Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3647/2023 27.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu, qanunsuz qoşulma) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-ə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərarın ləğv olunaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə hesablanmış 28800 manat məbləğində itrilmiş qaz sərfinin dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən 28.800,00 manat məbləğində itrilmiş qaz sərfinin dəyəri hesablanmışdır. Buna görə də Cavabdeh İB-i "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə mənsub olan bütün obyektlərinə qazın verilişi dayandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji- Meliorativ Xidmət və X1 Nəzarət İdarəsi istifadə etdiyi təbii qaza görə aylıq tam ödəniş edərək Cavabdeh İB-ə heç bir borcu yoxdur. Cavabdeh İB-i "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsinə xx.xx.2023-cü il tarixli, ******* nömrəli (təbii qazdan istifadə qaydalarının pozulması haqqında) akta əsasən hesablanmış 28.800,00 manat məbləğində itrilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, hər ay sayğac yoxlanaraq qazdan istifadə barədə hesab faktura və elektron qaimə verilir. Keçən ay sayğac yoxlanışında sayğacdan kənar qazdan istifadə aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə aşkar edilmiş sayğacdan kənar qazdan istifadə idarənin qaz xəttində yox, qaçqın və məcburi köçkünlər üçün çəkilmiş qaz xəttindən aşkar edilmişdir. Əlavə olaraq bildirilir ki, həmin şəxslərin 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800,00 manat məbləğində itrilmiş qaz sərfinin dəyəri qanunsuz və əsasızdır. Belə ki, Cavabdeh İB 15 gün müddətində sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış 28.800,00 manat məbləği hansı hesablamalara görə müəyyən edildiyi bilinmir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Hidrogeoloji-Meliorativ Xidmət və X1 Nəzatət İdarəsi,Cavabdeh İB-ə mübahisənin mediasiyada həll edilməsi üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Bakı 10 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/10-00309 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3647/2023 saylı, xx.xx.2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi əsl iddiaçı "xxxx" ASC ilə əvəz edilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3647/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh İB-yə qarşı “qərarın ləğvi” tələbinə dair hissəsində iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən iddiaçıya məxsus sahədə yoxlama aparılmış, iddiaçının uzun müddətdir ki, sayğacdan keçməyən kənar xəttdən istifadə etməsi faktı aşkar edilmiş, bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt yazılaraq, iddiaçıya ümumilikdə 28800 manat borc yazılmışdır. Həmin borc sayğacın göstəriciləri nəzərə alınmaqla 180 gün müddət üçün hesablanmışdır, belə ki, qanunsuz qoşulmanın müddətini müəyyən etmək mümkün deyildir. Binəqədi Rayon Prokururluğu tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razı deyildir, belə ki, ekspert tərəfindən hesablama düzgün aparılmamışdır. Bundan əlavə, aparılmış yoxlama dövlət reyestrində qeydiyyata alınmışdır. Kənar xətdən uzun müddət istifadə edilməsinə baxmayaraq hər ay sayğaca baxış keçirilərkən həmin xətt gizlədiyildiyi üçün vaxtında aşkar edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir.
6. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aşkar edilmiş kənar xətt iddiaçı tərəfindən deyil, iddiaçıya məxsus sahədə məskunlaşmış məcburi köçkün ailələri tərəfindən istifadə edilir. İddiaçı dəfələrlə aidiyyatı qurumlara həmin ailələrin köçürülməsi ilə bağlı müraciətlər etmişdir. Bundan əlavə, Binəqədi Rayon Prokururluğu tərəfindən həmin qaz xəttindən istifadə ilə bağlı cavabdehin şikayəti əsasında araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, onların işçisi olan İlham Məmmədov inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
7. İddiaçının nümayəndəsinə sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməni məlumatlandırmamışdır.
8. Sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 18 aprel 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, iddiaçıya məxsus ünvanda baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, sayğacdan kənar qaz xətti vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.
11. Cavabdeh tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının nominal saatlıq qaz sərfinin 40 m3/saat orta gündəlik iş rejimi 16 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 115200 m3 hesabat aparılmışdır.
12. 17 aprel 2023-cü il tarixli KY231912184 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə cavabdehə iddiaçının ünvanında müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması üçün aparılacaq baxış reyestrdə qeydiyyatdan keçmişdir.
13. İddiaçıya məxsus abonent saldosundan görünür ki, 2018-ci ilin aprel ayı üçün akt üzrə iddiaçıya 28800 manat borc hesablanmışdır.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli 10/3942 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1260 m3) 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilir.
15. Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində Cavabdeh İB-yə 28800 manat ziyan vurulmasına dair həmin Birlik tərəfindən toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
16. Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərara əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsində yardımçı təsərrüfat müdiri vəzifəsində işləyən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır.
17. 28 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Bakı şəhəri, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən HMX və SİMNİ-nin yardımçı təsərrüfatrında qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla 277,2 manat məbləğində təbii qazın talanması faktının aşkar olunması nəticəsində vəzifəli şəxs X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 800 manat məbləğində cərimə olunmuşdur.
18. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş yerində müayinə nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., M.S.ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-də (Hidrogeoloji-Meliorativ Xidmət və Suların istifadəsinə-mühafizəsinə Nəzarət İdarəsi) Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan sayğacdan kənar qaz xəttinə baxış keçirilmiş, həmin xəttin artıq kəsildiyi, xəttin sayğacdan keçmədiyi, ümumi qaz xəttindən kənar boru vasitəsilə iddiaçıya məxsus yardımçı təsərrüfa (cücələrin saxlandığı yer) çəkildiyi aşkar edilmişdir.
19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən əraziyə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən kənar xətt aşkar edilmiş, bu barədə 18 aprel 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir.
21. İddiaçı həmin qaz xəttindən istifadə etmədiyini, həmin kənar xəttin iddiaçıya aid olmadığını, habelə həmin xətdən iddiaçıya məxsus həmin ərazidə məskunlaşmış məcburi köçkün ailələri tərəfindən istifadə edildiyini iddia edir.
22. Məhkəmə iddiaçının həmin dəlilləri ilə razılaşmır.
23. Belə ki, materiallarda olan Bakı şəhər Binəqədi rayon prokurorluğunun 11 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə 28 iyul 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin xəttdən iddiaçı tərəfindən istifadə edilməsi faktı öz təsdiqini tapmış, bu səbəbdən iddiaçının vəzifəli şəxsi olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
24. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarından həmin qərarların mübahisələndirilmədiyi müəyyən edilmişdir.
25. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında tədqiq edilərək sübut qismində materiallara əlavə edilmiş audio-video yazıdan müəyyən edilir ki, 18 aprel 2023-cü il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən əraziyə cavabdehin nümayəndələri tərəfindən baxış keçirilmiş, baxış zamanı sayğacdan keçməyən kənar xətt aşkar edilmiş, həmin xəttin ümumi qaz xəttindən iddiaçıya məxsus yardımçı təsərrüfata qədər çəkildiyi müəyyən edilmişdir.
26. Məhkəmə tərəfindən tərəflərin nümayəndələrinin iştirakları ilə keçirilən yerində müayinə zamanı da iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən ərazidə sayğacdan keçməyən, ümumi qaz xəttindən iddiaçının sahiblik və istifadəsində olan yardımçı təsərrüfata (cücələrin saxlanması üçün ayrılmış yer) qədər kənar xəttin çəkildiyi, həmin xəttin cavabdeh tərəfindən 18 aprel 2023cü il tarixdə aparılmış baxış zamanı kəsildiyi müəyyən edilmişdir.
27. Bununla yanaşı, cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında həmin akt əsasında hesablanmış borcun “Qazdan istifadə qaydaları”na əsasən hesablandığını, kənar xəttin çəkilməsi anını müəyyən etmək mümkün olmadığı üçün borcun 180 gün müddət üçün hesablandığını bildirmişdir.
28. Belə ki, “Qazdan istifadə qaydaları”nın 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. maddəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
29. Qaydaların 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
30. Materiallardan görünür ki, 05 iyul 2023-cü il tarixli 10/3942 nömrəli ekspert rəyi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin arxa hissəsində yerləşən ərazidə 15 mm diametrlik rezin materialdan olan boru vasitəsilə 18 gün müddətində gündəlik 10 saat təbii qazdan istifadə olunduğu şəraitdə sərf olunan təbii qazın həcminin (7x10x18=1260 m3) 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edilmiş, sərf edilmiş qazın dəyərinin az olması səbəbindən cinayət işinin başlanması rədd edilmiş, iddiaçının vəzifəli şəxsi inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunsuz qoşulma nəticəsində itirilmiş qazın həcminin 1260 m3 (277,2 manat) təşkil etməsi müəyyən edildiyindən həmin hissədə borcun silinməli olması barədə iddia tələbi təmin edilə bilməz.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 28522,80 (28800 manat – 277,20 manat) manat məbləğində borc əsassız hesab edilməklə silinməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.
V. Nəticə:
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı "xxxx" ASC-yə əsassız olaraq hesablanmış 28522,80 (iyirmi səkkiz min beş yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova