Məhkəmə qərarları › İş №e-2-2(113)-3557/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3557/2024

05.08.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3557/2024 05.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi və mənəvi zərər) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 2021-ci il aprel ayında tərtib edilmiş aktın ləğv edilməsi və hesablanmış 503 manat borcun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, mənəvi zərərə görə 1000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Beynəlxalq avtovağzalın ətrafında yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035-ci məhəllədə yerləşən kafe işlədir. Həmin kafeyə 2013-cü ildə qaz sayğacı quraşdırılıb. Sayğac kafenin həyətindən kənarda yerləşir. 2021-ci il aprel ayında bir avtomobil tərəfindən sayğaca xəsarət yetirilmişdir. Tərəfindən Azəriqaza müraciət edilmiş və Azəriqaz tərəfindən sayğac dəyişdirilmişdir. Həmin vaxtdan indiyə kimi aylıq qaz ödənişlərini vaxtında etmişdir. Lakin bu yaxınlarda bilmişdir ki, sayğaca xəsarət yetirilməsinə görə akt tərtib olunub və ona 503 manat cərimə yazılıb, lakin bu barədə ona heç bir məlumat verilməyib. Halbuki, Azəriqaz İB-yə etdiyi aylıq ödənişlərdən həmin 503 manat zərər xırda-xırda çıxılmaqdadır. Qeyd olunan akt (cərimə) qanunsuz və əsassızdır. Sayğac zədəli olsa da onun həyətindən kənarda küçədə yerləşdiyi üçün iddiaçının sayğacın zədələnməsinə və işləməməsinə görə məsuliyyət daşıya bilməz. Sayğac zədələnən zaman qüvvədə olmuş AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hüququnun pozulması nəticəsində iztirab və sarsıntı keçirmiş, maddi zərərlə yanaşı mənəvi zərərə də məruz qalmışdır. Mənəvi zərəri 1000 manat həcmində qiymətləndirir.

3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh İB tərəfindən əsassız hesablanmış 503 manat borcun silinməsi, mənəvi zərərə görə 1000 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə vermiş olduğu etiraz onunla əsaslandırılmışdır ki, icraatda olan e-2-2(113)-3557/2024 saylı iş üzrə iddia tələbinə etiraz olaraq işə əlavə edilmiş İddiaçı adına olan abonent saldosundan göründüyü kimi istehlakçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış və istifadəsində olmuş qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixli, D0002175 saylı akta əsasən hesabatdan kənarda qalmış 504 manat təbii qazın dəyəri hesablanmışdır. İstehsalat Birliyində aparılmış struktur dəyişiklikləri ilə əlaqədar tərtib edilmiş aktı məhkəməyə təqdim etməyi qeyri-mümkündür. Sözügedən məbləğ istehlakçı tərəfindən qəbul edilmiş və həmin məbləğin 71,85 manat hissəsi iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi hazırda iddiaçı 504 manat borcun silinməsini xahiş edir, lakin borcun ödənilmiş hissəsinin silinməsini tələb etməsi mümkün deyil. İddiaçının iddia tələbi tam olaraq əsassızdır. Hazırda mübahisələndirilən borc məbləği iddiaçının istifadəsində olan qaz sayğacının müayinə rəyinə əsasən yaranmış və iddiaçı tərəfindən ödənilməlidir. Bu səbəbdən iddia tələbini əsassız hesab edilərək rədd edilməlidir. II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına naməlum səbəbdən gəlməmişdir və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı məxsus abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə aktda görə 504 manat borc yazılmışdır.

10. İşdə olan iddiaçıya məxsus smart sayğacın xx.xx.2024-cü il tarixinə olan göstəricilərindən görünür ki, cari borc 429,67 manat təşkil edir.

11. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

13. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

14. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh İB tərəfindən iddiaçıya 2018-ci ilin dekabr ayı üzrə 504 manat cərimə hesablanmış və hal-hazırda həmin məbləğdən qalan borc 429,67 manat təşkil edir. Lakin, cavabdeh təşkilat məhkəməyə təqdim etdiyi etirazında istehlakçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış və istifadəsində olmuş qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən iddiaçıya xx.xx.2018-ci il tarixli, D0002175 saylı akta əsasən 504 manat təbii qazın hesabatdan kənarda qalmasının müəyyən edildiyini bildirsə də, nə aktı, nə rəyi, nə də ki etirazda bildirdiklərinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınin müdafiəsi haqqinda” Qanunun:

17. 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

18. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

21. 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

22. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

23. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

24. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

25. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən yalnız sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan qanunsuz qoşulma hallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur.

26. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

27. İddia tələbində 503 manat məbləğində borcun silinməsi xahiş edilsə də, abonentin saldosundan görünür ki, abonentin cari borcu 429,67 manatdır. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissə qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 429,67 manat məbləğində borc iddiaçıya məxsus abonent kodundan silinməlidir.

28. Həmçinin məhkəmə iddiaçı ona dəymiş maddi və mənəvi zərərlə bağlı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. İddiaçı ərizədə mənəvi zərərə görə 1000 manat zərər dəyməsini qeyd etsə də, bu xüsusatları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

31. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir.

33. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 35 manat dövlət rüsumu ödənilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (dövlət rüsumunun hesablanması kalkülyatorunun göstəricisi nəzərə alınmaqla) 30 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2018-cü il tarixli, D0002175 saylı akta əsasən İddiaçı hesablanmış 429,67 (dörd yüz iyirmi doqquz manat 67 qəpik) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar