Məhkəmə qərarları › İş №e-2-2(113)-2816/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2816/2025

07.08.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2816/2025 07.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X1 Agentliyi” X8) “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, reaktiv güc əmsalı, maksimum və minimum saatlar, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X1 Agentliyi” X8) qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə aktiv sərfiyyatın 5 faizi həcmində hesablanmış 130393,41 manat cərimənin silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC-nin Abşeron RETSİ-nin iddiaçıya göndərdiyi xx.xx.2025-ci il tarixli məktubunda xx.xx.2024-cü il tarixə 7636,84 manat, xx.xx.2024-cü il tarixə 10307,68 manat, xx.xx.2024-cü il tarixə 11225,92 manat, xx.xx.2024-cü il tarixə 8367,54 manat, xx.xx.2024-cü il tarixə 5457,9 manat, xx.xx.2024-cü il tarixə 9384,96 manat, xx.xx.2024cü il tarixə 14081,82 manat, xx.xx.2024-cü il tarixə 2845,08 manat, xx.xx.2024-cü il tarixə 12755,1 manat, xx.xx.2024-cü il tarixə 15235,9 manat, xx.xx.2024-cü il tarixə 6268,68 manat və xx.xx.2025-ci il tarixə 15909,72 manat (cəmi 119 476,60 manat) reaktiv əmsalının qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə tətbiq edildiyi qeyd olunmuşdur. Daha sonra isə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə qədər reaktiv enerjiyə görə 10916,81 manat əlavə cərimə hesablanmış və bununla bağlı xx.xx.2025-ci il tarixli elektron qaimə göndərilmişdir. 2.2. Reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə yuxarıda qeyd olunan məbləğlərdə aylıq cərimə əmsallarının hesablanması və istehlakçıdan ödənilməsinin tələb edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2 və 8.36-cı bəndlərinə zidd olduğundan tamamilə əsassızdır. Belə ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Elektrik enerjisindən istifadəyə görə hər ay istehlakçıya təqdim edilən məlumatda (hesabda) istifadə olunmuş aktiv enerji haqqı ilə bərabər, reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləğidə göstərilməklə tələb edilməlidir. Buna baxmayaraq, bu günədək olan hesablaşma dövründə İddiaçı MMC-yə təqdim edilmiş məlumatda (hesabda) yalnız istifadə olunmuş aktiv enerji haqqı barədə məlumatlar əks olunmuş və həmin məlumatlarda reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləği göstərilməmiş və ödənilməsi tələb edilməmişdir. Bu səbəbdən də iddiaçı bu günədək olan hesablaşma dövründə təqdim edilmiş məlumatda (hesabda) hesablanmış aktiv enerji haqqının ödənilməsini təmin etmişdir. Belə olan halda təqdim edilmiş hesabat üzrə istehlakçı tərəfindən elektrik enerjisinin dəyəri ödənildikdən sonra əvvəlki hesablaşma dövrü üzrə yenidən elektrik enerjisinin dəyərinin hesablanıb sonradan istehlakçıdan tələb edilməsi Qaydaların 8.2-ci bəndinə ziddir və yolverilməzdir. 2.3. Həmçinin Qaydaların 8.36-cı bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır. Reaktiv əmsalın qiymət hədləri pozulduğu üçün aktiv sərfiyyatın 5 faizi həcmində cərimə hesablanarkən Qaydaların 8.36-cı bəndinin tələbləri pozulmuş, enerjitəchizatı müəssisəsinin elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum (saat 8:00-dan 23:00-dək) və minimum (saat 23:00-dan 8:00-dək) yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanının olmasına baxmayaraq, hesablaşmanın qeyd olunan qaydada aparılması təmin edilməmiş, bununla da reaktiv əmsalının qiymət hədləri pozulduğuna görə hesablanmış cərimə məbləği həddən artıq yüksək məbləğdə hesablanmışdır. 2.4. Bundan başqa, iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin Sumqayıt filialı tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin edir. Göründüyü kimi, maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılaraq yoxlanılması təmin edilmiş olsa idi, o zaman hesablanmış cərimə məbləğləri də yüksək olmazdı. 2.5. Əsassız hesablanmış cərimə məbləğlərinin silinməsi üçün xx.xx.2025-ci il tarixində cavabdehə elektron formada pretenziya məktubu göndərilsə də, bu günədək həmin məktuba cavab verilməsi təmin edilməmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2, 8.36-cı bəndlərinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X1 Agentliyi” X8 (bundan sonra “X1 Agentliyi” PHŞ) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

II. İşdə iştirak edən şəxslərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı aparılaraq yoxlanılması təmin edilmiş olsa, cərimə ancaq minimum yük saatları üzrə aktiv enerjinin 5% həcmində hesablanacaq, nəticədə cərimə məbləği cavabdehin hesabladığı məbləğdən dəfələrlə az olacaqdı. Belə ki, reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının 0,28-0,3 hədlərində saxlanılmasını təmin edir. Bu isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğundur. Reaktiv güc əmsalının hədləri yalnız minimum yük saatlarında pozulur. Yalnız fevral ayında göndərilən elektron qaimədə cərimə tələb edilmiş, əvvəlki aylar üzrə cərimədən xəbərsiz olmuşlar.

7. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və göstərdi ki, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı yoxdur. Həmçinin cavabdeh sayğacın yaddaşını oxumaq üçün xüsusi texniki vasitəyə malik deyildir. Sayğacın adi oxunması imkan vermədiyi halda, minlərlə istehlakçının sayğacını xüsusi cihazla oxumaq mümkün deyildir. Buna görə də Qaydaların tələblərinə uyğun olaraq reaktiv güc əmsalı hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Həmçinin iddaçıya hər ay hesab ödəniş vərəqi təqdim edilmişdir.

8. Üçüncü şəxsin nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, iddiaçıya məxsus müəssisəyə baxış zamanı müəyyən olunmuşdur ki, maksimum yük saatlarında reaktiv güc əmsalının normalar daxilində olmasına baxmayaraq, minimum yük saatlarında reaktiv güc əmsalının aktiv güc sərfiyyatından bir neçə dəfə çox olması ümumi nəticədə reaktiv güc əmsalının normadan çox olmasına səbəb olur. Lakin hesablaşmalarda cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozur. Belə ki, hesablaşma elektrik sayğacları ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına imkan verir. Belə olan halda, iddiaçıya yalnız minimum saatlara görə aktiv enerjinin 5% həcmində cərimə hesablanmalıdır. Məhkəmənin suallarına cavab olaraq X5 bildirmişdir ki, “X1 Agentliyi” PHŞ iddiaçıya məxsus sayğacların ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı məlumatlarını məhkəməyə təqdim edə bilməz. Belə ki, sayğacın yaddaşı xüsusi cihaz vasitəsi ilə oxunmalıdır. Lakin Agentlikdə belə bir texniki təminat, cihaz yoxdur. Onlarda olan məlumata əsasən belə cihazlar cavabdehdə var.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) İddia tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı **********8 abunə kodu əsasında 2 uçot nöqtəsi üzrə elektrik enerjisindən istifadə edir; – reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 7636,84 manat, 11.05-xx.xx.2024-cü il tarixdə 10307,68 manat, xx.xx.2024-cü il tarixdə 11225,92 manat, xx.xx.2024-cü il tarixdə 8367,54 manat, xx.xx.2024-cü il tarixdə 2845,08 manat, xx.xx.2024-cü il tarixdə 5457,36 manat, xx.xx.2024-cü il tarixdə 9384,96 manat, 30.09-xx.xx.2024-cü il tarixdə 14081,82 manat, xx.xx.2024-cü il tarixdə 15235,9 manat, xx.xx.2024-cü il tarixdə 6268,68 manat, xx.xx.2025-ci il tarixdə 15909,72 manat, xx.xx.2025-ci il tarixdə 10916,81 manat aktiv sərfiyyatın 5 faizi cərimə borcu hesablanaraq abunə haqqında məlumata daxil edilmişdir.

13. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisələndirilən dövrdə iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədləri pozulmuşdur.

14. İddiaçı bildirir ki, enerjitəchizatı müəssisəsinin elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum (saat 8:00-dan 23:00-dək) və minimum (saat 23:00-dan 8:00-dək) yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanının olmasına baxmayaraq, hesablaşmanın qeyd olunan qaydada aparılması təmin edilməmişdir. Reaktiv enerjinin kompensasiyası üçün obyektdə quraşdırılmış statik kondesatorlardan ibarət kompensasiya qurğuları enerji sisteminin maksimim yük saatlarında reaktiv güc əmsalının norma daxilində saxlanılmasını təmin edir. Reaktiv güc əmsalının hədləri yalnız minimum yük saatlarında pozulur. Cərimə ancaq minimum yük saatları üzrə aktiv enerjinin 5% həcmində hesablanmalı olduğu halda, elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində hesablanmışdır. Ona görə də cərimə məbləği silinməlidir. Həmçinin hesablaşma dövründə iddiaçıya təqdim edilmiş məlumatda (hesabda) yalnız istifadə olunmuş aktiv enerji haqqı barədə məlumatlar əks olunmuş və həmin məlumatlarda reaktiv güc əmsalının qiymət hədlərinin pozulmasına görə də tətbiq edilmiş cərimə məbləği göstərilməmiş və ödənilməsi tələb edilməmişdir. Yalnız fevral ayında göndərilən elektron qaimədə cərimə tələb edilmişdir.

15. Cavabdeh bildirir ki, hesablaşma elektrik sayğacının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı yoxdur. Həmçinin cavabdeh sayğacın yaddaşını oxumaq üçün xüsusi texniki vasitəyə malik deyildir. Buna görə də “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə uyğun olaraq reaktiv güc əmsalı hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Həmçinin iddaçıya hər ay hesab ödəniş vərəqi təqdim edilmişdir.

16. Üçüncü şəxsin nümayəndəsi bildirir ki, iddiaçıya məxsus müəssisəyə baxış zamanı müəyyən olunmuşdur ki, maksimum yük saatlarında reaktiv güc əmsalının normalar daxilində olmasına baxmayaraq, minimum yük saatlarında reaktiv güc əmsalının aktiv güc sərfiyyatından bir neçə dəfə çox olması ümumi nəticədə reaktiv güc əmsalının normadan çox olmasına səbəb olur. Lakin hesablaşmalarda cavabdeh “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərini pozur. Belə ki, hesablaşma elektrik sayğacları ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına imkan verir. Belə olan halda, iddiaçıya yalnız minimum saatlara görə aktiv enerjinin 5% həcmində cərimə hesablanmalıdır. X1 Agentliyi iddiaçıya məxsus sayğacların ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatı məlumatlarını məhkəməyə təqdim edə bilməz. Belə ki, sayğacın yaddaşı xüsusi cihaz vasitəsi ilə oxunmalıdır. Agentlikdə belə bir texniki təminat, cihaz mövcud deyildir. Onlarda olan məlumata əsasən belə cihazlar "xxxx" ASC-də var.

17. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. Hazırda tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda təsbit edilmiş reaktiv güc əmsalının qiymət hədləri pozulduğu üçün cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq edilməsi ilə bağlı yaranmışdır.

19. Belə ki, Qaydaların 8.36-cı bənində əsasən, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır.

20. Qaydaların 8.37-ci bəndinə əsasən, hesabat dövründə elektroenergetika sisteminin maksimum yük saatlarına aid reaktiv güc əmsalı (tgφmax) gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, elektroenergetika sisteminin minimum yük saatlarına aid reaktiv güc əmsalı (tgφmin) gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

21. Qaydaların 8.38-ci bəndinə əsasən, reaktiv güc əmsalı (tgφ) elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ötürücü elektrik şəbəkəsi üçün dövlət elektroenergetika müəssisəsi, paylayıcı elektrik şəbəkəsi üçün isə enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir və ödəniş sənədində qeyd olunur.

22. Qaydaların 8.39-cu bəndinə əsasən, elektroenergetika sisteminin maksimum və minimum yük saatları dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilir. Bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir. Hər gün üçün bu saatların cəmi 24 saata bərabər olmalıdır.

23. Göründüyü kimi “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblər ondan ibarətdir ki, reaktiv enerjiyə görə hesablaşmalar hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılır, bu saatlar alqı-satqı müqavilələrində qeyd olunmadıqda, həmin hesablaşma dövrü üçün maksimum yük saatları 08:00-dan 23:00-dək və minimum yük saatları 23:00-dan 08:00-dək müddətlər qəbul edilir, maksimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik maksimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi, minimum yük saatlarına aid reaktiv güc əmsalı gündəlik minimum yük saatları ərzində hesablaşma elektrik sayğacının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır və reaktiv güc əmsalı paylayıcı elektrik şəbəkəsi üçün enerjitəchizatı müəssisəsi tərəfindən hesablaşma dövrü üzrə hesablanır, ikitərəfli aktla rəsmiləşdirilir.

24. Hazırda iddiaçı reaktiv enerjiyə görə hesablaşmalara dair Qaydalarda qeyd olunan ümumi tələblərin pozulmasına istinad edib cərimənin əsassız hesablandığını bildirir və silinməsini xahiş edir. Üçüncü şəxs izahatında və məhkəməyə təqdim etdiyi rəydə minimum saatlarda reaktiv güc əmsalının pozulduğunu, cərimənin də həmin saatlarda istehlak olunan aktiv elektrik enerjisinin 5% həddində hesablanmalı olduğunu, lakin cavabdeh tərəfindən Qaydaların bu tələbinin pozulduğunu bildirir. Cavabdeh isə reaktiv enerjiyə görə hesablaşmaların maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aparılmasına və sayğacın oxunmasına texniki imkanı olmadığı və Qaydaların 40-cı bəndinə əsasən hesablaşmanın aparıldığını bildirir.

25. Məhkəmə qeyd edir ki, iddiaçı məhz üçüncü şəxs “X1 Agentliyi” PHŞ-nin mövqeyindən çıxış edərək reaktiv enerjiyə görə hesablaşmaların aparılması qaydasının cavabdeh tərəfindən maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılmadığı əsası ilə pozulduğuna istinad etsə də, məhkəmə üçüncü şəxsin nümayəndəsinə iddiaçıya məxsus sayğacların qeydə aldığı aktiv və reaktiv enerjinin qeydiyyat məlumatlarını məhkəməyə təqdim etməyi təklif etmiş, lakin sonuncu sayğacın xüsusi cihaz vasitəsi ilə oxunmalı olduğuna, belə bir texniki imkanın onlarda olmadığına istinad edərək bu məlumatların təqdim edilməsinin mümkün olmadığını bildirmiş, ehtimala əsaslanaraq cavabdehdə belə cihazların olmasının mümkünlüyünü qeyd etmişdir. Cavabdeh belə cihaza malik olmadıqlarını bildirdiyi üçün məhkəmə üçüncü şəxsin fəaliyyət istiqamətini nəzərə alaraq nümayəndəsinə suallar ünvanlayıb cihazın idxalı, istehsalı, növü, modeli, cavabdehdə olmasını təsdiq edən məlumatı təqdim etməsini təklif etmiş, lakin məlumat təqdim olunmamışdır.

26. Məhkəmə nəzərə çatdırmağı zəruri hesab edir ki, təsadüfi deyildir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nda reaktiv enerjiyə görə hesablaşmalarla bağlı müəyyən olunmuş ümumi tələblərdən başqa xüsusi tənzimləmə həyata keçirilmiş və maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkan olmadığı halda, hesablaşmanın aparılmasının digər qaydası nəzərdə tutulmuşdur.

27. Belə ki, Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc əmsalı (tgφ) hesablaşma dövrü ərzində hesablaşma elektrik sayğaclarının reaktiv enerji göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır.

28. Hazırki iş üzrə cavabdeh maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanlarının olmadığına istinad edərək Qaydaların 8.40-cı bəndinə əsasən hesablama aparmışdır.

29. Məhkəmə, əvvəla, qeyd edir ki, nə iddiaçı, nə də üçüncü şəxs iddiaçıya məxsus elektrik sayğaclarının maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparmasını sübut edə bilmişdir. Digər tərəfdən, iddiaçı Qaydaların ümumi tələblərinə istinad edib cavabdeh tərəfindən pozuntuya yol verildiyinə istinad etsə də, nəzərdən qaçırmışdır ki, Qaydalar digər (8.40-cı bənd) hesablaşma qaydası müəyyən etməklə elektrik enerji alıcısının üzərinə gərginlik siniflərinə uyğun reaktiv güc əmsalının maksimum qiymətlərini “Elektrik enerjisindən istifadə Qaydaları”na 10 nömrəli əlavədə qeyd olunan hədlərdə saxlamaq vəzifəsi qoymuşdur.

30. Bundan başqa, mübahisənin həlli üçün diqqət yetirilməli əsas məqam cərimənin hesablanması qaydası ilə bağlıdır.

31. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.41-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgφ) maksimum (tgφmax) və ya minimum (tgφmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir.

32. Cərimənin hesablanma qaydası ilə bağlı Qaydaların tələbini təhlil etdikdə aydın olur ki, cərimənin tətbiqi əsası kimi maksimum və ya minimum qiymət hədlərinin pozulması çıxış etdiyi halda, cərimənin maksimum və ya minimum qiymət həddinin deyil, məhz hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində hesablanması nəzərdə tutulur. Bu isə onu deməyə əsas verir ki, qiymətin maksimum və ya minimum həddinin pozulması faktının müəyyən edilməsi yalnız cərimənin tətbiqi üçün əsasın mövcud olub-olmadığının aydınlaşdırılması üçün zəruridir. Cərimə isə hesablaşma dövründə elektrik sayğacının bütövlükdə aktiv enerji göstərişinin 5 faizi məbləğində hesablanır.

33. Belə olan halda, hətta cavabdeh tərəfindən reaktiv enerjiyə görə hesablaşma qaydası maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılmaması əsası ilə pozulmuş olsa idi belə, iddiaçı tərəfindən reaktiv güc əmsalının qiymət hədlərinin pozulduğu işin mübahisəsiz halı olduğundan cavabdeh tərəfindən elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunması əsaslı olmuşdur.

34. İddiaçının cərimə məbləği barədə məlumatsız olması ilə bağlı mövqeyinə münasibətdə isə məhkəmə qeyd edir ki, əvvəla, abonent haqqında məlumatdan hər iki uçot nöqtəsi üzrə “bağlanan aktlar” bölməsində xx.xx.2024 – xx.xx.2025-ci il tarixlər üzrə hesablanmış cərimə məbləğinin “reaktiv” qeydi ilə daxil edildiyi görünür. İddiaçı cavabdehin borcun sorğulanmasına dair elektron xidmətindən istifadə etməklə qalıq borcu barədə daim məlumatlı olmaq, eyni zamanda borcun əsasını isə cavabdehin “abonentin geniş tarixçəsinin verilməsi” elektron xidmətindən istifadə etməklə öyrənmək imkanına malik olmuşdur. Cavabdeh isə iddiaçıya mübahisələndirilən dövr üzrə hesab ödəniş vərəqəsi təqdim etmiş, reaktiv güc əmsalının hədləri pozulduğu aylar üzrə müvafiq bölmədə qeydiyyat aparmışdır. Digər tərəfdən, iddiaçı yalnız cavabdehin xx.xx.2025-ci il tarixli məktubuna istinadən cərimə barədə məlumatlı olduğunu əsaslandırmağa çalışsa da, özünün təqdim etdiyi “X1 Agentliyi” PHŞ-nin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə mübahisələndirilən borcla bağlı Agentliyə müraciət etmiş, yəni cavabdehin ona müraciətindən əvvəl də borc barədə məlumatlı olmuşdur.

35. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar