Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2880/2025 04.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “aktın etibarsızlığı” tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin X2 X1 xidmət sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı aktın etibarsız hesab ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının X2 X1 xidmət sahəsinin əməkdaşları qabaqcadan xəbərdarlıq etmədən 18 aprel 2024-cü il tarixdə iddiaçının Quba şəhərində yerləşən “Şahdağ” istirahət mərkəzində yoxlama keçirmiş və ******* saylı akt tərtib edilmişdir. Aktda qeyd edilib ki, mövcud qaz sayğacının saatlıq maksumum ölçmə həddi 160 m/saat olduğu təqdiqdə qaz işlədicilərin maksimal sərfiyyatı 194,1 m/saatdır. Lakin yoxlayıcı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Qaz təchizatı haqqında” Qanuna zidd olaraq qabaqcadan məlumat verməmiş, yoxlanmada şirkət tərəfindən heç kəs iştirak etməmiş və yoxlama gizli keçirilmişdir. Ona görə də ******* saylıakt etibarlı sayıla bilməz. Məhkəmə iddiaçının iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və iş materiallarını tədqiq edərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının məqsədi və ya vəzifəsi hər bir fiziki və yaxud hüquqi şəxsin hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması, qorunması, təmin olunmasıdır. Lakin məhkəmə qaydasında istənilən mübahisə deyil, yalnız müstəqil realizə imkanı olmayan və məhkəmə müdafiəsi hüququ ilə təmin edilməli olan hüquq və mənafelərin müdafiəsi məhkəmə qaydasında həyata keçirilə bilər. Bu mənada məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli ******* nömrəli akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı və ya həmin aktın doğurduğu nəticəni mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsız hesab edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Belə ki, şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə iddiaçı ona Cavabdeh tərəfindən hesablanmış borcun silinməsini istədiyi və bu tələblə iddia qaldırdığı halda həmin məqsədinə daha tez, daha münasib və daha sadə yolla, yəni borcun özünü mübahisələndirmək yolu ilə çatmaq imkanına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2 və 153.2.1-ci maddələrində göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Bundan başqa, Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, ********** nömrəli mədaxil qəbzi ilə 100,6 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edildiyinə görə, ödənilmiş 100,6 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-156, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsızlığı” tələbinə dair iddiasının yolverilməzliyinə görə qəbulundan imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya rəsmi qaydada verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100,6 (bir yüz manat altmış qəpik) manat məbləğində pul İddiaçınə qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2880/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2880/2025
04.03.2025 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver