Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-361/2022 17.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi , iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi Nuhov azad Bəhram oğlunun iştirakları ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus Nəsimi rayonu, Azadlıq prospekti, 125 ünvanında yerləşən “Sadstoyl” gözəllik salonuna yazılmış cərimə aktının ləğv olunması və 053573 nömrəli abonent hesabına hesablanmış 2700 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Azadlıq prospekti, 125 nömrəli ünvanında yerləşən “Sadstoyl” gözəllik salonuna cərimə aktı əsasında 2700 manat borc hesablanmışdır. İddiaçının fəaliyyət göstərdiyi ünvanında elektron su sayğacı quraşdırılmışdır və ona abonent kartı təqdim edilmişdir. Bundan sonra iddiaçı kart vasitəsilə ödəniş edərək sudan istifadə etmişdir. İstifadə etdiyi suyun ödənişini əvvəlcədən kart vasitəsilə etmişdir. Belə ki, əgər karta pul daxil etməsə idi sayğac avtomatik olaraq bağlanacaqdı və iddiaçı sudan istifadə edə bilməyəcəkdi. Sayğacdan kənar isə iddiaçının heç vaxt xətti olmamışdır. İstifadə etdiyi suyun haqqını da iddiaçı vaxtı-vaxtında ödəmişdir. Bütün bu yuxarıda göstərilənlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya hesablanan borc tamamilə əsassızdır. Məsələni araşdırmaq üçün iddiaçı bu barədə Cavabdeh ASC-nə müraciət etdikdə ona hesablanan borcun səbəbini izah edə bilməyiblər və qeyd ediblər ki, hansısa səbəbdən sistemdə iddiaçı üçün belə bir borc mövcuddur. İddiaçı hər ay istifadə edəcəyi suyun pulunu əvvəlcədən ödəyərək, sayğac vasitəsilə sudan istifadə etmişdir. Sözügedən su sayğacının plombuna indiyədək müdaxilə olunmamışdır. Sayğacdan kənar istifadə hallarına yol verilməmişdir. Su sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh ASC daşıdığı halda su sayğacında yaranmış qüsura görə borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. Eyni zamanda, Cavabdeh ASC-yə pretenziya məktubu göndərilmiş və borcun silinməsi tələb olunsa da cavabdeh tərəfindən buna məhəl qoyulmamışdır. Bundan əlavə tərəfindən Mediasiya Şurasına müraciət olunmuşdur. Lakin, cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. İddiaçıya borc hesablanmasının hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə izahatında qeyd etdi ki, su sayğacının hesablama mexanizminə müdaxilə aşkar olunmuş, plombu sınıq vəziyyətdə olmuş və rəyə əsasən cərimə məbləği hesablanmışdır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 24.04.2019-cu il tarixli smart-kart tipli su sayğacının dəyişdirilməsi barədə akta əsasən 053573 saylı abonentə məxsus 2014-cü il istehsal tarixli 49892359 nömrəli su sayğaçı sökülmüş, 00190679 nömrəli su sayğacı quraşdırılmış və plomblanmışdır. Cavabdeh ASC X5 İdarəsi “X1 Laboratoriyası” tərəfindən tərtib edilmiş 24.04.2019-cu il tarixli 002644 nömrəli aktda qeyd olunmuşdur ki, 49892359 nömrəli suölçmə cihazının hesablama mexanizmində müdaxilə aşkar olundu, cihaz təmirə və istismara yararsızdır. 053573 saylı abonentə məxsus hesabdan çıxarışdan məlum olur ki, 2019-cu ildə akt əsasında 2.196 manat borc hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; -1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; -5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməli, iddiaçıya hesablanmış borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X2 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 (053573 abonent kodu) hesablanmış 2.196 (iki min yüz doxsan altı manat) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-361/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-361/2022
17.03.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver