Məhkəmə qərarları › İş №e-2-2(113)-4907/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4907/2022

26.08.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4907/2022 26.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cavabdeh ASC) tərəfindən iddiaçıya məxsus 082271 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 5239 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1 və 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi və ona əlavə edilmiş etibarnamədən görünür ki, iddia ərizəsini "xxxx" MMC-nin nümayəndəsi kimi göstərilmiş Nümayəndə (vəkil) imzalamışdır. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin adından etibarnamə notarial qaydada təsdiq edilməklə X2 tərəfindən verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan və iddia ərizəsinə əlavə olunmuş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndədur. "xxxx" MMC-nin adından etibarnamə vermiş X1 buna səlahiyyəti olmasını təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin adından verilmiş etibarnamə onun rəhbəri və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxs tərəfindən verilmədiyindən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı qeyd edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69, 73, 149-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış pul məbləğinin silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" MMC-yə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar