Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-267/2025 14.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X7 Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********00031 nömrəli abonent kodu üzrə hesablanmış 269.813 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, X6 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixana Cavabdeh abonentidir (abonent kodu: **********00071) və sayğac göstəricilərinə uyğun olaraq daimi istifadə etdiyi qaza görə ödənişlər həyata keçirir. Cavabdeh əməkdaşları tərəfindən X6 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixananın fəaliyyəti zamanı 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2024-cü il tarixədək olan müddət ərzində qaz sərfiyyatına görə ümumilikdə 200000 (iki yüz min) manatdan çox əsassız borc hesablanmışdır. X6 məxsus istixananın **********00071 saylı abonent saldosuna baxdıqda görünür ki, fəaliyyət və təsərüffatda heç bir dəyişiklik olmamasına baxmayaraq 2022-ci ilin oktyabr ayından 2023-cü ilin mart ayına qədər olan dövrü ilə 2023-cü ilin oktyabr ayından və 2024- cü ilin mart ayına qədər olan dövrü ilə müqayisədə qaz sərfiyyatı kəskin şəkildə artmışdır və ümumilikdə 308600 (üç yüz səkkiz min altı yüz) manat borc hesablanmışdır. X6 məxsus Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən istixanada həmin vaxtlarda abonent saldosunda göstərilən həcmdə qaz sərf edilməmişdir. Eyni qaz sərfiyyatının olmasına baxmayaraq, cavabdeh tərəfindən süni şəkildə qaz sərfiyyatı artıq göstərilmiş və borc hesablanmışdır. Həmçinin Cavabdeh İB-nin əməkdaşları tərəfindən müəyyən müddətlərdə istixanın qanunsuz qaz sərfiyyatı ilə bağlı aktlar tərtib edilmiş və ümumilikdə 12610 (on iki min altı yüz on) manat pul məbləğində cərimə hesablanmışdır. Lakin, Cavabdeh İB-nin əməkdaşları tərəfindən həmin akt tamamilə qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Belə ki, cavabdeh tərəfindən qaz sayğacına aparılmış yoxlamadan X5 məlumatı olmamışdır, ona bununla hər hansı sənəd təqdim edilməmişdir, ümumiyyətlə tərtib olunmuş akt belə təqdim edilməmişdir. Cavabdeh tərəfindən yoxlama aparılan zaman, ilkin olaraq iddiaçıya məlumat verilməli, onun iştirakı təmin edilməli və sayğaca yoxlama şəffaf şəkildə keçirilməli idi. Bundan əlavə olaraq, həmin aktlar tərtib olunduqdan sonra iddiaçı tərəfindən imzalanmalı idi. Cavabdeh İB-nin əməkdaşları yoxlama zamanı şəffaflığı təmin etməmişlər və qanunvericiliyə zidd şəkildə yoxlama aparılmışlar.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddiaya etiraz edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçıya məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, iddiaçı məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
- 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir.
9. İş materiallarına əlavə olunmuş aktlardan və abonentin saldosundan görünür ki, X6 aktlar əsasında 2022-ci ilin noyabr ayında 3.792,58 manat, 2022-ci ilin dekabr ayında 333,52 manat, 2023-cü ilin iyun ayında 826,32 manat, 2023-cü ilin sentyabr ayında 0,88 manat, 2023-cü ilin oktyabr ayında 537,9 manat, 2023-cü ilin noyabr ayında 1.443,2 manat, 2023-cü ilin dekabr ayında 5.676,22 manat məbləğində uçota alınmayan qaz həcminə görə borc hesablanmışdır.
10. Qeyd edilmiş aktlar əsasında hesablanmış məbləğlərin cəmi 12.610,62 manat təşkil edir.
11. Məhkəmə bu xüsusda qeyd edir ki, uçota alınmayan qazın həcminin müəyyən edilməsinin nə ilə bağlı olması, iddiaçı tərəfindən hansı pozuntunun edilməsi və yaxud bu kimi hər hansı bir hal cavabdeh tərəfindən əsaslandırıla bilməmişdir.
12. Ona görə də, Məhkəmə hesab edir ki, aktlar əsasında hesablanmış olan 12.610,62 manat borc silinməlidir.
13. Abonentin saldosundan görünür ki, qalan hissədə iddiaçının silinməsini tələb etdiyi borc məhz sərfiyyatla bağlı olan debitor borcudur.
14. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 10/2231 saylı rəydən görünür ki, tənzimləyici qurğunun qaz sayğacından əvvəl quraşdırılması sayğacın sərfiyyat göstəricilərinə təsir göstərmədiyi və qazın təzyiqinin işçi diapazonda saxlanılmasına xidmət etdiyi, X8 oöluna məxsus istixanada qaz tənzimləyici qurğunun sayğacdan əvvəl quraşdırılmışdır.
15. Göründüyü kimi, qaz sayğacının quraşdırılması zamanı da, hər hansı bir nöqsana yol verilməmiş və sərfiyyatın yanlış qeyd edilməsinə hər hansı bir əsas mövcud deyildir.
16. Bundan başqa iş materiallarından görünür ki, X7 və Cavabdeh İB aralarında imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, X7 2024-cü ilin mart ayına qalıq borcun 255.569,71 manat məbləğində olduğunu təsdiq etmişdir.
17. X5 iddiasında tələb etdiyi digər borcun məhz debitor borcu olduğundan və sərfiyyatın qeyd edilməsi zamanı hər hansı bir nöqsan olmadığından Məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilə bilməz.
18. İş materiallarından görünür ki, iddiaçı Məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir.
19. Ona görə də, iddianın təmin olunmamış hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 547,20 manat məbləğində pul X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 127,83 manat məbləğində pul isə Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən X6 məxsus **********00071 saylı abunə kodu üzrə hesablanmış 12.610 (on iki min altı yüz on) manat, 62 (altmış iki) qəpik məbləğində borc silinsin. Dövlət rüsumunun əvəzi olaraq 547 (beş yüz qırx yeddi) manat, 20 (iyirmi qəpik) manat məbləğində pul X3 tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 127 (bir yüz iyirmi yeddi) manat, 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov