Məhkəmə qərarları › İş №e-2-2(113)-4140/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4140/2020

30.12.2020 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4140/2020 30.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı “Xəzri Y” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, NDQ 008418 saylı aktın ləgv edilərək həmin aktla iddiaçıya əsassız hesablanmış 6995.43 manat məbləgində cərimə borcunun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, NDQ 008418 saylı aktın ləgv edilərək həmin aktla iddiaçıya əsassız hesablanmış 6995.43 manat məbləgində cərimə borcunun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, elektron iddia ərizəsini imzalamış İddiaçı1 adına X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş etibarnamədə İddiaçı1 hərəkətləri kimin adından həyata keçirəcəyi göstərilməmiş, eyni zamanda iddia ərizəsini imzalamaq səlahiyyəti ona verilməmişdir. Halbuki, qanunvericiliyin tələbindən göründüyü kimi etibarnamədə iddia ərizəsinin imzalanması hüququ, nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Xəzri Y” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, NDQ 008418 saylı aktın ləgv edilərək həmin aktla iddiaçıya əsassız hesablanmış 6995.43 manat məbləgində cərimə borcunun silinməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar