Məhkəmə qərarları › İş №e-2-2(113)-3132/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3132/2024

15.10.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3132/2024 15.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “İri şəhərlərin X2 Xidməti” X5nə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdeh “İri şəhərlərin X2 Xidməti” X5nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdeh “İri şəhərlərin X2 Xidməti” X5nə (əvvəlki adı ilə "xxxx" ASC) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən "xxxx" MTK-ya hesablanmış 4673,3 manat borcun silinməsinə, həmçinin borc kimi tutulmuş 910 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “İri şəhərlərin X2 Xidməti” X5 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən "xxxx" MTK-ya hesablanmış 11029,3 manat borcun silinməsi, həmçinin borc kimi tutulmuş 1750 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında tikilmiş hündür mərtəbəli yaşayış binası bir neçə ildir istismara verilmişdir. Bu günə kimi su ilə bağlı hansısa problem olmamışdır. Məlumat üçün bildirir ki, binaya gələn su anbara yığılır. Anbardan da bina sakinlərinə paylanılır. Binada bütün yaşayış və qeyri-yaşayış sahələrinə su sayğacı quraşdırılmışdır. Bu günədək su sərfiyyatı ilə bağlı heç bir problem olmamışdır. 2023-cü ilin avqust ayında balansa pul vəsaiti yükləyərkən 200 manata 100 kub su verilməli olduğu halda 30 kub su (vəsait) verildi. Məsələnin aydınlaşdırılması üçün "xxxx" ASC-nin ərazi nümayəndəliyi ilə əlaqə saxlanmışdır. Ərazi üzrə nümayəndə gəlib bildirmişdir ki, 711 kub su (1422 manat dəyərində) borc var və buna görə onlara borc hesablanmışdır. Səbəbini soruşduqda nümayəndə bunu bilmədiyini bildirmişdir. Məsələnin aydınlaşdırılması məqsədilə su idarəsinə getmişdir. Onlar anidən nə üçün borc yarana biləcəyini soruşmuşdur. İsrarla araşdırılmasını xahiş etmişdir. Daha sonra su idarəsindən ona bildirilmişdir ki, anbara tökülən su ilə əhalinin cəminin (324 mənzilin və qeyri-yaşayış sahələrinin) istifadə etdiyi su arasında fərq yaranıb və o fərq onlardan (MTK-dan) tutulmalıdır. Səbəbini soruşduqda heç bir izahat vermək istəmədilər. Bundan sonra dəfələrlə müraciət etmişdir ki, bu məsələ araşdırılsın və zəruri tədbir görülsün. Çünki, balans sayğacı ilə sakinlərə paylanılan su arasında yaranan borc müxtəlif səbəbdən ola bilərdi. İddia edilən əlavə su sərfiyyatının su sızması ilə bağlı olması ağlabatan deyildir. Ona görə ki, su anbarının ətrafı (yan divarları) çöldədir və hansısa sızıntı olsa ətraf divarlarından bilinərdi. Bundan başqa cari ilin yanvar ayı üçün niyə borc hesablanmamışdır. Əgər mütamadi su sızıntısı varsa borc yanvar ayında da olmalı idi. Həmçinin, əgər sakinlərin su sərfiyyatında qüsur varsa, hansısa sakinin sayğacı xarabdırsa və ya düzgün işləmirsə, eləcə də digər səbəblərdən sakinlərə paylanan su ilə anbara yığılan su arasında fərq varsa bubun səbəbi araşdırılmalıdır. Araşdırılması vacib hallardan biri də anbarlarda suyun olmasıdır. Sakinlərlə bina arasındakı bu fərq anbarda yığılmış su ilə bağlı ola bilər. Anbarda tonlarla su var. Balans sayğacından anbara yığılan suyun hamısı sakinlərə paylanmır tonlarla su daima (iki ədəd) anbarda qalır ki, hansısa su kəsintisi olarsa anbarda bir neçə gün istifadə etdilməsi üçün ehtiyat su olsun. Heç bir əsas olmadan, (sakinlərə paylanılan suya görə fərqin) mötəbər dəlillərə əsaslanmadan bir necə min manat pul vəsaitinin "xxxx" MTK-ya yönəldilməsi əsassızdır. Mövcud hesablanmış borca dair araşdırma aparılmamış, MTK-ya heç bir məlumat verilməmişdir. Cavabdeh qurumun əsassız pul (borc) tutumu demək olar ki, hər ay davam edir. 2023-cü ilin avqust ayında başlanılan əsassız pul tutumu sonrakı aylarda da davam edirdi. 2023-cü ilin iyul ayında təqdim edilən bildirişdə hesablanmış borc məbləği 1422 manat, avqust ayında bu borc məbləği 1209 manat, sentyabr ayında bu borc məbləği 2269 manat, oktyabr ayında bu borc məbləği 2277 manat, noyabr ayında gələn bildirişdə bu borc məbləği 3553 manat, dekabr ayında bu borc məbləği 4813,3 manatadək artsa da 2024-cü il tarixdə demək olar ki, onlara borc yazılmamışdır. Yanvar ayında borc hesablanmamış, ödənilmiş 200 manat pul vəsaitinin 140 manatı borcdan silindiyindən yanvar ayında gələn borc məbləği 4673,3 manat təşkil etmişdir (ümumiyyətlə hər ay su üçün hesaba yüklənilən pul vəsaitinin 70% borca silinirdi) Hazırda heç bir əsas olmadan 4673,3 manat "xxxx" MTK-ya yazılmışdır ki, bu hesablanmış borc əsassızdır və hər ay yüklənən pul vəsaitindən bu vəsait tutulur. Avqust ayından indiyədək su ilə bağlı hesaba yüklənilmiş pul vəsaitinin əsas hissəsi borca çıxılmışdır. Belə ki, 04 avqust 2023-cü il tarixdə su üçün ödənilən 150 manatpul vəsaitinin 105 manatı; 14 avqust2023-cü il tarixdə su üçün ödənilən 150 manatpul vəsaitinin 105 manatı; 02 sentyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 03 oktyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manat pul vəsaitinin 140 manatı; 06 noyabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 02 dekabr 2023-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; 08 yanvar 2024-cü il tarixdə su üçün ödənilən 200 manatpul vəsaitinin 140 manatı; Bu günədək su üçün ödənilmiş 1300 manat pul vəsaitinin 910 manatı borc kimi silinmişdir. Odur ki, yazılmış borc əsassız olduğundan borc kimi silinmiş pul vəsaiti də əsassızıdır. Bundan başqa MTK özü ayrıca hüquqi şəxsi olmaqla binanın idarəçiliyində heç bir rolu qalmamışdır. Hazırda binanın idarəetməsi Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirilir İddia tələbinin maddi hüquqi əsası kimi “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1 və 5.1, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3.2, 31-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5, 5.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, yaşayış binası 2017ci ildə oktyabr ayında təhvil verilmişdir. Müqavilə 7 il bundan qabaq bağlanmışdır. Lakin iddiaçı da müqaviləni tapa bilməmişdir. Tərəflər arasında belə bir müqavilə yoxdur. Əgər qarşı tərəfin bazasında da belə bu müqavilə tapılmırsa, deməli ortada balans sayğacı barədə müqavilə yoxdur. Əsas məsələ də yazılan borc məbləğinin smart sayğaca yazılmış borcdur. Belə ki, iddiaçı smart kart istifadəçisidir. Smart karta yüklənilən pul həcmində sudan istifadə edirlər. Həmin məbləğdən istifadə etmək hüquqları olsa da, balans sayğacı deyilən sayğac onlara təhvil verilməmişdir. Belə ki, su anbara tökülür, anbarda suyun olubolmaması yoxlanılmamışdır. Ümumi əsasıarla cərimə yazılmışdır. Lakin hazırda hesablanma əsasları məlum olmayan borca görə onlar abonent koduna yüklənilən məbləğdən istifadə edə bilmir və qanunsuz olaraq silinmələr baş tutur. İddiaçıya 11029 manat məbləğində borc hesablanmışdır. Binaya gələn su birbaşa anbara yığılır, anbardan da bina sakinlərinə paylanılır. Binada bütün yaşayış və qeyri-yaşayış sahələrinə su sayğacı quraşdırılmışdır. Əlavə sərfiyyatın yazılması məsələsi hər ay olmur. Bəzən elə olur ki, 3 ay hesablanır 1 gün hesablanmır. Ən son iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni verilən tarixdən 2 aydan çoxdur ki, borc hesablanaraq balansdan çıxılmır. Sonuncu dəfə də 1750 manat məbləğ əsassız silinmişdir. Karta hər dəfə ödəniş etdikdə qeyd edilən borca görə silinmələr baş verir. Nəzərə alınmalıdır ki, həmin anbardan 10 qeyri-yaşayış sahəsinə və 324 mənzilə su çatdırılır. Hansısa sayğacın xarab olması bu sərfiyyat fərqini yarada bilər, hansı ki bunun üçün sayğacı xarab olan vətəndaşlar məsuliyyət daşımalıdır. Yazılmış cərimələrə görə cavabdehin əməkdaşlarının təzyiqinə məruz qalırlar, eyni zamanda iddiaçıya binanın ümumi suyunun kəsiləcəyini bildirirlər. Qarşı tərəf hər iki sayğacın iddiaçının balansında olmasında dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Son 3 aydır ödənilən məbləğdən tutulma olmasa da, tutulan dövrlərdə nə qədər məbləğ yüklənirdisə həmin məbləğin 70%-i tutulmuşdur. Ödənilən məbləğə əsasən iddiaçıya verilən suyun həcmindən tutmalar aparılmışdır. Belə ki, 200 manata 100 kub alınmalıdırsa, 200 manata 30 kub su almışlar. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Yaranmış borc nə əlavə sərfiyyat, nə də sayğacdan kənar istifadə ilə bağlı yaranmış hal deyildir. İstifadə edilən mexaniki sayğac "xxxx" MTK-nın balansında olduğu üçün balans mənsubiyyəti də sayğaca qədər cavabdeh tərəfdən müəyyən olunur. Sayğacdan sonraya qeyri-yaşayış sahəsi məsuliyyət daşıdığı üçün sayğacdan keçib, vətəndaşlara verilən su əsasında müəyyən olunmuş sərfiyyat fərqi "xxxx" MTK-dan tələb olunmuşdur. Hər ay su sərfiyyat fərqi yaranmaya bilir. Həmin müəssisədə 2 sayğac vardır. Sadəcə anbar və həmin yerdə olan nasosxana cavabdehə təhvil verilməmişdir. İddiaçı tərəfindən cavabdehə həmin obyektlər təhvil verilib, balansa götürüldüyü təqdirdə artıq cavabdeh məsuliyyət daşımış olardı. Abonent haqqında məlumatlar olan vərəqədən də göründüyü kimi borc yalnız sayğacın göstəricisinə uyğun olaraq hesablanmış borcdur. Abonent saldosunda sayğaclar qeyd olunmamışdır. Buna görə də bu borc əsaslıdır, lakin konkret olaraq hansı sayğaca əsasən yaranması barədə bir məlumatı yoxdur. Balans sayğacı nəzarət sayğacı olduğu üçün o qeydiyyata salınmır. Mexaniki sayğac üzrə hesablanmış borc sayğacıdır. Mexaniki sayğac da 2017-ci ildən həmin binada quraşdırılmışdır. Smart sayğac ofisin sayğacıdır, mexaniki sayğac isə girişdə qoyulan sayğacdır. Hovuzun girişindəki balans sayğacı ilə su vətəndaşlara paylanmışdır. MTK yaradılan zaman həmin balans sayğacı onlara təhvil verilməli idi. Həmçinin hovuzda axıntı, sızıntı ola bilər. Ortalıqda su itkisi var, lakin səbəbi məlum deyildir. Anbar MTK-nın balansında olduğu üçün əlavə sərfiyyata görə yaranmış borc da MTK-ya yazılmışdır. Yəni su anbarının girişində olan balans sayğacın göstəricisi ilə binadakı mənzillərdən yığılan ümumi məbləğin fərqi hesablanaraq iddiaçının balansına yazılmışdır. Sonda o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 1209,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 2269,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixinə qalıq borcu 2277,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 4673,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 8983,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 8843,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 9951,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı MMC-yə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixinə qalıq borcu 11029,3 manat məbləğində hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin iyul ayında tərtib edilmiş aktdan görünür ki, iyul 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 711 m3 hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin avqust ayında tərtib edilmiş aktdan görünür ki, avqust 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 4098 m3 hesablanmışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən 075350 saylı 2023-cü ilin sentyabr ayında tərtib edilmiş aktdan görünür ki, sentyabr 2023-cü il tarixinə balans sayğacının və əhali sayğacının göstəriciləri nəzərə alınmaqla su sərfiyyatı 600 m3 hesablanmışdır. 126626 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir. 129780 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir. 130724 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 150 manat ödəniş edilmişdir. 132441 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 135659 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 139109 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 141969 saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 146089 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 149523 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 152228 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 155261 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 158010 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 160166 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. 163034 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Smartkart (A) qeyri-əhali sayğacına 200 manat ödəniş edilmişdir. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı MTK-nın sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 2024-cü ilin iyul ayına 10889,90 manat qalıq borc hesablanmışdır. "xxxx" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar Departamentinin xx.xx.2023-cü il tarixli, 13-16-5-4/1-322/2023 saylı müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdur ki, Yasamal rayonu, M.Xiyabani 192,192A, 192B ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında fərdi kodlaşmadan sonra yaranmış borcun səbəbi işlək olan balans sayğacının və əhali abonentlərinin sayğaclarının pilləkən qəfəsində quraşdırılmasını nəzərə alaraq, cari ilin iyul ayından etibarən İddiaçı Mənzil Tikinti Kooperativinə çıxılma olmuşdur. Balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərq MTK-ya məxsus 075350 koda sərfiyyat olaraq hesablanmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/MT015/2023-00604/02 saylı arayış və 100180 saylı qəbzdən görünür ki, mediasiya xərci 60 manat müəyyən edilmiş və İddiaçı MTK tərəfindən 64,20 manat ödəniş edilmişdir. Şahid məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, binada 324 mənzil var və hər mənzil üzrə sayğac quraşdırılmışdır. Həmin sayğaclar mexaniki sayğaclardır, mənzillərin daxilində deyil, bloklarda yerləşdirilmişdir. 11-12 qeyri-əhali var ki, onların da hamsınıda obyektin içərisində smart sayğac quraşdırılmışdır. Onların ofisində quraşdırılmış sayğac da smart sayğacdır və 1 ədəddir, ofisin daxilində yerləşir. Bir də anbarın girişində sayğac quraşdırılıb, balans sayğacı adlanır. Lakin anbarın çıxışında sayğac yoxdur. MTK-nın özündə balans və smart sayğac vardır. 2021-ci ildə smart sayğacın qoyulmasında o, iştirak etmişdir. Cavabdehin əməkdaşları baxış keçirtmiş və demişdilər ki, bu sayğacda problem vardır. Onlar da əlaqə saxlamış, gəlib plombun sökmüşlər və o, özü laboratoriyaya vermişdir. Daha sonra sayğac yararsız çıxdığına görə yeni sayğac qoyulmuş və o zaman da yararsız çıxan sayğac üzrə də borc mövcud olmamışdır. 2017-ci ilin dekabr ayından mənzillərə də çıxarışlar verilməyə başlanmışdır. Yay aylarında MTK-da sudan çox istifadə olunur. Ağacları sulamaq üçün smart karta daha yüksək məbləğ vurulur. 2023-cü ilin avqust ayının 4-də karta yüklənmiş məbləğlə smart sayğaca yüklədikdə ona verilən suyun kubu mütənasib olmamışdır. Bu zaman o, nəzarətçiyə məlumat vermişdir. Nəzarətçi gəlib yoxlanış keçirtdikdən sonra çıxılmalar olduğunu bildirmiş və Baş İdarəyə məlumat verilməsini bildirmişdir. O, da Yasamal Rayon Su İdarəsinə yaxınlaşmış və satış müdiri Mirəli müəllimə olanları danışmışdır. Həmin şəxs ona verilən su ilə əhaliyə satılan su arasında fərqi tapıb, çatmayan hissəni də onların abonent koda borc kimi vurulduğunu qeyd etmişdir. O, da həmin şəxsə bildirmişdir ki, balans sayğacda çatmayan məbləği necə ola bilər ki, smart sayğaca borc kimi vurulmuşdur. Çünki nə qədər məbləğ yükləyirsə, onlar o, qədər də istifadə edə bilər. Hətta həmin şəxs ona bildirmişdir ki, hazırda "xxxx" ASC ilə İri Şəhərlərin X2 Xidməti” X5 arasında səlahiyyətlər müəyyənləşdiyi üçün hazırda qarışıqlıq vardır. Borcun iyul ayında yarandığını, 711 kub metr su dəyərində əlavə sərfiyyatı olduğunu bildirmişdir. Səbəbini soruşduqda nümayəndə bunu bilmədiyini demişdir. Daha sonra aralarında mübahisə yaranmış və ona bu borcun hər ay gələcəyini qeyd etmişdir. Həqiqətən də elə oldu ki, hər ay, bəzənsə 2-3 aydan bir borc məbləği hesablanmışdır. Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. 60-cı maddəsinin 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: a) mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə; b) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə ödəmə; c) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə birdəfəlik ödəmə; ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna olmaqla). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə görə su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının: 4.1 və və 4.1.3-cü bəndlərinə əsasən istehlakçıların bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək vəzifəsi vardır. 6.12-cu maddəsinə görə hər hansı səbəbdən istismara yararsız smart-kart tipli suölçən cihazın və ya sərfiyyat yükləmə kartının istifadə olunmamış sərfiyyat göstəriciləri yeni veriləcək kartın balansına köçürülür. 6.16-cu maddəsinə görə su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir. 6.17-ci maddəsinə görə tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Hazırkı işin hallarından görünür ki, mübahisəli borc “İri şəhərlərin X2 Xidməti” X5 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativinin yerləşdiyi yaşayış binasında quraşdırılmış balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı yaranmış fərqin MTK-ya sərfiyyat olaraq hesablanmaqla iddiaçıya təqdim edilmiş hesab fakturalar və iddiaçı tərəfindən aparılmış ödənişlərdən çıxılmalar üzrə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2023-cü ilin iyul ayından etibarən cavabdeh tərəfindən balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərq MTK-ya məxsus 075350 koda sərfiyyat olaraq hesablanmaqla, xx.xx.2024-cü il tarixli ********* saylı hesab-faktura üzrə əvvəlki dövr nəzərə alınaraq 11029,3 manat məbləğində qalıq borc hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixədək edilmiş ödənişlər üzrə həmin məbləğlərdən cavabdeh tərəfindən 1750 manat borca silinmişdir. Cavabdeh “İri şəhərlərin X2 Xidməti” X5 mübahisəli borcun balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı yaranmış fərqin MTK-ya sərfiyyat olaraq hesablanması nəticəsində yarandığını qeyd etsə də, yaranmış fərqin hansı əsasla MTK tərəfindən ödənilməli olmasına, fərqin yaranmasının iddiaçının günahı olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəməyə balans sayğaca dair tərəflər arasında bağlanmış müqavilə təqdim edilməmiş, həmin müqavilə üzrə balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasında yaranan fərq üzrə hesablanmış sərfiyyət məbləğinin məhz MTK tərəfindən cavabdehə ödənilməsi ilə bağlı iddiaçının öhdəliyi müəyyən olunmamışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş su borcu bildirişlərindən müəyyən olunur ki, həmin binada yaşayan əhalinin hər birinin ayrıca sayğacı mövcuddur və istifadə etdikləri suyun sərfiyyatına uyğun ödənişlər edirlər. Balans sayğacın göstəricisi ilə binadakı sayğacların göstəricisi arasında fərqin yaranması binadakı sakinlərdən kiminsə sayğacında yaranmış problem səbəbindən və ya kiminsə sayğacdan kənar sudan istifadə etməsi nəticəsində də yarana bilər ki, bu da iddiaçının təqsiri hesab edilə bilməz. Hazırkı halda balans sayğacın göstəricisi ilə binadakı əhali və qeyri-əhalidən yığılan ödənişlər arasında fərqin yaranması və buna görə də həmin fərqin cavabdeh tərəfindən iddiaçının hesabına yazılması üçün nə müqavilə əsası, nə də qanuni əsas müəyyən edilməmişdir. Cavabdehə balans sayğacla bağlı tərəflər arasında imzalanmış müqavilənin təqdim edilməsi təklif olunmuş, lakin müqavilə təqdim edilməmişdir. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən balans sayğac ilə əhali və qeyri-əhali sayğacları arasındakı fərqin MTK-ya əlavə sərfiyyat olaraq hesablanması əsassız və qanunsuzdur, cavabdeh iddiaçıya 11029,30 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bundan başqa cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-xx.xx.2024-cü il tarixədək hər ay etdiyi ödənişlərdən cəmi 1750 manatın borca çıxılması əsassız hesab olunduğundan, 1750 manat pul vəsaiti İddiaçı MTK-nın cavabdehdə olan sayğac balansına qaytarılmalıdır. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X2 Xidməti” X5 (əvvəlki adı ilə "xxxx" ASC) tərəfindən İddiaçı MTK-ya hesablanmış 11029 (on bir min iyirmi doqquz) manat 30 (otuz) qəpik məbləğində borc silinsin. İddiaçıdan tutulmuş 1750 (bir min yeddi yüz əlli) manat pul vəsaiti İddiaçı MTK-nın cavabdehdə olan sayğac balansına qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar