Məhkəmə qərarları › İş №e-2-2(113)-3292/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3292/2025

30.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3292/2025 30.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı alqı-satqı müqaviləsinə əsasən 124222,20 manat (105273,05 manat + 18% ƏDV 18949,15 manat) borc və 414,22 manat (dörd yüz on dörd manat iyirmi iki qəpik) dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq İddiaçı MMC alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra edərək, Cavabdeh MMC-ni keyfiyyətli beton məhsulları ilə təchiz etmişdir. Sözügedən müqavilənin 3.3-cü maddəsinin tələbinə əsasən alıcı ay üzrə götürdüyü məhsulun dəyərinin 100%-ni hər ayın sonunda satıcının təqdim etdiyi elektronqaimə fakturalar əsasında 7 gün müddətində ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər vaxtlı-vaxtında ödənilmədiyi halda məhsulun göndərilməsi ödəniş həyata keçənə kimi satıcı tərəfindən dayandırıla bilər və hər gecikmiş gün üçün gecikdirilən məbləğin dəyərinin 0,1%-i həcmində alıcı tərəfindən dəbbə pulu ödənilir. Həmin halda dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 10%-dən çox olmamaqla hesablanır. Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı alqı-satqı müqaviləsinin şərtləri pozularaq, akt əsasında təhvil verilmiş, təqdim olunmuş xx.xx.2024cü il tarixli, EBDX seriyalı, 053981 saylı elektron qaimə faktura üzrə 85317,59 manat (72303,05 manat+18% ƏDV 13014,55), xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 226556 saylı elektron qaimə faktura üzrə 38904,60 manat (32970 manat + 18% ƏDV 5934,60) malın pulu bu günədək ödənilməmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll еtmək məqsədi ilə cavabdehə dəfələrlə şifahi, xx.xx.2024-ci il tarixdə isə pretenziya qaydasında borcun qaytarılması tələbi ilə bağlı rəsmi хəbərdarlıq еdilmiş, lakin bundan sоnra da qеyd оlunan krеdit müqaviləsinin şərtləri cavabdeh tərəfindən yеrinə yеtirilməmiş və öhdəliklər lazımınca icra еdilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422, 425, 443.1, 445.1, 445.7, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, FC-BAS-23- 001 saylı alqı-satqı müqaviləsinə əsasən 124222,2 manat borc və 414,22 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli, FC- BAS-23- 001 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə təqdim olunmuş elektron qaimə faktura üzrə dəqiqləşmələr aparılarkən məlum olmuşdur ki, cavabdehin iki elektron qaimə faktura üzrə borcu mövcuddur. Belə ki, cavabdehə akt əsasında təhvil verilmiş, mala dair təqdim olunmuş EBDY seriyalı, 226556 nömrəli elektron qaimə faktura üzrə 38904,60 manat (ƏDV daxil) məbləğində borcu var. Cavabdehə akt əsasında təhvil verilmiş, mala dair təqdim olunmuş, EBDX seriyalı, 053981 nömrəli, 241018,60 manat (ƏDV daxil) elektron qaimə faktura üzrə borcun bir qismi ödənilmiş, lakin 85317,60 manat (ƏDV daxil) məbləğində borc bu günədək ödənilməmişdir.

6. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

7. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçı ərizə ilə məkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında 15 aprel 2023-cü il tarixli, FC-BAS-23-001 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun beton qatışığını (sonradan məhsul adlanacaq) alıcının mülkiyyətinə təhvil verməyi, alıcı isə məhsulu qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə alınan malların qiyməti (hər vahidin qiyməti) müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavəsində (qiymət razılaşdırma protokolu) göstərilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən bazarda sementin, doldurucu materialların və daşınma ilə əlaqədar yanacağın qiymətində dəyişiklik olduğu halda məhsulun qiyməti satıcı tərəfindən müvafiq qaydada dəyişdirilə bilər və bu barədə alıcı bir həftə öncə xəbərdar edilir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ay üzrə götürdüyü məhsulun dəyərinin 100%-ni hər ayın sonunda satıcının təqdim etdiyi elektron-qaimə fakturalar əsasında 7 gün müddətində ödəyir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər vaxtlı-vaxtında ödənilmədiyi halda məhsulun göndərilməsi ödəniş həyata keçənə kimi satıcı tərəfindən dayandırıla bilər və hər gecikmiş gün üçün gecikdirilən məbləğin dəyərinin 0,1% həcmində alıcı tərəfindən dəbbə pulu ödənilir. Həmin halda dəbbə pulunun ümumi məbləği gecikdirilən məbləğin 10%-dən çox olmamaqla hesablanır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2023-cü il tarixli razılaşdırma protokolundan görünür ki, tərəflər protokolda adıçəkilən mallar (Beton C 16/20-85 manat/1 m3, Beton C 25/30- 110 manat/1 m3) barədə razılığa gəlmişlər. Qeyd edilmişdir ki, hər bir malın qiyməti ƏDV nəzərə alınmadan göstərilmişdir. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 241018,6 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş, Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 38904,6 manat olan mal təhvil verilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış və göndərilən qaimələrin siyahısı əlavə edilmişdir.

13. xx.xx.2024-cü il tarixli, EBDX seriyalı, 053981 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 241018,6 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı müqaviləyə 1 saylı əlavə qeyd edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 226556 nömrəli elektron qaimənin məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 38904,6 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı müqaviləyə 1 saylı əlavə qeyd edilmişdir. Qaimə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, müqavilə üzrə yaranmış borcun 7 (yeddi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqaviləyə əsasən satıcı, müqavilənin əlavəsində qeyd olunan göstərici və texniki xüsusiyyətlərə uyğun beton qatışığını (sonradan məhsul adlanacaq) alıcının mülkiyyətinə təhvil verməyi, alıcı isə məhsulu qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edib, malları alıcıya təhvil versə də, cavabdeh qəbul etdiyi malın dəyərini iddiaçıya ödəmək barədə öhdəliyini lazımınca icra etməmişdir. Həmin hal işdə olan sübutlarla (qiymət razılaşdırma protokolları, təhvil-təslim aktları, elektron qaimələr) öz təsdiqini tapır.

19. İddia tələbini cavabdehdən xx.xx.2023-cü il tarixli, FC-BAS-23-001 saylı alqısatqı müqaviləsinə əsasən 124222,2 manat borcun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 124222,2 manat (yüz iyirmi dörd min iki yüz iyirmi iki manat iyirmi qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu işdə olan sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixdə EBDN seriyalı, 652156 nömrəli elektron qaimə (mübahisə predmeti ilə bağlı olmayan elektron qaimə) 200000 manat, xx.xx.2024-cü il tarixdə EBDQ seriyalı, 790965 nömrəli elektron qaimə (mübahisə predmeti ilə bağlı olmayan elektron qaimə) üzrə 60000 manat və EBDX seriyalı, 053981 nömrəli elektron qaimə (hazırkı mübahisə ilə bağlı) üzrə 140000 manat ödəniş edilmişdir, yəni bir elektron qaimə üzrə qismən ödəniş edilmişdir. Mübahisə ilə bağlı olan digər elektron qaimə (xx.xx.2024-cü il tarixli, EBDY seriyalı, 226556 nömrəli elektron qaimə) üzrə ödənişləri təsdiq edən sənədlər cavabdeh tərəfindən iş materiallarına əlavə edilməmişdir. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmiş, mübahisə üzrə ödənişlərin edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

21. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 414,22 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 414,22 manat (dörd yüz on dörd manat iyirmi iki qəpik) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, FC-BAS-23- 001 saylı alqı-satqı müqaviləsi üzrə 124222,2 manat (yüz iyirmi dörd min iki yüz iyirmi iki manat iyirmi qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 414,22 manat (dörd yüz on dörd manat iyirmi iki qəpik) olmaqla, ümumilikdə 124636,42 manat (yüz iyirmi dörd min altı yüz otuz altı manat qırx iki qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar