Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4794/2022 28.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “malın qaytarılması və pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat nüqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşdırma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan mal-materialdan Polad boru 76x3.5 mm 7326.32 p/m, Polad boru 108x4 mm 2370.4 p/m, Polad əymə d 76 mm 770, Polad əymə d108 mm 145 və Metal dayaqlar 10.98 ton həcmində olan mal-materialın əvəzinin eyni miqdarda və eyni ölçüdə cavabdeh tərəfindən qaytarılmasını, bu mümkün olmadıqda hazırki bazar qiymətinin müəyyən edilərək əvəzinin iddiaçıya ödənilməsi, habelə iddiaçıya dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq 20000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı tərəfindən 2010-2012-ci illərdə Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması 3-229-10 nömrəli sifariş üzrə 162406.62 manatlıq, Qala qəsəbəsində 4a597-10 nömrəli sifariş üzrə 26 762.17 manatlıq və Zirə qəsəbəsi Şirvani küçəsi 28 May QRS istiqamətinin sağ tərəfində yerləşən ərazidə qaz təchizatının yaxşılaşdırılması 3-231- 10 nömrəli sifariş üzrə 5762.41 manatlıq, cəmi 194931.2 manatlıq (ƏDV-siz) iş görülərək forma1 aktları ilə cavabdehə təhvil verilmiş və Dövlət Komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Cavabdeh tərəfindən 2012-ci ilin iyun ayında "Alyans" Birliyi yaradılaraq "xxxx" MMC baş podratçı operator təyin edilmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin tapşırığına əsasən "Alyans" yaradıldığına görə "Alyans"ın üzvü olan şirkətlər vasitəsilə ödənilməlidir. Ona görə də iddiaçı tərəfindən görülmüş işlərin dəyəri 194931 manat, "Alyans"ın üzvü olan "xxxx" tərəfindən MMC-nin hesabına köçürülmüşdür. Lakin "xxxx" MMC tərəfindən onların hesabına köçürülmüş 194931 manat vəsait götürülmədiyindən tərəflərindən məhkəmədə pul tələbinə dair iddia qaldırılmışdır. Həmin iddiaya Bakı İnzibati-İqtisadi Məhkəməsi və eləcə də Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı MMC-nin xeyrinə qərar qəbul edilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası "xxxx" MMC-nin İddiaçı MMC tərəfindən qazlaşdırma işlərinin dəyərinin cavabdehdən alaraq iddiaçıya verilməsinə dair onun hər hansı bir öhdəliyi olmadığına görə iddiaçının iddiasından imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən podrat müqaviləsinin şərtlərinə uyğun olaraq Xəzər rayonunda aparılmış qazlaşdırma işlərinin dəyəri 194,931 manat vəsaitin bilavasitə cavabdehdən tələb edilməsinə dair Bakı Komersiya Məhkəmədə iddia qaldırılmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin Cavabdeh İByə pul tələbinə dair iddiası üzrə iddia müddətinin keçməsi əsası üzrə iddiadan imtina edilmişdir. Bildirir ki, tərəflər arasında bağlanmış podrat müqavilələrinə əsasən 2010-2012ci illər ərzində iddiaçı tərəfindən Xəzər rayonu Zirə qəsəbəsi Şirvanı küçəsinin sol tərəfində Kanalüstü yaşayış sahəsində qaz təchizatının yaxşılaşdırılması (3-229-10 nömrəli) sifariş üzrə 162.406.62 manatlıq, Qala qəsəbəsində 4A597-10 nömrəli sifariş üzrə 26.762.17 manatlıq və Zirə qəsəbəsi Şirvani küçəsi 28 may QRS istiqamətinin sağ tərəfindən yerləşən ərazidə qaz təhcizatının yaxşılaşdırılması 3-231-10 nömrəli sifariş üzrə 5762.41 manatlıq cəmi 194.931.2 (ƏDV-siz) iş görülərək Forma 1 Aktları ilə Azəriqaz İBnə təhvil verilmiş və 2015-ci ildə dövlət komissiyasının aktı ilə istismara qəbul edilmişdir. Qeyd edilən qazlaşdırma işlərinin həyata keçirilməsi üçün iddiaçı şəxsi vəsaiti hesabına alınmış və onun mülkiyyətində olan mal-materialdan istifadə edilməklə podrat müqaviləsində göstərilən qazlaşma işləri başa çatdırılmış və cavabdehə təhvil verilmişdir. Qeyd edilən 3-229-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində aşağıdakı malmaterialdan istifadə edilmişdir: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 5838.8 Polad boru 108x4 mm quraşdırılması (p/m ) 2189.5 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 599 Polad əymə d 108 mm quraşdırılması (ədəd) 129 Metal dayaq (ton). Xəzər rayonu Zirə qəsəbəsi Şirvani küçəsi QPS 3-231-10 nömrəli sifariş üzrə qazlaşdırma işlərində aşağıdakı mal materialdan istifadə edilmişdir: Polad boru 108x4 mm quraşdırılması 180.9 p/m Polad əymə 108 quraşdırılması 16 ədəd Metal dayaqlar d120-159 mm quraşdırılması 0.5 ton Xəzər rayonu Qala qəsəbəsi 4A-597-10 (əlavə) sifariş üzrə istifadə olunmuş mal və materiallar: Polad boru 76x3.5 mm quraşdırılması (p/m) 1487.519 Polad əymə d 76 mm quraşdırılması (ədəd) 171 Metal dayaq d57-159 mm quraşdırılması (ton). İddiaçının şəxsi mülkiyyətində olan mal-materialdan istifadə edildiyindən və həmin mal-materialın dəyəri ödənilmədiyindən həmin vəsaitin əvəzinin verilməsi üçün cavabdehə müraciət edilmiş və həmin vəsaitin ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən həmin sorğuya 17 mart 2022-ci il tarixdə rəsmi cavab verilərək qeyd edilən sifarişlər üzrə qazlaşdırma işlərinin həqiqətən iddiaçı tərəfindən həyata keçirilməsi etiraf edilsə də pulun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı tərəfindən hər 3 sifariş üzrə özünün şəxsi mülkiyyətində olan mal-materialdan istifadə etdiyinə görə hesab edir ki, həmin malmaterial eyni həcmdə və miqdarda cavabdeh tərəfindən verilməlidir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Qanuni nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında podrat müqaviləsi imzalanmış, həmin işlər forma 2 və forma 3 aktları əsasında cavabdehə təhvil verilmişdir. Görülmüş işlərdə iddiaçıya məxsus iddia ərizəsində sadalanmış materiallardan istifadə edilmişdir. Belə ki, həmin materiallar iddiaçıya cavabdeh tərəfindən verilsə idi, bunu təsdiq edən aktlar olmalı idi. Belə aktlar olamdığı üçün həmin materialların iddiaçıya aid olduğu müəyyən olunur. Həmin avadanlıqların hazırda orta bazar qiymətinin müəyyən edilməsi üçün "xxxx" MMC tərəfindən verilmiş arayış nəzərə alınmalıdır. Belə ki, hazırda ölkədə həmin avadanlıqların əsas və ən iri istehsalçısı həmin şirkətdir. Görülmüş işlərin dəyəri (istifadə edilmiş materialların dəyəri daxil olmaqla) 194.931.2 manat (ƏDVsiz) təşkil etmişdir. Lakin həmin işlərin, materialın dəyəri cavabdeh tərəfindən iddiaçıya 10 ildir ki, ödənilmir. Bunun nəticəsində cavabdeh tərəfindən iddiaçıya 20000 manat məbləğində maddi və mənəvi ziyan vurulmuşdur. Bu səbəddən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 iddia tələbinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında podrat müqaviləsi imzalanmış, həmin işlər cavabdeh tərəfindən təhvil alınmışdır. Həmin işlər icra edilərkən həm podratçının, həm də sifarişçinin materiallarından istifadə edilmişdir. İddia ərizəsində adları çəkilən materiallar həqiqətən də podrat müqaviləsi üzrə işlər icra edilərkən istifadə edilmişdir, lakin həmin materialların iddiaçı, yaxud cavabdehə məxsus olduğunu dəqiq bilmir. Belə ki, həmin vaxtdan uzun müddət keçdiyi üçün bu barədə sənədlər onlarda yoxdur. Lakin iddiaçı ümumiyyətlə həmin materialların ona məxsus olması barədə sübutları təqdim edə bilmir. Halbuki sübut etmək yükü hazırda iddiaçının üzərinə düşür. Bu səbəbdən iddia tələbi əsassızdır. Bundan əlavə, iddiaçının hazırkı tələbi podrat müqaviləsindən irəli gəlir. Qanunvericiliyin tələbinə əsasən həmin müqavilədən irəli gələn tələblərə 3 illik iddia müddəti müddəti şamil edilir ki, həmin müddət də iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti belə ötürülmüşdür. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (podraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 221/10-ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsi, 28 May OPS istiqamətində sağ tərəfdə yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 50043 manat təşkil edir. İddiaçı (podraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 250/10-ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində yerləşən ərazinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarından istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 42.6 min manat təşkil edir. İddiaçı (podraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2011-ci il tarixli 38/11-ƏTŞ nömrəli podrat müqaviləsinə əsasən Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması işini podratçı sifarişçinin tapşırığı ilə, özünün və ya sifarişçinin materiallarında istifadə etməklə konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara (smeta), həmçinin müqavilələrinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürür. Sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə işlərin və xidmətlərin ümumi dəyəri smetaya əsasən ƏDV ilə birlikdə 70.6 min manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1211/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdehin hesabından görülmüş işlərin dəyəri olan 194931 manat pulun və iddiaçıya dəymiş zərərə görə 20000 manat, cəmi 214931 manat pulun iddiaçının hesabına köçürülməsi barədə iddiası iddia müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 2(103)-847/2021 nömrəli qətnaməsindən görünür ki, Bakı Kommersiya Məhkəməsinn xx.xx.2021-ci il tarixli e-2-2(113)-1211/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən verilmiş Əzizbəyov rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması üzrə 2012-ci ilin aprel ayında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görülmüş işlər göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin təzə sahə ərazisində qaz təchizatının yaxşılaşdırılması üzrə 2011-ci ilin noyabr və 2012-ci ilin aprel aylarında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görülmüş işlər göstərilmişdir. Cavabdeh tərəfindən verilmiş Xəzər rayonu, Zirə qəsəbəsi, Şirvani küçəsinin sol tərəfində kanalüstü yaşayış sahəsinin təzə sahə ərazisində qaz təchizatının yaxşılaşdırılması üzrə 2011-ci ilin noyabr ayında yerinə yetirilmiş mal-materiallar haqqında arayışda iddiaçı tərəfindən görülmüş işlər göstərilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə, iddia tələbinin birinci və ikinci, yəni podrat nüqaviləsi üzrə hər 3 sifariş üzrə qazlaşdırma işlərinin həyata keçirilməsində iddiaçının şəxsi mülkiyyətində olan malmaterialdan Polad boru 76x3.5 mm 7326.32 p/m, Polad boru 108x4 mm 2370.4 p/m, Polad əymə d 76 mm 770, Polad əymə d108 mm 145 və Metal dayaqlar 10.98 ton həcmində olan mal-materialın əvəzinin eyni miqdarda və eyni ölçüdə cavabdeh tərəfindən qaytarılması, bu mümkün olmadıqda hazırki bazar qiymətinin müəyyən edilərək əvəzinin iddiaçıya ödənilməsi ilə bağlı hissədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, ilk əvvəl nəzərə almaq lazımdır ki, hazırkı işdə olduğu kimi, əşyaların tələbi ilə bağlı hallarda, ümumi qaydaya müvafiq olaraq – “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi tətbiq edilir. Bu isə öz növbəsində aşağıdakıları nəzərdə tutur, başqa sözlə, iddiaçı sübut etməlidir ki: - Birincisi, tələb olunan əşya mövcuddur; - İkincisi, tələb edilən əşya iddiaçıya məxsusdur; - Üçüncüsü, tələb edilən əşya cavabdehdədir; - Dördüncüsü, tələb edilən əşyanı cavabdehin saxlaması qanunsuzdur, başqa sözlə, o, qanunsuz sahibdir. Yalnız qeyd olunan bu halların, həm də hamısının sübut edilməsi iddianın təmini üçün əsas ola bilər. Həm də nəzərə almaq lazımdır ki, bu vaxt sübutetmə ardıcıllığı mühüm əhəmiyyət kəsb edir və bu ardıcıllıq əşyanın mövcudluğundan başlayıb, cavabdehin onun saxlamasının qanunsuz olması istiqamətində həyata keçirilməlidir. Məlum məsələdir ki, iddiaçı yalnız mövcudluğu sübut olunan əşyanın qaytarılmasını tələb edə bilər, əks təqdirdə digər halların yoxlanılması zərurəti aradan qalxır. Tələb olunan əşyanın mövcudluğu sübut olunduqdan sonra iddiaçı həmin əşyanın ona məxsusluğunu sübut etməlidir. Çünki özgənin qanunsuz sahibliyindən əşyanı yalnız mülkiyyətçi və ya qanuni sahib tələb edə bilər (Mülki Məcəllə, maddə 157.2, 157.8, 164.2). Əşyanın mövcudluğunu və özünə məxsus olduğunu sübut etmiş iddiaçı, növbəti mərhələdə tələb olunan əşyanın məhz cavabdehdə olmasını, başqa sözlə, cavabdehin həmin əşyanı özündə saxlamasını sübut etməlidir. Çünki qanunun mənasına görə iddia tələbinin yönəldiyi şəxs (fiziki və ya hüquqi), yəni irəli sürülmüş tələbə cavab verməli olan şəxs, başqa sözlə, mübahisənin həlli bilavasitə ixtiyarından və iradəsindən asılı olan şəxs cavabdeh hesab olunur. İddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə, iddia təmin oluna bilməz (Mülki Prosessual Məcəllə, maddə 50.4, 54.1, 54.2). Hazırkı iş üzrə iddiaçı iddiasına əsasən cavabdehdən tələb etdiyi əşyalara münasibətdə tələblərini yuxarıda qeyd olunan qaydada sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbləri bu hissədə təmin edilməməlidir. Bununla yanaşı, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İddia ərizəsindən və tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında podrat işləri 2010-2012-ci illərdə görüldüyündən iddia müddətinin axımı həmin tarixlərdən başlanmış, cavabdeh tərəfindən iddia müddətinin axımının kəsilməsinə əsas olan hər hansı hərəkət edildiyinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Ümumi iddia müddəti on il təşkil edir. (MM, maddə 373.1). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir”. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı). Məhkəmə iddia tələbini üçüncü, yəni 20000 manat maddi və mənəzi ziyanın cavabdehdən tutulmalı olmasına dair hissəsini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur. Belə olan halda isə maddi zərərin tutulması barədə iddia təmin edilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər". Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh İB-yə qarşı “malın qaytarılması və pul” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4794/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4794/2022
28.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver