Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4589/2024 09.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X7 Rövşən qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı X1 Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsi abonent kodu **********00137 olan Cavabdeh tərəfindən MSK-14-2-2/3-5-10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli tərtib olunmuş Akt əsasında mənim adıma hesablanmış 1080 manat məbləğində cərimənin silinməsi,iddia qaldırılması üçün ödənilmiş 110 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində mənim mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə (restoran) qaz sayğacına (abonent kodu: **********00001) keçirilən baxış zamanı yararsız vəziyyətdə olduğu müəyyən edilərək sayğac sökülmüş və həmin G4 markalı Smart-kart tipli Qeyriəhali qaz sayğacı Bakı Regional Qazın Satışı Departamentinin Dövlət yoxlamasına aparılmışdır. Metrologiya Departamentin yoxlaması nəticəsində Cavabdeh tərəfindən MSK-14-2-2/3-5-10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli Akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, “Sayğacın klapanı açıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir. Plastmas qapağın üzərinə vurulan metrologiya plomblarının rəngi biri digərindən fərqlidir və üzərində cızıq izləri var. Plastmas qapağın üst hissəsi gövdəyə kip bərkidilib. Sayğaca ümumi baxış olundu, hesablama mexanizminin rəqəmlərinin üzərində kənar təsir izi (kley) var. Xətalar normaya uyğun deyil.” Aktın qüsura görə nəticə hissəsinə isə qeyd olunub ki, müdaxilə olunmuş və nəticədə qaz itkisi baş vermişdir. Bildirmək istərdik ki, Cavabdeh tərəfindən 705 saylı, xx.xx.2024-cü il tarixə mənə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsinə qaz sərfiyyatına görə Hesab Faktura təqdim edilmiş və həmin hesab fakturada xx.xx.2024-cü il tarixə cəmi 1371.40 manat borcun olması müəyyən edilmişdir. Halbuki Cavabdeh tərəfindən 231 saylı, xx.xx.2024-cü il tarixə mənə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən qeyriyaşayış sahəsinə qaz sərfiyyatına görə Hesab Faktura təqdim edilmiş və həmin hesab fakturada xx.xx.2023-cü il tarixə cəmi 197.40 manat borcun olması müəyyən edilmişdir. Bu səbəbdən 1 ay ərzində 2 hesab faktura arasındakı (1371.4- 197.4=1174) 1174 manat fərqin nədən yarandığını müəyyən etmək üçün tərəfimdən Asan Kommunaldan Abonent Saldosu əldə edilmiş və Saldonun qalıq və aktlar hissəsində Cavabdeh tərəfindən 2024-cü ilin yanvar ayında 1080 manat məbləğində cərimə tətbiq edildiyi qeyd olunmuşdur. Hesab edirəm ki, Cavabdeh tərəfindən tərtib olunmuş MSK-14-2-2/3-5-10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli Akt qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməli və akt nəticəsində mənim barəmdə tətbiq edilmiş 1080 manat məbləğində cərimə silinməlidir. Belə ki, sözügedən qaz sayğacına mən heçbir zaman müdaxilə etməmişəm. Çünki sayğaç qeyri-yaşayış sahəsinin çöl hissəsində divara yerləşdirilmişdir. Bu səbəbdən qaz sayğacında yaranmış və aşkar edilmiş qüsurlar mənim təqsiri ucbatından baş verməmişdir. Hesab edirik ki, sayğacın yararsız hala düşməsində mənim təqsirim müəyyən edilmədiyindən, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Həmçinin hesablanmış cərimə borcunun hansı qaydada, yəni hansı düstura və hesablanma qaydasına əsasən müəyyən olunduğu da cavabdeh tərəfindən əsaslandırılmamışdır. Onu da qeyd edim ki, fiziki şəxs olan istehlakçılara (hazırki halda iddiaçıya) məxsus qeyri-yaşayış sahəsindən kənarda quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni cavabdeh Birlik daşıyır. Buna görə də hesab edirik ki, qaz sayğacında olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşımır. Müdaxilənin mənim tərəfimdən edilməsini təsdiq edən hər hansı sübut (məsələn: sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edə biləcək şahidlər və ya videogörüntülər) cavabdeh Birlik tərəfindən akta əlavə edilməmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə keçirilən yoxlama zamanı qaz sayğacına kənar müdaxilə halı aşkar edilmişdir. Bununla əlaqədar olaraq “Təbii qazdan istifadə” Qaydalarına uyğun olaraq itirilmiş qaz sərfiyyatına görə iddiaçıya akt əsasında 1080 manat məbləğində cərimə hesablanmışdır.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
7. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
8. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 25 sentyabr 2023-cü il tarixli № ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçı X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə məqsədilə baxış keçirmiş və baxışın nəticəsi olaraq abonentin iddiaçıya məxsus G4 markalı Smart tipli sayğac növbəti dövlət yoxlamasına göndərilmişdir.
9. Cavabdeh tərəfindən tərtib edilmiş “Qazdan istifadə qaydalarının” 4.3-cü bəndinə əsasən Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə MSK-14-2-2/3-5- 10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli aktda sayğacın hesablama mexanizminin rəqəmlərin üzərində kənar təsir izi olduğu və xətaların normaya uyğun olmadığı müəyyən olunmuşdur.
10. **********00001 saylı abonent X1 (kommersiya) abonent saldosundan görünür ki, abonent PQ-4 (1/1), Qənaətlı Su qızdırıcı (1/1) adlı qaz cihazlarından istifadə edir. 2023-ci ilin sentyabr ayında abonentə 1080 manat məbləğində borc hesablanmışdır.
11. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli 1371,40 manat,xx.xx.2024-cü il tarixli 197,40 manat məbləğində hesab-fakturalargöndərilmişdir
12. 20.06.2024-cü ildə iddiaçı X4 tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilərək MSK-14-2-2/3-5-10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və 1080 manat məbləğində təbii qaz borcunun silinməsi tələb edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
14. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
16. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
VI. Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki,iddia ərizəsi təmin edilməlidir.
18. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı X1 silinməsini tələb etdiyi 1080 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacına müdaxilə ilə itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.
19. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
20. Göründüyü kimi iddiaçı X1 silinməsini tələb etdiyi 1080 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.
21. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
22. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş MSK-14-2-2/3-5-10163-10 nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçıya hesablanmış 1080 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********00001) silinməlidir.
24. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 110 manat məbləğində dövlət rüsumu ödənilməli idi.
25. Məhkəmə hazırkı qətnamə ilə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 1080 (bir min səksən) manat cərimə X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsində yerləşən qeyri-yaşayış sahəsi abonent hesabından silinsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova