Məhkəmə qərarları › İş №e-2-2(113)-3222/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3222/2020

27.10.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3222/2020 27.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: X2 Cavabdeh İB-yə qarşı borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, hazırkı iddianın verilməsi ilə bağlı iddiaçı Musa İslamov tərəfindən dövlət rüsumu ödənilməmiş və iddiaçı dövlət rüsumunu ödəməməsinə əsas kimi istehlakçıların hüquqlarının müdafiəsinə dair iddialar üzrə iddiaçıların dövlət rüsumunu ödəməkdən azad edilməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə uyğun olaraq məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun ödənilmə əsasları, qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən olunmuşdur. Həmin qanunun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. Hazırkı işin hallarından isə görünür ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan iddiaçı Musa İslamov ona məxsus istixanaya qazdan istifadəyə görə hesablanmış borcun silinməsi tələbini irəli sürmüşdür. Göründüyü Musa İslamovun silinməsini tələb etdiyi borc məbləği iddiaçının istehlakçı kimi şəxsi tələbatı üçün deyil, sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi qaza görə yaranmışdır. Belə olan halda isə Musa İslamov mübahisəli hüquq münasibətlərində istehlakçı qismində çıxış etmədiyindən “Dövlət rüsumu haqqında” AR qanunun 9.1.5-ci maddəsinin hazırkı mübahisəyə tətbiq edilməsi üçün heç bir əsas yoxdur. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, MPM-in tələblərinə əsasən iddia ərizəsinə həmin ərizənin cavabdehə çatdırılmasını təsdiq edən sənəd əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar