Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4906/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Badamdar yolunun kənarında yerləşən “Məkan” kafesinə qarşı tərtib etdiyi 30 may 2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 864 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********20000 saylı abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin yanvar ayında cavabdehə istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Badamdar yolunun kənarında yerləşən “Məkan” kafesinə təbii qazın verilişinin bərpa olunması məqsədilə müraciət etmişdir. Kafe 2010-cu ildə qaz sayğacı quraşdırılmaqla təbii qazla təchiz olunmuş, 2011-ci ildə isə texniki şərtin olmaması səbəbindən obyektə qazın verilişi cavabdeh tərəfindən dayandırılmışdır. 2011-ci ildən obyektin qaz təchizatı dayandırıldıqdan sonra ora quraşdırılmış qaz sayğacı elə quraşdırıldığı yerdə olduğu vəziyyətdə qalmışdır. 2021-ci ildə obyektə qazın verilişinin bərpa olunması ilə bağlı müraciətindən sonra 05.02.2021-ci il tarixdə yeni sayğaca görə ondan 103,83 manat vəsaitin ödənilməsi tələb olunmuş, həmin tarixdə tələb edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Bundan sonra 09.02.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən köhnə qaz sayğacı yenisi ilə əvəz edilmiş və təxminən 10 ildən sonra obyektə təbii qazın verilişi bərpa edilmişdir. 2021-ci il ilin iyun ayında cavabdehin ərazi üzrə nümayəndəsi obyektindən sökülmüş sayğaca müdaxilə olunması halının müəyyən edilməsi ilə əlaqədar akt tərtib edildiyini bildirdi. Təxminən 3-4 gün sonra məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar X7 İdarəsinə müraciət edərkən yenə şifahi olaraq ona guya 02.04.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında akta əsasən obyektinə quraşdırılmış qaz sayğacının plasmas borusuna müdaxilə olunduğu müəyyən edildiyi üçün 30.05.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən üçün 864 manat cərimə hesablandığı bildirilmişdir. Qeyd olunan aktların ona təqdim olunmasını tələb etsə də, aktlar ona təqdim olunmamışdır. Sözügedən aktlar xeyli müddət sonra 2021-ci ilin avqust ayında ona təqdim olunduqdan sonra məlum olmuşdur ki, 02.04.2021-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktda sayğaca ümumi baxış keçirildiyi, qapağının yan tərəfində və daxili qulaqcıqlarında əzik cızıq izlərinin olduğu, giriş yivli birləşmənin deformasiyaya uğraması, çıxış plasmas boruya boya töküldüyünün müəyyən olunması barədə şər və böhtan xarakterli məlumatlar qeyd olunmuşdur. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmadığını, həmçinin cavabdehin əməkdaşları tərəfindən bu ilin fevral ayında həmin sayğacın quraşdırıldığı yerdən söküldüyü zaman sayğacın bütün möhürlərinin tam olduğu, onun yerindən çıxarılarkən yoxlanıldığı və heç bir qüsur müəyyən edilmədiyi, obyektində yalnız mətbəxdə 4 gözlü qaz peçinin və su qızdırcı sobanın (pitiminutka) olduğu və qazdan yalnız bu məqsədlərlə istifadə olunduğunu və buna görə də tərəfindən belə bir müdaxilə edilməsinə heç bir zərurət olmadığı, bunun heç bir ağlabatan mühakiməyə uyğun olmadığını bildirmişdir. Həmin müəssisənin əməkdaşı isə ona, hesablanmış cərimə məbləğini ödəməli olduğunu, əks təqdirdə obyektin qaz təchizatının dayandırılacağını bildirmişdir. Cavabdeh təşkilat bütün qanunvericilik aktlarının tələblərinə məhəl qoymadan onları kobud şəkildə pozaraq qeyri-müəyyən üsulla onun sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektə borc hesablamaqla üzərinə qanunsuz öhdəlik qoymuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, köhnə sayğac çıxarılarkən qablaşdırılmamış, yalnız bir neçə ay sonra onların iştirakları olmadan laboratoriyada yoxlanılmışdır, bundan əlavə borcun hansı qaydada hesablanması, hansı səbəbdən hesabat dövrünün 90 gün götürüldüyü bəlli deyil. Bundan əlavə, iddiaçı təbii qazın verilişinin bərpa edilməsi üçün özü cavabdehə müraciət etmişdir, sayğaca müdaxilə etdiyi halda, o, bu müraciəti etməzdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi V.Abdullayev iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi, bildirdi ki, iddiaçının istifadəsində olmuş qaz sayğacı çıxarılaraq dövlət yoxlanılmasına göndərilmiş, keçirilmiş yoxlamanın nəticəsi olaraq sayğacın istismara yararsız hesab olunduğu müyyənləşdirilmiş, bu səbəbdən itirilmiş qaz həcminə görə iddiaçıya borc yazılmışdır. Bundan əlavə, sayğaca müdaxilədə kimin təqsirinin olmasını sübut etmək mümkün deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qazdan İstifadə” Qaydalarına əsasən qaz sayğacının işlək vəziyyətdə saxlamaq sahibkarlıq subyektinin vəzifəsidir. Əgər sayğaca müdaxilə aşkar edilərsə, hesab edirlər ki, burada sahibkar təqsirlidir, müvafiq akt tərtib edilir. Hazırkı halda, sayğac iddiaçının balansında olduğundan sayğaca nəzarət etmək onun vəzifəsidir. Müdaxilədə məhz iddiaçının təqsirinin olmasını sübut edə bilməzlər, belə bir mütəxəssis də yoxdur ki, bunu müəyyən edə bilsin. Amma hazırkı halda sayğac hüquqi şəxsin balansında olduğundan və sayğaca müdaxilə edilməsində iddiaçının marağı olduğundan, ehtimal ki, sayğac quraşdırıldıqdan az sonra ona müdaxilə edilməsi səbəbindən sayğacın sıradan çıxdığını nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, əvvəlki sayğacın quraşdırıldığı vaxtdan yenisi ilə əvəz edilənə qədər hər ay cavabdehin əməkdaşları sayğaca baxış keçirmiş, lakin sərfiyyat qeydə alınmadığı üçün iddiaçıya hesab-faktura verilməmiş, sərfiyyat “o” olduqda da, bu abonent saldosunda göstərilmir. Bundan əlavə, sayğac dəyişdirilməsi halında sahibkarlıq sahəsində aparılan yoxlamanın dövlət reyestrində qeydə alınması zəruri deyildir. İddia tələbi bu hissədə də əsassızdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” MS-29/1640-00456-11 nömrəli 02.04.2021-ci il tarixli aktdan görünür ki, 02 aprel 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən G4 markalı mexanika tipli qaz sayağıcına baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, plastmas qapağın yan tərəfindən və daxili qulaqcıqlarında əzik cızıq izləri var. Giriş yivli birləşmə deformasiyaya uğrayıb. Çıxış plastmas boruya boya tökülüb. Xətalar normaya uyğun deyil. Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli 01.05.2021-ci il tarixli aktdan görünür ki, GB markalı 28193572 nömrəli qaz sayğacına 4320 kubmetr sərfiyyat hesablanmışdır. Cavabdeh tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli 09.02.2021-ci il tarixli aktdan görünür ki, “Məkan” kafesində olan sayğac çıxarılmış yeni 28193572 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh tərəfindən tərib olunmuş “Uçotu dəqiq aparılmayan təbii qazın həcminin hesablanmasına dair 31.05.2021-ci il tarixli tələbnamədən görünür ki, 31.05.2021-ci il tarixli ******* nömrəli akta əsasən 4320 kub metr sərfiyyat hesablanmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırmasının nəticəsi olaraq cavabdeh tərəfindən iddiaçıya təbii qazdan istifadə üzrə hesablanmış əlavə sərfiyyat və həmin sərfiyyata görə borc qanuni sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, qaz sayğacında aşkar edilmiş qüsurların iddiaçının iradəsindən asılı, təqsiri ucbatından yaranmasını, habelə sayğaca iddiaçı tərəfindən qəsdən müdaxilə edildiyini təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Sayğacın iddiaçının təqsirli hərəkəti və kənar müdaxilə nəticəsində yararsız vəziyyətə düşməsi cavabdeh tərəfindən məhkəmə iclasında sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 6 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Bundan əlavə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sahibkarlıq sahəsində aparılan yoxlamalar cavabdeh tərəfindən vahid dövlət reyestrində qeydə alınmadığından yoxlamanın nəticəsi əsaslı və qanuni hesab edilə bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır (3.1-ci maddə). Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz (3.2-ci maddə). Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır (13.1-ci maddə). Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (13.2-ci maddə). Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar (13.3-cü maddə). Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonrayoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə quraşdırılmış qaz sayğacına baxış keçirərək çıxarıb yenisi ilə əvəz etmiş, ona əlavə sərfiyyat hesablanmışdır. Belə olan halda, həmin yoxlamanın (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 864 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamanın hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq hesablanmış borc da əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 864 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X3 əsassız olaraq hesablanmış 864 (səkkiz yüz altmış dörd) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı X3 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4906/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4906/2021
03.11.2021 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver