Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3471/2023 06.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Socar Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı (MMC) cavabdeh Socar Cavabdehnə (İB) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Lənkəran şəhəri, Ləvəngi dairəsində (Astara MQKS, Lənkəran rayonu, Ləvəngi dairəsi 10) fəaliyyət göstərən İddiaçı MMC-yə məxsus obyektə (abonent kodu: **********00000) Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4873 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Azəriqaz İB-nin əməkdaşları Lənkəran rayonu, Lənkəran şəhəri, Ləvəngi dairəsində fəaliyyət göstərən İddiaçı MMC-yə məxsus obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirtmiş, sayğacda müəyyən nasazlığın olmasını əsas gətirərək akt tərtib etmiş, həmin ünvanda quraşdırılmış qaz sayğacını dövlət yoxlamasına göndərmək məqsədi ilə yenisi ilə əvəz etmişdirlər. Sonradan məlum olmuşdur ki, qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacının batareyasının istismar müddəti bitmişdir. Cavabdeh İB yuxarıda qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacında güya mövcüd olmuş nasazlıqların baş verməsində istelkaçını təqsirli hesab etmiş, ona görə də həmin abonent koduna itirlimiş qaz sərfiyyatının bərpa olunması məqsədi ilə 4873 manat məbləğində əsassız borc hesablanmışdır. Birliyə olunmuş çoxsaylı müraciətlərdən sonra Birliyin əməkdaşları bildirmişdirlər ki, guya sözügedən borcun yaranması üçün əsas sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında yaranmış fərq olmuşdur. Bu hal da əsassızdır. Belə ki, Birliyin əməkdaşları MMC-yə sərfiyyat ilə bağlı hər ay qaimə təqdim etmiş, həmin qaimələrdə qeyd olunan vəsait tam ödənilmişdir. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı obyektdən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı nasazlıqlara görə heç bir halda istehlakçı cavabdehlik daşmamalıdır. Sözügedən ünvanda quraşdırılmış qaz sayğacı obyektdən kənar, açıq ərazidə yerləşdiyi üçün sayğacı fiziki, meteoroloji və s. təsirlərdən qorumaq praktik olaraq mümkün deyildir. Ona görə də həmin sayğacda baş verə bilən hər hansı problemlərə görə heç bir halda MMC cavabdehlik daşımamalıdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı üçün həmin məbləğlərlə də MMC razı deyil. Belə ki, birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində sözügedən ünvanda istifadədə olan məişət qaz cihazlarının saatlıq sərfiyyatı qeyd olunmuşdur. Lakin həmin cihazların reallıqda mövcud olması, qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Beləliklə, iş materiallarında olan sübutlar və qanunvericilikdə müəyyən olunmuş normaların tələblərindən tam aydın olur ki, İddiaçı MMC-nin istifadəsində olan qaz sayğacının iddiaçının əməkdaşlarının təqsiri ucbatından nasazlıq yaranmamış onların və təqsirli hərəkətlərimin nəticəsində Cavabdeh İB-nə ziyan vurulması sübut olunmur. Buna görə də Cavabdeh İB tərəfindənİddiaçı MMCdən tələb olunan itirilmiş qaz sərfiyyatının bərpa olunması məqsədilə hesablanmış 4873 (manat məbləğində pul vəsaitinin heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edirəm ki, bu borc silinməlidir.
3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə vermiş olduğu etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Lənkəran şəhəri, Ləvəngi dairəsi 10-da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla X4 İstismarı İdarəsinin Lənkəran Xidmət Sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə AMX-3161/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si bağlanmışdır. İddiaçıya məxsus qaz xəttinin üzərində quraşdırılmış G-25 markalı 75116136 nömrəli qaz sayğacına baxış keçirilən zaman sayğacın qeyri-məqbul işləməsi (elektron göstəricinin mexaniki göstəricidən geri qalması) müəyyən edilmişdir. Bu səbəbdən, həmin sayğac xx.xx.2022-ci il tarixində istehlakçıların iştirakı və imzası ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilərək çıxarılmış, və növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 2.13-cü bəndinə əsasən, ölçmə vasitələrinin dövri yoxlaması, həmçinin sifariş əsasında yoxlama nişanı zədələndikdə, yoxlama haqqında şəhadətnamə qüvvədən düşdükdə, uzunmüddətli saxlamadan sonra ölçmə vasitəsi istismara buraxıldıqda (yoxlamaarası interval bir dəfədən çox olduqda), təkrar tənzimləmə (yustirləmə) və ya sazlamanın aparılması, ölçmə vasitəsinə məlum və ya ehtimal edilən zərbə təsiri zamanı, həmçinin cihazın qeyri-məqbul işləməsi zamanı həyata keçirilir. 01.11 2022-ci il tarixində qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsinin nəzarəti altında dövlət yoxlamasından keçirilmişdir. Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli, SS N 29/1640-02485 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktına görə batareyanın nasazlığı səbəbindən mexaniki hissədən keçən 39871 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə rəy verilmişdir. Nəticədə təbii qazın uçotu dövlət standartlarına uyğun aparılmamışdır. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən, enerji resurslarından istifadənin uçotu ölçü üsullarının və cihazlarının dəqiqliyi normalarına və dövlət standartlarına uyğun həyata keçirilir. Belə ki, Respublikada qüvvədə olan ГОСТ 2939-63 “Газы Условия для определения обьема” standartının tələblərinə əsasən istehlakçılara təhvil verilən qazın həcmi standart şəraitdə təzyiq 1.01325 bar və tempratur 293, 15 К (20 C) olmaqla hesablanmalıdır. Bunun üçün də turbin və rotor tipli qaz sayğacları elektron həcm korrektorları ilə təchiz edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndi ilə istehlakçıya verilən qazın həcminvə dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrinə aid edilmişdir. Digər tərəfdən “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. Verilmiş rəyə görə və ГОСТ 2939-63 standartının tələbləri nəzərə alınmaqla ПР 50.2.019- 2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq 2022-ci ilin noyabr ayında 19492 m3 uçota alınmayan təbii qazın həcmi və 4873 manat məbləğində dəyəri müəyyənləşdirilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların Müayinəsi Laboratoriyası tərəfindən verilmiş rəy əsasında sayğacın mexaniki hissədən keçən 39871 m3 qaz həcmi 1.46 korreksiya əmsalına vurularaq, hesabat aşağıda göstərilən qaydada aparılmışdır: 58211+194(göstərici fərqi)+505m3(ucotu pozulmuş qaz)-41165 (mexaniki göstərici) =19492X0,25=4873 manat. Qeydə alınmamış qaz sərfinin hesablanaraq abonentin hesabına işlənməsi üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və noyabr ayı üçün iddiaçının hesabına daxil edilmişdir. G-25 markalı, 75116136 nömrəli qaz sayğacı iddiaçının vəsaiti hesabına alınmış və təsərrüfat sahəsində quraşdırılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarının tələblərinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar." Qeyd olunan normativ aktlarının tələblərindən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC obyektdə istismarda olan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən istehlakçı bu Qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydalarfnda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar." Həmin qaydaların 4.8-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın, qaz sayğacının göstəricisinə əsasən tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi K. Yaqubova ərizəni müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, aparılmış yoxlama dövlət qeydiyyatından keçməmişdir və aparılacaq yoxlama haqqında iddiaçıya qabaqcadan məlumat verilməmişdir. Digər tərəfdən, tərtib olunmuş aktdan da görünmür ki, abonentçi tərəfindən sayğaca hər-hansı təqsirli hərəkət və ya müdaxilə olunub. Sırf batareyanın işlənməməsi səbəbi göstərilib. Həmin batareya isə sayğaca Azəriqaz İB tərəfindən qoyulur. Və aktda da qeyd olunub ki, batareyanın istismar müddəti minimum 36 aydır. Lakin, X2raşdırdığı sayğacda olan batareyanın istismar müddəti qədər işləməməsi abonentçinin təqsiri kimi giymətləndirilə bilməz. Digər tərəfdən, abonent saldosundan da görünür ki, abonentçi vaxtı-vaxtında ödənişlərini edib və heç bir borcu belə mövcüd olmayıb.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. 26 iyul 2021-ci il tarixli, AMX-3161/01 saylı qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədən görünür ki, Cavabdeh İB ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır.
9. 25 noyabr 2022-ci il tarixli, MSK 29/1640-02485 nömrəli akta əsasən 30 sentyabr 2022-ci il tarixində telefonoqramına əsasən Dövlət yoxlamasına aparılmış Lənkəran rayon Xidmət sahəsinin İddiaçı MMC-yə məxsus qaz xətti üzərində quraşdırılmış G25 markalı 75116136 nömrəli rotor tipli “Elester” qaz sayğacı 06 oktyabr 2022-ci il tarixində xətdən çıxarılmış, 01 noyabr 2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanılması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir. Korrektor sönüb.İmpuls ötürücüsü normalıdır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizlındi, hava vuruldu, mexaniki hissə işləkdir. Ehtiyyat batareya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. Pbaza =101235 bar, Tbaza=20 . Göstəricilər Vbt=566996 m3 Vt =384513 m3 əks olundu. Batareya yoxlandı, gərginliyi ov. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 39871 m3 qaz həcmi elektron hissədə qeyd olunmamışdır. İmpuls öütücüsü yoxlanıldı, yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan edən şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çevriciləri normaldır. Yoxlamanın nəticəsiminimal sərfiyyatda xəta normaya uyğun deyil. Batareya tələb olunur.
10. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı MMC-yə məxsus (abonent kodu- **********00000) obyektə baxış keçirilən zaman (Azəriqaz İB-nin 25 noyabr 2022-ci il tarixli, MSK 29/1640-02485 nömrəli rəyinə əsasən) korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 39871 m3 qaz həcmi elektron hissədə qeyd olunmamışdır. İtirilmiş qazın bərpa edilməsi tələb olunmuşdur.
11. İddiaçı MMC-yə məxsus abonent saldosundan görünür ki, iddiaçının 2022-ci ilin noyabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 4873 manat təşkil edir.
12. Cavabdeh İB-yə ünvanlanmış pretenziyada Lənkəran rayonu, Lənkəran şəhəri, Ləvəngi dairəsindən (Astara MQKS, Lənkəran rayonu, Ləvəngi dairəsi 10) fəaliyyət göstərən İddiaçı MMC-yə məxsus obyektə (abonent kodu: **********00000) Cavabdeh İBnin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4873 manat məbləğində borcun 10 gün müddətində silinməsinə göstəriş verilməsi xahiş olunmuşdur.
13. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
15. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Lənkəran rayonu, Lənkəran şəhəri, Ləvəngi dairəsindən (Astara MQKS, Lənkəran rayonu, Ləvəngi dairəsi 10) fəaliyyət göstərən İddiaçı MMC-yə məxsus obyektdə (abonent kodu: **********00000) yoxlama aparılmış və 30 noyabr 2022-ci il tarixli ******* saylı akta əsasən "xxxx" MMC-yə məxsus (abonent kodu- **********00000) obyektə baxış keçirilən zaman Azəriqaz İB-nin 25 noyabr 2022-ci il tarixli, MSK 29/1640-02485 nömrəli aktda qeyd olunan nöqsanlara görə dəymiş ziyanın hesablanması tələb olunmuşdur.
17. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
18. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınin müdafiəsi haqqinda” Qanunun:
19. 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
20. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
23. 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.
24. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
25. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
26. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
27. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən yalnız sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan qanunsuz qoşulma hallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur.
28. 25 noyabr 2022-ci il tarixli, 29/1640-02485 nömrəli aktda korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 39871 m3 qaz həcmi elektron hissədə qeyd olunmadığı bildirilmişdir. Belə olduğu halda yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən aparılan yoxlama həmin qanunun tələblərinə uyğun olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır.
29. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.
30. İddia tələbində 4873 manat məbləğində borcun silinməsi xahiş edilmiş, abonentin saldosundan da görünür ki, akta əsasən 4873 manat məbləğində borc hesablanmışdır.
31. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 4873 manat borc **********00000 nömrəli abonent kodundan silinməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə (Abonent kodu: **********00000 üzrə) hesablanmış 4873 manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova