Məhkəmə qərarları › İş №e-2-2(113)-258/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-258/2021

02.03.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-258/2021 02.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış pulun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 21485,60 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı məxsus Salyan rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmiş. Cavabdeh nümayəndələri tərəfindən 2020-ci ilin mart ayında istixanada quraşdırılmış sayğac çıxardılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac onun iştirakı və məlumatı olmadan yoxlamadan keçirilmiş, guya sayğacda nöqsanlar aşkar edilmişdir. Faktla bağlı xx.xx.2020-ci il tarixli qərar ilə ona 21485,60 manat cərimə hesablanmışdır. O həmin cəriməni qanunsuz və əsassız hesab edir. Ona görə də silinməsini xahiş edir. Sübutları aşağıdakı kimidir. 1. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmiş. Bugünədək heç bir borcu olmayıb. Cavabdeh İB-nin işçiləri hər ay sayğaca baxır (ayda iki dəfə), göstəriciləri götürür və ona hesab faktura təqdim edirlər. Əgər bu aylar ərzində sayğacda hər hansı bir nöqsan olsa idi Cavabdeh işçiləri bu barədə ona məlumat verərdilər. Cavabdeh İB ona 130 gün (xx.xx.2019-xx.xx.2020) cərimə hesablamaqla guya onun sayğacının 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral, mart aylarında işləmədiyini və ya aktda sıraladıqları nöqsanların olduğunu bildirirlər. Onda sual olunur ki, bu 130 gün ərzində Cavabdeh işçiləri ən azı 12 dəfə sayğaca baxış keçirdiblər və nəyə görə həmin nöqsanları görməyiblər (görə bilməzdirlər çünki elə bir nöqsan yox idi). 2. Cavabdeh əməkdaşları tərəfindən “X5”nın tələbləri kobu şəkildə pozulmuşdur. Belə ki, Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdəisə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, Cavabdeh tərəfindən sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsasları ona bildirilməmiş, qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. 3. Qaz sayğacı çıxarılarkən onun iştirakı olmalı, sayğac xüsusi qutuya qoyulub ağzı plomblanmalı, laboratoriyada qutudan onun iştirakı ilə çıxarılmalı və onun iştirakı ilə yoxlamadan keçirilməliydi. Lakin Cavabdeh İB tərəfindən bunların heç birinə əməl olunmayıb, hüquqları kobud şəkildə pozulmuşdur. 4. Dəymiş ziyanın hansı qaydada, hansı normativ hüquqi akta əsasən və necə hesablanması barədə Cavabdeh İB-nin əməkdaşları ona əsaslandırılmış qərar verə bilmədirlər. Onlar dəymiş ziyanı öz daxili qərarlarına əsasən hesabladığını bildirdilər ki, həmin qərar istehlakçılar üçün məcburi xarakter daşıya bilməz. Həmçinin nəyə əsasən 130 gün müddətinə cərimə hesablandığını da əsaslandıra bilməmişdirlər. Həmçinin Cavabdeh İB-nin həmin o daxili qaydalarına əsasən cərimənin hesablandığı günlər üçün istehlakçı tərəfindən ödənilmiş pul həmin cərimədən çıxmalıdır. 5. Cavabdeh tərəfindən cənab prezidentin sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında sərəncamı heçə sayılmış, ona məxsus obyektdə qanunsuz yoxlama aparılmışdır. “X3” 2.10-cu bəndinə əsasən Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu qanunun 3.2, 13-cü, 20.1ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticəsində haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reysteri aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən bu qanunun onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reysterində qeydə alınmadan aparılan yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamalarının vahid məlumat reysterində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Göründüyü kimi cavabdeh təşkilat tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri kobud şəkildə pozulmuşdur. “X3” 5.2-ci bəndinəəsasənQaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesabtəqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında qazın sərfiyyatını əks etdirən mexaniki və elektron göstəricilərində fərq yarandığı üçün abonentin öz razılığı ilə çıxarılmış sayğac laboratoriyaya göndərilmiş və sözügedən laboratoriyada yoxlamanın nəticəsində tərtib edilmiş müvafiq yoxlama aktına əsasən mexaniki göstəricilərdə qeydə alınmayan 21485,60 manat məbləğində artıq sərfiyyat müəyyən edilmiş və həmin vəsaitin ödənilməsi abonentdən tələb edilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və ya nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş SS 29/1640-00582 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktdan görünür ki, Salyan rayonu ərazisində yerləşən İddiaçı məxsus təsərrüfat obyektinin (istixananın) qaz xətti üzrərində quraşdırılmış G-250 markalı 75158672 nömrəli nömrəli rotor tipli “Elster” qaz sayğacı xx.xx.2020-ci il tarixində xəttdən çıxarılmış, xx.xx.2020-ci il tarixdə X1 müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. İlkin baxış zamanı sayğacın daxili çirklidir. İmplus ötürücüsünün qulaqcığı qırıqdır. İmpuls ötürücüsü öz yuvasından aralı vəziyyətdədir. İmpuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izləri var. Göstəricilər arasında fərq mövcuddur.

2. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu. Mexaniki hissə işləkdir.

3. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlı arxivə əsasən maksimal mütləq təzyiq P=3.13 bar, Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korreksiya olunmuş maksimal qaz həcmi 167 m3 korreksiya olunmamış qaz həcmi 112 m3 qeydə alınmışdır. Saatlıq arxivlərə əsasən elektrik hissə sərfiyyatı fasilələrlə qeydə almışdır, xx.xx.2020-ci il tarixindən sonra fasilələrin intervalı artmışdır. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığında elektron hissənin qeydə aldığı sərfiyyat Vm=63252 m3, Vb=113237 m3 xətdə təzyiq 1.27- 2.64 bar civarında dəyişmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında elektron hissənin qeydə aldığı sərfiyyat Vm=3208 m3, Vb=6002 m3, xətdə təzyiq 1.26-3.13 bar civarında dəyişmişdir. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 48831 m3 azdır. Sınaq qurğusunun nəticəsinə görə mexaniki hissə minimal sərfiyyatda fırlanmır. Yoxlamanın nəticəsi: Minimal sərfiyyatda sayğac hesabat aparmır. İmpuls ötürücüsü tələb olunur. xx.xx.2020-ci il tarixli, ******* nömrəli təbii X3 pozulması haqqında aktdan görünür ki, Salyan rayonu ərazisində yerləşən abonent kodu **********00041 olan İddiaçı məxsus təsərrüfat obyektində (istixana) qaz sayğacına baxış keçirilərkən sayğacın sərfiyyata uyğun olmadığı aşkar edilmiş və sərfiyyata uyğun sayğacın quraşdırılması və dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. xx.xx.2020-ci il tarixli “Cavabdeh'' İstehsalat Birliyinin dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, Salyan rayonu ərazisində yerləşən istehlakçı İddiaçı məxsus istixanada quraşdırılmış G-250 markalı 75158672 nömrəli qaz sayğacında xx.xx.2019xx.xx.2020-ci il tarixləri əhatə edən saatlı arxivə əsasən elektron hissə sərfiyyatı fasilələrlə qeydə alınmış, elektron göstərici Vt mexaniki göstəricidən 48831 m3 az olduğu aşkar edilimiş, hesabat aparılmış və 48831x2.2=107428 m3 qaz sərfiyyatı aparılmaqla “Cavabdeh'' İstehsalat Birliyinə ziyan vurulmuşdur. İddiaçı abonent saldosuna əsasən abonentin təbii qazdan istifadəyə görə 2020-ci ilin aprel ayına görə aktlar qrafasında 21485,60 manat borcu vardır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh tərəfindən abonent kodu **********00041 olan İddiaçı hesablanmış 21485,60 manat məbləğində borc silinməli, həmçinin cavabdeh “Cavabdeh'' İstehsalat Birliyindən 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent kodu **********00041 olan İddiaçı hesablanmış 21485,60 manat məbləğində borc silinsin. Cavabdeh “Cavabdeh'' İstehsalat Birliyindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar