Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2826/2024 27.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43146,40 manat borcun, 220 manat, ümumilikdə 43366,40 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında arasında bağlanmış 05 saylı xx.xx.2023-cü il tarixli müqəviləyə əsəsən təchiz edilmiş topdan satış yanacaq məhsulu üçün 43146,4 manat məbləğində borc yaranmışdır. Çoxsaylı müraciətlərinə baxmayaraq, borc bu günədək ödənilməyib.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırkı müqavilə üzrə mallar cavabdehin şifahi sifarişləri əsasında onun ünvanına çatdırılmış, lakin müqavilə üzrə hər hansı ödəniş edilməmişdir. Cavabdehə təqdim edilmiş elektron qaimələr sonuncu tərəfindən geri qaytarılmışdır.
4. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini tam qəbul etdiklərini, yaranmış borcun qısa müddət ərzində ödəniləcəyini bildirdi.
5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
6. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
II. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış 28 avqust 2023-cü il tarixli, 05 saylı neft məhsullarının alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilə ilə nəzərdə tutulan məhsulların alıcıya verilməsini, alıcı isə həmin məhsulların dəyərinin ödənilməsini öz üzərinə götürür.
9. Tərəflər arasında təhvil verilmiş mallarla bağlı xx.xx.2023-cü il tarixli (3450 litr dizel yanacaq, 2000 litr Ai-92 markalı yanacaq), xx.xx.2023-cü il tarixli (3400 litr dizel, 2000 litr Aİ-92 markalı yanacaq), xx.xx.2023-cü il tarixli (2000 litr Ai-92 benzin, 5300 litr dizel yanacaq), xx.xx.2023-cü il tarixli (4729 litr dizel yanacaq) təhvil-təslim aktları imzalanmışdır.
10. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, "xxxx" MMC-də menecer vəzifəsində çalışır. Alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC cavabdehə dizel və 92 markalı, ümumilikdə 50000 litr yanacaq vermişdir. Sifarişlər bitdikdən sonra pul ödəməli idilər. Ümumilikdə 44000 manatlıq mal sifariş verilib. Mallar təhvil veriləndə təhvil-təslim aktı imzalanır. Cəmi 4 təhvil-təslim aktı imzalanmış, təqribən 7-8 akt isə tərəflər arasında olan etibarlılıq münasibətlərinə görə imzalanmamışdır. Mallar təhvil veriləndə sürücü ilə bərabər orada olmuş və təhvil-təslim aktına qol çəkmişdir. Təhvil alanın əslində Nail adlı şəxs olduğunu, lakin çox vaxt orda olmadığını, bu səbəbdən akta Nahid adlı şəxsin qol çəkdiyinin bildirdi. Satılmış dizelin litrinin qiyməti təqribən 0.80 manat, 92 markalı yanacağın bir litrinin qiyməti isə 1 manat idi. Şahid eyni zaman bu müqavilə üzrə onlara heç bir pul ödənilmədiyini bildirdi.
11. İddiaçının vəsatəti əsasından məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, "xxxx" MMC-də sürücü vəzifəsində çalışır. Cavabdeh QSC-ni tanıyır, onlara yanacaq verdiyini bildirdi. Yanacağın Kürdəmirdə təhvil verildiyini, təhviltəslimdə sürücü kimi iştirak etdiyini qeyd etdi. Ümumilikdə 3 gündən bir 6600 litr yanacaq verilirdi. Təhvil-təslim aktına qarşı tərəfin nümayəndəsi qol çəkirdi. Yanacaq olaraq dizel ve 92 markalı benzin çatdırmışdır. Bəzi təhvil-təslimdə eyni gündə həm dizel həm yanacaq vermişlər. Bir maşına 3300 litr benzin, 3300 litr dizel yerləşdirmək olurdu. Bir ay ərzində 8 dəfə cavabdehə mal təhvil verməyə getmişdir, hər dəfə dolu maşınla getmişdir. Qarşı tərəfdən onları 3 nəfər qarşılayırdı.
12. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 05 saylı saylı saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
20. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 220 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh QSC-dən 43146,40 manat məbləğində pul, 220 manat dövlət rüsumu, ümumilikdə 43366,40 (qırx üç min üç yüz altmış altı manat qırx qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova