Məhkəmə qərarları › İş №e-2-2(113)-2911/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2911/2023

10.10.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2911/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC-nin (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 193927,14 manat məbləğində borcun onun **********00000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği real sərfiyyatdan dəfələrlə artıq hesablanmışdır və bu gün həmin əsassız hesablanmış borc məbləği iddiaçıdan yenə də əsassız olaraq tələb edilir. "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Şamaxı şossesi ünvanda yerləşən qeyri-yaşayış sahəsində 2022-ci ilin iyun ayınadək təbii qazdan istifadə edilmişdir. 2016-cı ilin may iyun aylarında və 2022-ci ilin mart ayında Cavabdeh İB ağlabatan olmayan şişirdilmiş və tam olaraq əsassız borclar hesablamışdır. Abonent saldosuna baxdıqda aydın görmək olar ki, 2016-cı ilin may ayında MMC-yə 47469,80 manat, iyun ayında isə 6224,50 manat məbləğində aktlar əsasında borclar hesablanmışdır. Borcun hesablanmasına əsas olmuş aktlar mövcud olmadığından onlara təqdim edilməmişdir. Lakin cavabdeh tərəfindən buna baxmayaraq qanunun tələblərinə zidd şəkildə qeyri-müəyyən əsasla MMC-yə əlavə borc hesablamışdır. Mübahisələndirilən məbləğin 140232,84 manat hissəsi ilə bağlı abonent saldosundan göründüyü kimi Cavabdeh İB tərəfindən 2021-ci ilin dekabr ayında 41819,36 manat, 2022-ci ilin yanvar ayında 45151,04 manat, fevral ayında isə 53262,44 manat məbləğində sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Bu borcların hesablanmasına əsas olmuş aktlarda qeyd edilmişdir ki,guya istifadələrində olan qaz sayğacı işləmədiyi üçün əlavə hesabat aparılmışdır. Daha sonra 2022-ci ilin mart ayında cavabdeh təşkilat mübahisələndirilən dövrün bir hissəsi ərzində (2021-ci ilin dekabr ayından 2022-ci ilin mart ayınadək) hesablanmış borcu ümumilikdə silmiş (188969 manat) və 2022-ci ilin mart ayı üzrə bizə 243748,12 manat məbləğində borc hesablamışdır. Hesablanmış məbləği cavabdeh sayğac göstəricisi kimi qeyd etmişdir və abonent saldosuna işləmişdir. Cavabdeh bu hərəkətləri ilə aktlar əsasında hesablanmış 140232,84 manat borcun əsassız olduğunu etiraf etmiş və öz qanunsuz hərəkətlərinə bəraət qazandırmaq üçün aktlar əsasında hesablanmış borcu silmiş və sonradan həmin məbləği sayğac göstəricisi kimi qələmə vermişdir. Halbuki abonent saldosuna baxdıqda sayğac göstəricilərinə əsasən 2021-ci ilin dekabr ayında 18182,34 manat, 2022-ci ilin yanvar ayında 14109,70 manat və fevral ayında 1644,12 manat borc hesablanmışdır. Cavabdeh İB isə öz inhisarçı mövqeyindən sui-istifadə edərək qanunazidd şəkildə onlara əlavə borclar hesablamışdır. Abonent saldosundan da göründüyü kimi MMC tərəfindən ay ərzində 243748,12 manat məbləğində təbii qazdan istifadə etməsi mümkün deyil. Ötən illərlə müqayisədə bunu aydın görmək olar.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı barəsində tərtib edilmiş 2016-cı ilin may və iyun aylarında tərtib edilmiş aktlardan iddiaçı məlumatsız olmuş, yalnız 2022-ci ildə tərtib edilmiş aktlar barədə məlumat aldıqda belə bir aktların olmasını bilmişlər.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı barəsində tərtib edilmiş 2016-cı ilin may və iyun aylarında tərtib edilmiş aktları üzərindən uzun müddət keçdiyi üçün hazırda təqdim edə bilmir, həmin aktlar əsasında hesablanmış borclar iddiaçı tərəfindən artıq ödənilmişdir. İddiaçı barəsində 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar, fevral aylarında tərtib edilmiş aktlar əsasında hesablanmış borclar sonradan cavabdeh tərəfindən silinmiş, bu iddiaçıya məxsus abonent saldosunda da öz əksini tapmışdır. Həmin aktlar üzrə borclar silindikdən sonra sayğacın göstəriciləri əsasında iddiaçıya yenidən 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar və fevral aylarında sərf edilmiş təbii qazdan istifadəyə görə sərfiyyat borcu hesablanmış, həmin borcun üzərinə 2022-ci ilin mart ayının borcu gəlinmiş, nəticədə 2022-ci ilin mart ayı daxil olmaqla iddiaçının cavabdehə ümumilikdə 243748,12 manat borcu yaranmışdır. Hazırda silinməsi tələb edilən borc sərfiyyat borcudur, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. İddiaçı və cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli ***-**-** nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

7. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən iddiaçıya məxsus ünvanda xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin miqdarı 190088 m3, hesablanmış qaz sərfinin məbləği isə 41819,36 manat təşkil edir.

8. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin miqdarı 205232 m3, hesablanmış qaz sərfinin məbləği isə 45151,04 manat təşkil edir.

9. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akta əsasən iddiaçıya məxsus ünvanda xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin miqdarı 242102 m3, hesablanmış qaz sərfinin məbləği isə 53262,44 manat təşkil edir.

10. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən sayğac plomblanaraq çıxarılmış və NKDY təhvil verilmişdir. Sayğac çıxarılarkən göstəricisi ******* m3 olmuşdur.

11. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-01217-3 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektora vurulmuş nömrəli plombun simi dartılmış vəziyyətdədir. Ekranda A və W işarəsi yanıb-sönür. Faktiki təzyiq 5,25 kimi əks olunub. Göstəricilər arasında fərq var. Korrektor açıldı, yapışqan (********) plomb və daxili xətlər normaldır. Sayğacın daxilində maye mövcuddur. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2021xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4,04 bar, korreksiya olunmuş maksimal qaz həcmi 1242 m3, korreksiya olunmamış qaz həcmi 317 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonraki tarixlərdə xətdə təzyiq 5,25 bar olmuşdur. Batareyanın istismar müddətinin sonuna 32 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Elektron göstərici Vt mexaniki göstəricidən 1292 m3 azdır. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Pbaza=1.01325 bar, Tbaza=200 C. Audit normaldır. Təzyiq həddinin aşılması nəticəsində alarm rejimdə Vbd=20 m3, Vd=4 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat PF=5.25 bar ilə aparılmışdır. Tempurator çeviricisi normaldır. Təzyiq çeviricisi nasazdır.

12. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən sayğac plomblanaraq çıxarılmış və sayğacın elektron hissəsində AW müşahidə olunur.

13. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli SS 29/1640-01778-1 nömrəli aktdan görünür ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsünün qulaqcığı qırıqdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Korrektora vurulmuş nömrəli plombun simi dartılmış vəziyyətdədir. Ekranda A və W işarəsi yanıb-sönür. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,91 bar, korreksiya olunmuş maksimal qaz həcmi 458 m3, korreksiya olunmamış qaz həcmi 130 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonraki tarixlərdə xətdə təzyiq 2.44-3.36 bar olmuşdur. Batareyanın istismar müddətinin sonuna 39 ay qalıb. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempuratur və təzyiq çeviriciləri nprmaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 2 m3 azdır. Pbaza=1.01325 bar,Tbaza=200 C.

14. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sərf edilmiş qazın dəyəri 54779,12 manat, qalıq borc isə 202542,58 manat təşkil edir.

15. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sərf edilmiş qazın dəyəri 69211,56 manat, qalıq borc isə 269853,18 manat təşkil edir.

16. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sərf edilmiş qazın dəyəri 37849,88 manat, qalıq borc isə 310236,92 manat təşkil edir.

17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 05 aprel 2017ci il tarixli ***-**-** nömrəli “Qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçını təbii qazla təmin etməyi, iddiaçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmış qaz sərfinin məbləği 41819,36 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış qaz sərfinin məbləği 45151,04 manat, xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hesablanmış qaz sərfinin məbləği 53262,44 manat müəyyən edilmişdir.

19. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh tərəfindən “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlara əsasən hesablanmış, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin aktlar əsasında hesablanmış borcun silindiyini, borcun yenidən hesablanaraq iddiaçıdan tələb edildiyini bildirir.

20. Məhkəmə bununla bağlı qeyd edir ki, “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Belə olan halda istehlakçının təqsiri olmadan düzgün hesablanmamış qazın dəyərinin yenidən hesablanaraq istehlakçıdan tələb edilməsi “Qazdan istifadə qaydaları”nın 5.2-ci maddəsinə və tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən 3.3-cü bəndinin tələblərinə ziddir.

22. Belə ki, təqdim edilmiş aktlarda qeyd olunan faktların (sayğacın mexaniki hissəsindən keçən qaz həcminin elektron hissədə qeydə alınmaması) faktiki mövcud olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməz.

23. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların iddiaçının təqsiri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

24. İddiaçıya məxsus qaz sayğacına cavabdehin nümayəndələri tərəfindən baxış keçirilməsi və bunun nəticəsi olaraq qaz sayğacının yoxlamadan keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

25. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

27. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

28. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

30. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

31. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

32. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

33. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

34. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

35. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

36. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

37. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

38. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

39. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

40. Bundan əlavə, materiallardan və tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 2016-cı ilin may ayında tərtib edilmiş akt əsasında 47469,80 manat, 2016-cı ilin iyun ayında tərtib edilmiş akt əsasında 6224,50 manat borc hesablanmışdır.

41. Cavabdehə 2016-cı ilin may və iyun aylarında tərtib olunmuş aktların təqdim edilməsi təklif edilsə də, cavabdeh həmin aktları məhkəməyə təqdim edə bilməmişdir.

42. Beləliklə, cavabdeh aktlar üzrə hesablanmış borcun əsaslı olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya məxsus qeyriyaşayış sahəsində quraşdırılmış sayğacın nasazlığının istehlakçının təqsiri üzündən yaranması materiallar ilə təsdiqlənmədiyindən, eyni zamanda iddiaçıya cavabdeh tərəfindən həmin müddət üçün əlavə borcun hesablanması qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 193927,14 manat məbləğində borc silinməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

47. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 400 manat mediasiya xərci və 84 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 193927,14 (bir yüz doxsan üç min doqquz yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 484 (dörd yüz səksən dörd) manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar