Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4900/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Titanik” Restoranına (F/S İddiaçı, VÖEN: **********), 091636 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 15565 (on beş min beş yüz altmış beş) manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 oktyabr 2017-cil il tarixdə və 28 Aprel 2018-ci il tarixdə Cavabdeh ASC-nin Müştəri Xidməti Departamentinin əməkdaşları ünvan 1 ünvanında yerləşən, müqavilə nömrəsi 091636 olan “Titanik” Restoranına (F/S İddiaçı, VÖEN: **********) gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində həmin restoranın sudan və kanalizasiya şəbəkəsinin qeyri-qanuni istifadə etdiyini əsas gətirərək 09152 və 09791 nömrəli aktlar tərtib etmişlər. Sonradan məlum olmuşdur ki, sözügedən aktlar əsasında ümumilikdə 15565 (on beş min beş yüz altmış beş) manat cərimə hesablanmışdır. Bu hal iddiaçıya yalnız suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi olaraq 15565 (on beş min beş yüz altmış beş) manat borc məbləği hesablanmışdır. Bildirilir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X1”nın “Su təchizatı və kanalizasiya müəssisənin vəzifələri” bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-cimaddələrişamiledilir. Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, su xəttinə baxış keçirilən zaman su xəttindən sayğacdan kənar qeyriqanuni istifadə aşkar edilmiş və xx.xx.2017-ci il tarixli, MXD-09152 saylı, xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı aktlar tərtib olunmuş, müvafiq olaraq 10987 manat və 4578 manat olmaqla, cəmi 15565 (on beş min beş yüz altmış beş) manat dəymiş ziyan hesablanmışdır. İddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki: - Cavabdeh ASC-nin Nərimanov Sukanal İdarəsi ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə (müqavilənin predmeti) əsasən bu müqavilə müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - xx.xx.2017-ci il tarixli, MXD-09152 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 091636 saylı müqavilə üzrə abonent nömrəsi 19230798 olan istehlakçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuşdur. Aktın obyektin nümayəndəsi qrafasında “imtina" sözü yazılmışdır. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyd olunan akt üzrə 10987 m3 (7,63m3 x 4 saat x 30 gün (ayda) x 12 ay = 10987 m3) su sərfiyyatı üçün 10987 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən 091636 saylı müqavilə üzrə abonent nömrəsi 19230798 olan istehlakçının obyektinə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuşdur. Aktın obyektin nümayəndəsi qrafasında imza yeri boş saxlanılmışdır. - Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, qeyd olunan akt üzrə 4578 m3 (7,63m3 x 4 saat x 30 gün (ayda) x 5 ay = 4578 m3) su sərfiyyatı üçün 4578 manat məbləğində dəymiş ziyan hesablanmışdır. - xx.xx.2022-ci il tarixli Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 24364,49 manat təşkil edir. Eləcə də, abonent haqqında məlumatdan görünür ki, Cavabdeh ASC tərəfindən 2018-ci il dövrü üçün xx.xx.2017-ci il tarixli, MXD- 09152 akt üzrə hesablanmış 10987 manat borc üzrə 2490 manat məbləğində, 2019-cu il dövrü üçün xx.xx.2018-ci il tarixli, MXD-09791 akt üzrə hesablanmış 4578 manat borc üzrə 1500 manat məbləğində ödənişlər edilmiş, abonentin xx.xx.2020-ci il tarixə qalıq borcu 11625 manat məbləğində qalmışdır. - İddiaçı tərəfindən Cavabdeh ASC-yə pretenziya məktubu ünvanlanaraq əsassız hesablanmış 15565 (on beş min beş yüz altmış beş) manat borcun xx.xx.2022-ci il tarixədək silinməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən obyektə baxış keçirilmiş, qeyri-qanuni su xəttinin çəkilməsi aşkar olunmuş və xx.xx.2017-ci il tarixli, MXD-09152 saylı, xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı inventar aktları tərtib olunmuşdur. Qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı ilə qeyd olunan aktlar üzrə müvafiq olaraq 10987 m3 su sərfiyyatı üçün 10987 manat və 4578 m3 su sərfiyyatı üçün 4578 manat məbləğində dəymiş ziyan hesablanmışdır. xx.xx.2022-ci il tarixli Abonent haqqında məlumatdan iddiaçının cari tarixə qalıq borcunun 24364,49 manat təşkil etdiyi müəyyən olunur. Eləcə də, Abonent haqqında məlumatdan müəyyən olunur ki, həmin aktlar üzrə ödənişlər edilmiş və 2020-ci ilin əvvəlinə qalıq borc 11625 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. İddia tələbini aktlar əsasında hesablanmış ümumilikdə 15565 manat borcun Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi təşkil edir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017-ci il tarixli, MXD- 09152 saylı, xx.xx.2018-ci il tarixli, MXD-09791 saylı aktlar əsasında ümumilikdə 15565 manat borc hesablanmış, həmin borc üzrə ödənişlər edilmiş, xx.xx.2020-ci il tarixə 11625 manat məbləğində qalıq borc qalmışdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçı ona qanunun tələblərinə əməl etmədən tərtib olunmuş aktlar əsasında hesablanan məbləğin silinməsini tələb etməkdə haqlıdır. Ona görə də məhkəmənin qənaətinə əsasən iddia tələbi qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 09152 saylı və xx.xx.2018-ci il tarixli, 09791 saylı aktlara əsasən hesablanmış 11625 (on bir min altı yüz iyirmi beş) manat məbləğində borc İddiaçı şəxsi hesabından (abonent kodu: 091636, “Titanik” restoranı) silinməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixli, 09152 saylı və xx.xx.2018-ci il tarixli, 09791 saylı aktlara əsasən hesablanmış 11625 (on bir min altı yüz iyirmi beş) manat məbləğində borc İddiaçı şəxsi hesabından (abonent kodu: 091636, “Titanik” restoranı) silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4900/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4900/2022
13.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver