Məhkəmə qərarları › İş №e-2-2(113)-4610/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4610/2023

05.10.2023 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4610/2023 05.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı cavabdеh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “Qanunsuz istifadə fakturası”na əsasən yazılmış 4104,0 manat borc məbləğinin silinməsi, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 60,0 manat mediasiya xərcinin və müvəqqəti təminat tədbiri ərizələri üçün ödənilmiş 20,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı “Qanunsuz istifadə fakturası”na əsasən yazılmış 4104,0 manat borc məbləğinin silinməsi, ilkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 60,0 manat mediasiya xərcinin və müvəqqəti təminat tədbiri ərizələri üçün ödənilmiş 20,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ASCnin Səbail rayon Sukanal idarəsinin Təhlil şöbəsinin mühəndisləri Vüsal Abbasov və İbrahim Quluzadə və həmin şöbənin nəzarətçisi Əhmədxan Quliyev tərəfindən ünvan 1 ünvanında yerləşən və İddiaçı Əmili oğluna məxsus qeyri yaşayış sahəsində (bundan sonra Mağaza) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və onlar tərəfindən qanunsuz və əsassız 007539 saylı Akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki Azərbaycan Respublikasının Su Təchizatı və X6 Qanunun və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş X4 (bundan sonra – Qaydalar) tələbləri pozularaq sayğacdan keçməyən diametri 20 mm-lik olan boru vasitəsi ilə sudan qeyri qanuni istifadə olunur. Həmin akta əsasən İdarə tərəfindən X3 xx.xx.2023-cü il tarixli ********* nömrəli “Qanunsuz istifadə fakturası” göndərilmişdir. Həmin fakturada qeyd edilmişdir ki, 007539 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə görə xx.xx.2023-cü il tarixə 4104,0 manat qalıq borc mövcuddur. xx.xx.2023-cü il tarixli 007539 saylı Akt və xx.xx.2023-cü il tarixli ********* nömrəli “Qanunsuz istifadə fakturası” qanunsuz və əsassızdır. ünvan 1 ünvanında yerləşən 117,46 kv.m sahəsi olan mağaza xx.xx.2021-ci il tarixindən mülkiyyət hüququ ilə İddiaçı Əmili oğlunun mülkiyyətindədir. Həmin mağaza əvvəllər İddiaçı Əmili oğlunun anası X2 mülkiyyətində olmuşdur. X5 xx.xx.2018-ci il də vəfat etmişdir. X5 vəfat etdikdən sonra həmin mağaza vərəsəlik qaydasında İddiaçı Əmili oğlunun mülkiyyətinə keçmişdir. Mağaza xx.xx.2022-ci il tarixdən icarə müqaviləsi əsasında fərdi sahibkar Babaşov Zeynal İsmayıl oğluna icarəyə verilmişdir. Həmin mağazada icarəçi geyim mallarının satışı fəaliyyəti ilə məşğul olur. 2022-ci il də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində, o cümlədən Seymur Məmmədov küçəsində və həmin küçə 5 ünvanında yerləşən mağazada köhnə su xətti ləğv edilərək yeni su xəttləri çəkilmiş və sayğaclar quraşdırılmışdır. Lakin köhnə xəttin boruları İdarə tərəfindən sökülərək mağazalardan çıxarılmamışdır. Halbuki həmin xəttlər İdarə tərəfindən sökülərək çıxarılmalı idi. Obyektə yeni su xətti çəkilmiş, həmin su xəttindən cari istifadə edilən suyun dəyəri də tam şəkildə ödənilmiş, istismardan çıxarılmış köhnə boru xəttindən istifadə edilməmişdir. İdarənin əməkdaşları mağazada olan zaman qeyd edilən borunu açmış həmin boruda qalan su gəlmişdir. Əməkdaşlar həmin borudan qanunsuz istifadə etdiylərini bildirmişdirlər. Halbuki həmin boru istifadə olunmur və həmin borudan ümumiyyətlə su gəlmir. Qeyd edilənlərə baxmayaraq əməkdaşlar akt tərtib edərək getdilər. Qaydaların 5.1.1-ci bəndinə əsasən istehlakçıların qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək hüquqları var. 007539 saylı X1 adına tərtib edilmişdir. X5 xx.xx.2018-ci il də vəfat etmişdir. Əgər sudan qeyri qanuni istifadə halları var idisə bu hallar tam və obyektiv araşdırılmalı, təqsirkar şəxs müəyyən edilməli və həmin şəxsə tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini və izahatlarını təqdim etməsinə şəraiti yaradılmalı idi. Mağazada sudan istifadə və çirkab su axıdılması ilə bağlı xərclər vaxtında və tam olaraq ödənilmişdir. Ərazinin nəzarətçisi tez-tez mağazaya gəlib getmişdir. Bundan başqa “Qanunsuz istifadə fakturası”nda xx.xx.2023-cü il tarixə 4104,0 manat qalıq borc olduğu qeyd olunmuşdur. Mağazada geyim mallarının satışı fəaliyyəti ilə məşğul olunur. Həmin mağazada 360 gün ərzində 2052 kub metr sudan istifadə və çirkab su axıdılması mümkün deyildir. Həmin mağazanın fəaliyyəti o həcmdə sudan istifadə və çirkab su axıdılmasına imkan vermir. 4104,0 manat qalıq borcun silinməsi üçün şifahi qaydada dəfələrlə müraciət edilməsinə baxmayaraq bir nəticəsi olmamışdır. 4104,0 manat qalıq borcun silinməsi və 5 gün müddətində məlumat verilməsi üçün pretenziya məktubu ilə cavabdehə müraciət olunsa da, cavabdeh tərəfindən məktuba heç bir cavab verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və Mediasiya haqqında Azərbaycan Respublikası Qanuna uyğun olaraq qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün cavabdehə təklif göndərilmiş lakin cavabdeh tərəfindən təklifə heç bir cavab verilməmişdir. Bundan sonra mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatına rəsmi qaydada müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir səlahiyyətli nümayəndə mediasiya sesiyasında iştirak etmədiyindən mediator tərəfindən “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə Arayış tərtib edilmiş və ilkin mediasiya sesiyasında iştirak etmək üçün tərəfimizdən 60,0 manat mediasiya xərci ödənilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

IV. Tətbiq edilən hüquq:

5. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.

6. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

7. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. AZ-İ seriyalı 924598 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə ölmüşdür.

10. AZ-T seriyalı 049708 saylı Doğum haqqında Şəhadətnamədən müəyyən olunur ki, X5 İddiaçı anasıdır.

11. Bakı şəhər 27 saylı xüsusi notariat kontorunun xx.xx.2018-ci il tarixli 243 saylı məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmiş X2 vərəsəsidir.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir.

13. xx.xx.2023-cü il tarixli 007539 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (mağaza) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı qanunsuz olaraq sayğacdan keçməyən d=20mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar olunmuşdur. X1 adına tərtib edilmişdir.

14. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, cavabdeh tərəfindən X3 xx.xx.2023-cü il tarixli 7539 saylı akta əsasən 4104 manat məbləğində borc hesablanmışdır.

15. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasında (mağaza) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş, baxış zamanı qanunsuz olaraq sayğacdan keçməyən d=20mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə olunması aşkar olunaraq xx.xx.2023-cü il tarixli 007539 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən 7539 saylı akta əsasən 4104 manat məbləğində borc hesablanmışdır.

16. Eyni zamanda məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 007539 saylı akt və qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı xx.xx.2014-cü il tarixdə ölmüş X2 adına tərtib olunmaqla hesabata əsasən borc həmin şəxsə hesablanmışdır. X5 isə iddiaçının anasıdır və iddiaçı onun vərəsəsidir.

17. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində su sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.

18. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.

19. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.

20. Belə ki, suyun təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.

21. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.

22. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

23. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

24. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

25. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış binasına (mağaza) dair tərtib edilmiş 007539 nömrəli akt əsasında hesablanmış 4104 manat borc silinsin. İlkin mediasiya sesiyasında iştirak üçün ödənilmiş 60,0 manat mediasiya xərci və müvəqqəti təminat tədbiri ərizələri üçün ödənilmiş 20,0 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar