları transformator məntəqəsinə daxil olmuşlar. Birinci bölmədə olan iddiaçının icarəsində olan qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) aid sayğacın üzərində yad cihaz aşkar olunmuşdur. Baxış keçirdikdən sonra müəyyən olunmuşdur ki, sayğacın yaddaş bloku pozulub. Həmin görüntü də lentə alınmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin icarəsində olan ünvan 4ndə yerləşən qeyri-yaşayış sahəsində (abonent kodu 06/40-458) “Elektrik enerjisi uçotu və X1 Qaydaları”na riayət edilməsi yoxlanılmış, bu məqsədlə transformator məntəqəsində yerləşən sayğaca baxış keçirilərək aşkar edilmişdir ki, sayğacın üzərinə onun işləməsinə maneə yaradan və sayğacın dövrədən keçən yükü qeyd etməməsinə səbəb olan xüsusi aparat quraşdırılmışdır. “xxxx” ASC-nin Akt Komissiyası tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli icra vərəqinə əsasən Nərimanov RETSİ-nin arayışı nəzərə alınaraq, abonentə 1.380.000 kvts elektrik enerjisinin dəyərində əlavə sərfiyyat hesablanmışdır. Göstərilən sənədlərin əsasında abonentə 1.380.000 kvts sərfiyyata görə 124.200 manat borc hesablanmışdır. Məhkəmə iddia tələbinin əsaslılığı məsələsinə hüquqi qiymət verməmişdən əvvəl iddiaçının göstərilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmaması məsələsinə münasibət bildirilməsini zəruri sayır. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli borc məbləğinin yarandığı dövrdə borcun aid olduğu qeyri-yaşayış sahəsinə dair abonent kodu İddiaçı MMC-nin deyil, fiziki şəxs Ruslan Vəliyevin adına qeydiyyata alınmışdır. Mübahisəli qeyri-yaşayış sahəsinə dair elektrik enerjisinin alqı-satqısı ilə bağlı iddiaçı ilə cavabdeh arasında müqavilə yalnız hazırkı işə məhkəmədə baxılarkən bağlanmış və abonent kodu MMC-nin adına keçirilmişdir. Digər tərəfdən işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli borc məbləğlərinin hesablandığı dövrdə (2019-cu il) qeyri-yaşayış sahəsi iddiaçının icarəsində olmuş, bundan əlavə qeyri-yaşayış sahəsinin mülkiyyətçi ilə iddiaçı arasında bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən istifadə edilmiş elektrik enerjisinin haqqı ödəməsini iddiaçı öz üzərinə götürmüşdür. İş materiallarından həmçinin müəyyən edilir ki, “xxxx” ASC tərəfindən mübahisəli borc məbləği ilə bağlı elektron qaimələr də İddiaçı MMC-nin adına tərtib edilmiş, yəni abunə kodu başqa şəxsin adına olmasına baxmayaraq həmin borcun ödənilməsi İddiaçı MMC-dən tələb edilmişdir. İşin yuxarıda göstərilən hallarını - mübahisəli borc məbləğinin qeyri-yaşayış sahəsinin İddiaçı MMC-nin icarəsində olduğu, yəni MMC-nin elektrik enerjisindən faktiki istifadə etdiyi dövr üçün hesablandığını, cavabdeh tərəfindən həmin məbləğin ödənilməsinin məhz MMC-dən tələb edildiyini, eyni zamanda hazırda tərəflər arasında həmin qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilişi və alqı-satqısı ilə bağlı müqavilə münasibətlərinin mövcud olduğunu - nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən mübahisəli borcun hesablanması İddiaçı MMC-nin hüquq və qanuni maraqlarına toxunur və belə olan halda iddiaçı həmin borcu mübahisələndirməyə dair subyektiv hüququna malikdir. İddianın əsaslılığı ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləğinin 124.200 manat hissəsi elektrik enerjisi sayğacının zədələnməsi (onun üzərinə xüsusi cihaz qoyulması) ilə əlaqədar sayğacın qeydə alınmadığı elektrik enerjisinə görə enerjitəchizat müəssisəsinə dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Göstərilən bəndin məzmunundan göründüyü kimi cavabdeh “xxxx” ASC-nin hesablaşma uçot cihazın zədələnməsi ilə əlaqədar yenidən hesablaşma aparmaq hüququna malik olub-olmamasını müəyyən etmək üçün məhkəmə ilk növbədə sayğacın zədələnməsində istehlakçının təqsirinin olub-olmaması məsələsinə münasibət bildirməlidir. Hazırkı işin mübahisəedilməyən hallarından isə görünür ki, elektrik enerjisi sayğacı enerjitəchizat müəssisəsinin balansında olmayan (MTK-nın balansında olan) transformator məntəqəsində quraşdırılmış, transformator məntəqəsi açarla bağlı olmuşdur. Belə olan halda isə enerjitəchizat müəssisəsi həmin sayğacın işlək vəziyyətdə saxlanmasına nəzarəti həyata keçirilməsinə dair real imkana malik olmamış, yəni bu nəzarəti həyata keçirmək vəzifəsini istehlakçı daşımışdır. Digər tərəfdən işin hallarından görünür ki, qeyd edilən transformator məntəqəsində bir neçə elektrik enerjisi sayğacı quraşdırılsa da, məhz iddiaçının icarəsində olan qeyriyaşayış sahəsinə aid sayğacın üzərində sərfiyyatın düzgün qeydə alınmasına maneələr yaradan cihaz quraşdırılmışdır. İddiaçının belə bir cihazın quraşdırılmasında yeganə maraqlı şəxs olduğunu nəzərə alsaq, iddiaçının cihazın quraşdırılmasından məlumatlı olmaması barədə dəlilləri inandırıcı görünmür. Belə olan halda məhkəmə hesab edir ki, elektrik enerjisi sayğacının zədələnməsi istehlakçının təqsirindən baş verdiyindən iddiaçı “xxxx” ASC “X1 Qaydaları”nın 8.17-ci bəndinə görə sayğacın qoşulma sxeminin yoxlanması tarixindən başlayaraq yenidən hesablaşma aparmaqda haqlı olmuşdur. Yenidən hesablaşmanın məbləğinə münasibətdə isə məhkəmə əvvəla qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi yenidən hesablaşmanın sayğacın sonuncu qoşulma sxeminin yoxlanması tarixdən pozuntu aşkar edildiyi tarixədək - 10 aylıq müddət üçün aparıldığını bildirmiş, lakin elektrik enerjisi sayğacının zədələnməsi nəticəsində 10 aylıq müddət üçün qeydə alınmamış elektrik enerjisinin dəyərinin məhz 124.200 manat məbləğində olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eləcə də göstərilən hal məhkəmə iclasında tədqiq olunan sübutlarla da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, pozuntu aşkar edildiyi aydan əvvəlki 5 ay ərzində (2019-cu ilin iyun-oktyabr ayları) mübahisəli qeyri-yaşayış sahəsində orta aylıq sərfiyyat 3000 manat (iyun ayı - 3027,6; iyul ayı -3157,2; avqust ayı - 3.106,80; sentyabr ayı – 2869; oktyabr ayı -2718) manat məbləğində olduğu halda pozuntu aradan qaldırıldıqdan sonrakı 5 ay ərzində (2020-cu ilin yanvar-may ayı) orta aylıq sərfiyyat 3500 manat (yanvar ayı - 3380,4; fevral ayı -3693,6; mart ayı -3326,4; aprel ayı – 3726 və may ayı 3420) dəyərində olmuşdur. Beləliklə, sayğacın zədələnməsi aradan qaldırıldıqdan və yeni sayğac quraşdırıldıqdan sonra qeyri-yaşayış sahəsində sayğacın qeydə aldığı elektrik enerji sərfiyyatına görə bir aylıq müddət üçün hesablanan məbləğlər orta hesabla 500 manat artmışdır. Bu halda isə əvvəlki sayğacın 10 aylıq müddət ərzində qeydə almadığı sərfiyyatın 124.200 manat (bir ay üçün 12420 manat) dəyərində olması barədə cavabdehin irəli sürdüyü dəlillər ağlabatan görünmür. Belə olan halda məhkəmə hesab edir ki, yenidən hesablaşma pozuntu aşkar edilməmişdən əvvəl və yeni sayğac quraşdırıldıqdan sonra istehlakçının elektrik enerjisi sərfiyyatları arasında fərq nəzərə alınmaqla aparılmalı və qeyri-yaşayış sahəsində sərfiyyat orta hesabla ayda 500 manat artdığından 10 aylıq müddət üçün 5000 (500x10)manat məbləğində müəyyən edilməlidir. Akta əsasən hesablanmış 124.200 manat borc məbləğinin qalan 119.200 (124.200-5000) manat hissəsi isə silinməlidir. İddiaçının iddia ərizəsində silinməsini tələb etdiyi qalan 2256,29 manat məbləğində borcla bağlı isə məhkəmə qeyd edir ki, abunə haqqında məlumatdan da göründüyü kimi həmin borc mübahisəli qeyri-yaşayış sahəsinə sayğac göstəricilərinə əsasən hesablandığından həmin borcun silinməsi tələbinə dair hissədə iddia tələbi əsassızdır. Belə ki, “X1 Qaydaları”nın 8.2-ci maddəsinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinin tələbinə görə iddia qiyməti 500 manatdan çox olduqda iddia ərizələrindən 30 manat dövlət rüsumu ödənilir. 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq iddia verilməsinə görə qanunda nəzərdə tutulmuş dövlət rüsumunun 25 manat hissəsi cavabdehdən tutulmalıdır. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin icarəsində olan ünvan 4ndə yerləşən qeyriyaşayış sahəsinə (“Neptun” supermarket) “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, NDQ N006802 saylı akta əsasən hesablanmış 119.200 (yüz on doqquz min iki yüz) manat məbləğində borc silinməli, qalan hissədə iddia rədd edilməli, həmçinin iddianın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda ödənilməsi nəzərdə tutulmuş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı MMC-nin icarəsində olan ünvan 4ndə yerləşən qeyri-yaşayış sahəsinə (“Neptun” supermarket) “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, NDQ N006802 saylı akta əsasən hesablanmış 119.200 (yüz on doqquz min iki yüz) manat məbləğində borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddianın verilməsinə görə qanunda nəzərdə tutulmuş 30 manat dövlət rüsumunun 25 manat hissəsi cavabdeh “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar