Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3128/2020 03.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Rəhmanov Elçin Natiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı2 (İddiaçı2 MMC) cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (“xxxx” ASC) qarşı əsassız olaraq hesablanmış 6060 manat məbləğində işıq pulu borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 031119 saylı akt əsasında hesablanmış 6060 manat və xx.xx.2020-ci il tarixli, NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat elektrik enejisi borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Xəzri" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında xx.xx.2020-ci il tarixdə güclü külək nəticəsində 6 kvt gücündə xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik saygacı tamam sıradan çıxmışdır. Bu fakt "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məlum təbii hadisə zamanı baş vermiş qəza nəticəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 031119 saylı aktla da tam təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh təşkilatın əməkdaşları həmin aktda da qeyd etmişlər ki, xəttdə gərginliyin olmaması səbəbindən yükü ölçmək mümkün olmadıgından hesabat keçən aya uygun aparılsın və yeni saygac quraşdırılsın. Lakin bundan sonra onların iradəsindən asılı olmadan baş vermiş bu hadisədən sonra əvvəlki aylarda da tərəflərindən elektrik enerjisi borcunun vaxtlı–vaxtında ödənilməsinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən onlara tam əsassız olaraq 6060 manat işıq pulu borcu yazılmışdır. Tərəflərindən işıq pulu borcunun vaxtlı-vaxtında ödənilməsini və onlara hesablanmış 6060 manat işıq pulu borcunun tam əsassız və qanunsuz olmasını iddia ərizəsinə əlavə olunmuş hesab ödəniş vərəqələri tam təsdiq edir. Təkcə belə bir məqama diqqət etmək kifayətdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ********* saylı, xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqində qalıq borcları 1990,63 manat göstərilmiş, cəmi 1 aydan sonra təqdim olunmuş ********* saylı, xx.xx.2020-ci il tarixli hesab ödəmə vərəqəsində isə həmin borc birdən-birə tam qanunsuz və əsassız olaraq şişirdilib 8918,02 manat məbləgində qeyd edilmişdir. Qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, nəticəsi olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və bildirdi ki, güclü külək nəticəsində 6 kvt gücündə xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik saygacı tamam sıradan çıxmışdır. Bizim verdiyimiz məlumat əsasında cavadehin nümayəndələri gələrək baxış keçirmiş, xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında may ayı üçün sərfiyyat hesablanmışdır. Həmin məbləğ həddən artıq yüksəkdir. Hesablama əvvəlki aylara uyğun aparılmalı olduğu halda, 1 ay üçün 6060 manat məbləğində sərfiyyatın hesablanması əsassızdır. Bundan başqa, tərəflərindən işıq pulu borcunun vaxtlı-vaxtında ödənilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli akt əsasında onlara borc hesablanması tamamilə qanunsuz və əsassızdır. Bundan başqa, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədən, bu sahədə olan qanunvericilik normalarının pozulması ilə aparılmışdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, əsassız olduğundan iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli elektrik enerjisinin alqı-satqısına dair birtipli müqaviləyə əsasən cavabdeh İddiaçı2nə məxsus daşkarxanasını elektrik enerjisi ilə təmin etməyi, qarşı tərəf isə bunun müqabilində hər kvts üçün 0,06 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, R seriyalı, 031119 saylı aktdan (birinci akt) görünür ki, cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, abonentin şifahi məlumatı əsasında obyektdə olaraq güclü külək nəticəsində 6 kvt gücündə xəttin qırılaraq obyektə gedən xəttin üstünə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən güc transformatorları zədələnmiş və elektrik sayğacı yanaraq tamam sıradan çıxmışdır. Aktda deyilir ki, xəttdə gərginlik olmadığından yükü ölçmək mümkün olmadı və hesabat keçən aya uyğun aparılsın. Güc transformatorları yoxlanılsın və yeni sayğac quraşdırılsın. - xx.xx.2020-ci il tarixli, NDQ seriyalı, 008036 saylı aktdan (ikinci akt) görünür ki, cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, müəyyən zaman ərzində sayğac keçən yükü qeyd etmir. Sayğacın yaddaşında qeyd olunan oxunma akta əlavə olunacaq. Aktda deyilir ki, obyektin sayğacı yenisi ilə əvəz olunsun, çıxarılan sayğacın yaddaşı laboratoriya şəraitində yenidən oxunsun. - xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, qüsur kimi sayğacın tamamilə yanması qeyd olunmuş, xx.xx.2020-ci il tarixli, R seriyalı, 031119 saylı akta əsasən 67373 kvts (163 göst x 80 əms : 6 gün x 31 gün = 67373 kvts) elektrik enerjisi sərfiyyatı hesablanmışdır. - xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixli, NDQ seriyalı, 008036 saylı akta əsasən 63389 kvts (64 kvt x (0,7) x24 saat x119 gün)-64560 kvts = 63389 kvts) tarif (0,09 manat)-63389 kvtsx0,09= 5705 manat elektrik enerjisi sərfiyyatı hesablanmışdır. - xx.xx.2020-ci il tarixli Abunə haqqınının surətindən görünür ki, qeyd olunan aktlara əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 6063,57 manat və xx.xx.2020-ci il tarixdə 5705,01 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. 8.8-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin təqsiri olmadan, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasındakı hesablaşma elektrik sayğacının işi pozulduqda, elektrik enerjisinə görə hesablaşma tərəflərin razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğacının normal işi dövlət elektroenergetika müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. İddiaçının mübahisələndirdiyi birinci aktla bağlı müəyyən olundu ki, Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında xx.xx.2020-ci il tarixdə güclü külək nəticəsində xətt qırılaraq həmin obyektə gedən xəttin üstünə düşmüş, nəticədə güc transformatorları zədələnmiş və elektrik saygacı tamam sıradan çıxmışdır. Cavabdehin əməkdaşları iddiaçının çağırışı əsasında baş vermiş qəza səbəbindən baxış kçririlməsi üçün dəvət edilmiş və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məlum təbii hadisə zamanı baş vermiş qəza nəticəsində xx.xx.2020-ci il tarixli, 031119 saylı akt tərtib olunmuşdur. Elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş və yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Xəttdə gərginliyin olmaması səbəbindən yükü ölçmək mümkün olmamış və hesabatın keçən aya uygun aparılması və yeni saygacın quraşdırılması aktda qeyd olunmuşdur. Həmin akt əsasında iddiaçıya 67373 kvts elektrik enerjisi sərfiyyatına görə (31 gün üçün) 6063,57 manat borc hesablanmışdır. Abunə haqqında məlumatdan müəyyən olunur ki, iddiaçının aprel ayı üçün elektrik enerjisi sərfiyyatının məbləği 835,20 manat, mart ayı üçün 1180,80 manat, fevral ayı üçün 1828,80, iyun ayı üçün 2059,20 manat, iyul ayı üçün 1449,20 manat olmuşdur. Həmçinin müəyyən olundu ki, iddiaçı tərəfindən may ayı ərzində istifadə etdiyi elektrik enerjisinə görə 233,54 manat ödəniş edilmişdir. Beləliklə, birinci akta münaibətdə məhkəmə tədqiqatı zamanı müəyyən olunanlara əsasən aşağıdakıları qeyd etmək olar: Əvvəla, iddiaçının may ayından əvvəl və sonrakı aylarda elektrik enerjisi sərfiyyatının yuxarıda göstərilən məbləğləri ilə may ayında sayğacın yanma səbəbindən iddiaçıya hesablanan sərfin məbləğini (6063,57) müqayisə etsək, həqiqətən hesablanan borcun əsassızlığı və iddiaçıya münasibətdə adil olmadığı qənaətinə gəlmək olar. Birinci aktda hesabatın əvvəlki aya uyğun aparılması qeyd olunsa da, hesablama heç də əvvəlki aylara uyğun olmamaışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında may ayı üçün hesablanan məbləği mübahisələndirib, həmin məbləğin həddən artıq yüksək olduğunu bildirmişdir. Məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq, belə nəticəyə gəlir ki, birinci akta əsasən may ayı üçün sərfiyyatın hesablanması əvvəlki aylara uyğun aparılmalı, əvvəlki üç ayın (fevral, mart, aprel) sərf məbləğləri toplanıb, 3-ə bölünməklə orta aylıq sərfiyyat məbləği çıxarılmalıdır. Alınan ((1180,80+1828,80+2059,20):3=1281,6) 1281,6 manat məbləğdən may ayı ərzində istifadə edilən elektrik enerjisinə görə ödənilən 233,54 manat çıxılmalı (1281,6-233,54=1048,06), alınan 1048,06 manat məbləğ may ayı üçün iddiaçı tərəfindən cavabdehə ödənilməli olan borc olaraq müəyyən edilməli, qalan 5011,94 manat (6060 (6063,57 manat yox, 6060 manat məbləği mübahisələndirildiyindən)-1048,06=5011,94) məbləğində borc silinməlidir. Məhkəmə tədqiqatı zamanı xx.xx.2020-ci il tarixli aktla bağlı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsi, Qızılqaya ərazisində yerləşən daş karxanasında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı sayğaca, sxeminə baxış keçirilmiş, sayğacın yaddaşı oxunan zaman müəyyən müddət ərzində sayğacdan keçən yükün qeyd olunmaması aşkarlanmış, obyektin sayğacı yeni sayğacla əvəzlənmiş, əvvəlki sayğacın yaddaşının oxunması üçün laboratoriyaya göndərilmişdir. Qüsur kimi müxtəlif vaxtlarda gərginlik və cərəyan kəsilmələrinin aşkarlandığı göstərilərək xx.xx.2020-ci il tarixdə iddiaçıya 5705,01 manat məbləğində borc hesablanmışdır (63389 kvts (64 kvt x (0,7) x24 saat x119 gün)-64560 kvts = 63389 kvts) tarif (0,09 manat)-63389 kvtsx0,09=5705,01). İddiaçı məhkəmə iclasında yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmədən, həmin sahədə olan normaların pozulması ilə aparıldığını bildirərək, həmin akt əsasında əsassız olaraq hesablanmış borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən ikinci aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan əlavə, nəzərə alınmalıdır ki, xx.xx.2020-ci il tarixdə müxtəlif vaxtlarda gərginlik və cərəyan kəsilmələrinin aşkarlandığı göstərilərək iddiaçıya 5705,01 manat məbləğində borc hesablansa da, abunə haqqında məlumatdan da görünr ki, il ərzində sərfiyyat məbləğləri sabit olmuşdur (belə ki, avqust ayında məbləğ 1072,80 manat, sentyabr ayında 1273,60 manat, oktyabr ayında 1411,20 manat və təşkil etmişdir). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” MMCyə xx.xx.2020-ci il tarixli 031119 saylı akt əsasında hesablanmış 5011,94 manat (beş min on bir manat doxsan dörd qəpik) və xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat (beş min yeddi yüz beş manat bir qəpik) məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən dövlət rüsumunun cavadehdən tutulması barədə tələb olmadığından ödənilmiş rüsum iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2020-ci il tarixli 031119 saylı akt əsasında hesablanmış 5011,94 manat (beş min on bir manat doxsan dörd qəpik), xx.xx.2020-ci il tarixli NDQ 008036 nömrəli akt əsasında hesablanmış 5705,01 manat (beş min yeddi yüz beş manat bir qəpik) məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3128/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3128/2020
03.12.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver