Məhkəmə qərarları › İş №e-2-2(113)-4223/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4223/2024

03.10.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4223/2024 03.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlamanın nəticəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2rşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus 074102 saylı abonent hesabında aktlar əsasında əsassız olaraq hesablanmış 6432 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə dair xx.xx.2022-ci il tarixdə 13948847 saylı müqavilə bağlanmışdır. İddiaçı suyun dəyərini qeyri-yaşayış sahəsində quraşdırılan smart kart tipli sayğac vasitəsilə istifadə etdiyi suyun miqdarına uyğun öncədən ödənişlər etməklə həyata keçirmişdir. 22 iyul 2021-ci il tarixli 600586 nömrəli, 20 may 2022-ci il tarixli 600956 nömrəli, 06 dekabr 2022-ci il tarixli 600969 nömrəli, 09 yanvar 2023-cü il tarixli 602202 nömrəli, 16 iyun 2023-cü il tarixli 602078 nömrəli aktlarla 6432 manat məbləğində borc iddiaçıya məxsus koda hesablanmışdır. Lakin keçirilən yoxlama qanunsuz və əsassızdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 1.7-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.2, 6.1.8-ci bəndlərinə istinad edilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və keçirilən bütün yoxlamalar dövlət qeydiyyatına alınmadığından həmin yoxlamalar əsasında hesablanmış borcun silinməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq qeyd etdi ki, onlarda olan aktlar ərizəyə əlavə olunanlardır və abonent haqqında məlumatda “Qanunsuz istifadə (su)”, “Qanunsuz istifadə (çirkab)” qrafasında əks olunan borcun silinməsini tələb edirlər.

6. Məhkəmənin birinci baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, 6472 manat məbləğində borc sudan qanunsuz istifadəyə görə tərtib edilən aktlar əsasında hesablanmışdır.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, aparılmış yoxlamalar qeydiyyata alınmamışdır.

8. Cavabdeh tərəf məhkəmənin növbəti baxış iclasının yeri və vaxtı barədə məhkəmənin birinci baxış iclasında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İş materiallarında olan sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, ünvan 1 ünvanında iddiaçıya məxsus obyektə baxış keçirilərkən 22 iyul 2021-ci il tarixli 600586 nömrəli aktla həmin obyektdə su sayğacından keçməyən d=20 mm-lik qeyri-qanuni xətt aşkar olunmuş, 20 may 2022-ci il tarixli 600956 nömrəli aktla obyektin bağlı olduğu, kənar xətdən istifadə olunduğu və kənar xəttin iç diametrinin 15 mm olduğu, 06 dekabr 2022-ci il tarixli aktla sayğacın qapalı vəziyyətdə olduğu, kənar xəttin mövcud olduğu (d=15 mm), 09 yanvar 2023-cü il tarixli ******* nömrəli aktla kənar xətdən istifadə olunduğu, sayğacın klapanının bağlı vəziyyətdə olduğu, rezin boru vasitəsilə kənar xətdən istifadə olunduğu, kənar xəttin iç diametrinin 15 mm olduğu, 16 iyun 2023-cü il tarixli 602078 nömrəli aktla sayğacın qapalı vəziyyətdə olduğu, obyektdə sayğacdan kənar xətdən istifadənin mövcudluğu aşkar olunmuşdur. İddiaçıya məxsus 074102 saylı abonent kodu üzrə xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, sudan qanunsuz istifadəyə görə 3535 manat, çirkab suyunun qanunsuz axıdılmasına görə 2937 manat olmaqla ümumilikdə 6472 manat qanunsuz istifadəyə görə sərfiyyat hesablanmışdır.

13. Həmçinin müəyyən olunur ki, iddiaçıya məxsus abonent kodu üzrə xx.xx.2024cü il tarixə 11867,90 manat, cari tarixə 11839,90 manat borc mövcuddur.

14. İddiaçı sözügedən hesablamanın qanunsuz olduğunu, yoxlamaların reyestrdə qeydə alınmadığını, onlarda olan aktları məhkəməyə təqdim etdiklərini bildirir və qanunsuz istifadəyə görə hesablanmış 6432 manat borcun silinməsini xahiş edir.

15. Cavabdeh yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığını bildirir, lakin iddianın rədd edilməsini xahiş edir.

16. Məhkəmə kommersiya mübahisəsinin aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. “Su təchizatı və tullantı suları haqqında” Qanununun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

18. Həmin Qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

19. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.

22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

23. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

24. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

25. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

28. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

30. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

31. İş materiallarında görünür ki, cavabdeh iddiaçıya dövri olaraq aktlar əsasında sərfiyyat hesablamış, lakin iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlamalar vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə cavabdeh tərəfindən aparılan yoxlamalar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığından onun hüquqi nəticəsi yoxdur. Bu səbəbdən də iddiaçıya məxsus 074102 saylı abonent koduna hesablanan 6432 manat borc silinməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. İddiaçı məxsus 074102 saylı abonent koduna hesablanmış 6432 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X3 üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar