Məhkəmə qərarları › İş №e-2-2(113)-5151/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5151/2024

24.10.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5151/2024 24.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı "xxxx" ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) X3 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh “İri şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı ilə "xxxx" ASC) qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında fəaliyyət göstərən ət kəsimi mağazası (kod: 074527) üzrə su təchizatı və tulantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə dair cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2154 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ət kəsimi mağazasına 05 noyabr 2021-ci il tarixində baxış keçirilərək sudan qeyri-qanuni istifadə edilməsinə dair akt tərtib edilmişdir. Aktda obyektin içərisində qeyri-qanuni sudan istifadə olunduğu iddiası irəlisülürərək 2154 manat cərimə hesablanmışdır. Hal-hazırda hesab edirəm ki, həmin cərimə borcu əsassız və qanunsuzdur. Həmin akt ləğv edilməli və akta əsasən hesablanmış 2154 manat borc silinməlidir. Belə ki, sayğaca və xəttə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Cavabdeh tərəfin iddia etməsinə görə guya obyektin qonşuluğunda yerləşən mənzildən obyektə rezin boru vasitəsilə su çərək istifadə edilmişdir. Lakin əsla belə bir hal mövcud olmamışdır. Cavabdeh bildirir ki, qonşunun mənzilindən rezin boru vasitəsilə obyekt ilə mənzil arasında mövcud olan sahədə (küçədə) yerə uzadılmış (mənzildən çıxan) rezin boru görülmüş və bu da onlarda həmin borunun məhz obyektdə istifadə edilməsi şübhəsini yaratmışdır. Bundan ötrü də qeyd olunan məbləğdə borc tələb edilməkdədir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, aktda foto və video çəkilişin aparılması qeyd olunmuşdur. Həmin foto-video materialların X5 idarəsində mövcud olub-olmadığını araşdıracaqdır, olduğu təqdirdə məhkəməyə sübut kimi təqdim edəcəkdir. Aparılmış yoxlama sahibkarlıq sahəsində olsa da, müvafiq qaydada Ədliyyə Nazirliyində öncədən vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Sonda o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materillarında olan: "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 600953 saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus ünvan 2 ünvanında fəaliyyət göstərən yerləşən ət kəsimi mağazasına su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə sayğacdan kənar d=15 mm-lik su xətti aşkar olunmuşdur. Foto və video qeydə alınmış, qeyri-qanuni xətt ləğv olunmuşdur. Həmçinin iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində "xxxx" ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 02/01-2/1/5303-8 saylı müraciətə baxılması haqqında məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanında fəaliyyət göstərən ət kəsimi mağazası üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərin istifadəyə dair xx.xx.2013-cü il tarixli müqavilənin istehlakçı olaraq İddiaçı ilə bağlanıldığı müəyyən edilmişdir. İstehlakçı kimi sözügedən obyekt üzrə ərizəçi X1 ilə su təchizatı müəssisəsi arasında hər hansı bir müqavilə bağlanılmadığından, həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə icarə müqaviləsi və ya digər hüquq təsdiqedici sənədlər təqdim edilmədiyindən yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınması mümkün olmamışdır. "xxxx" ASC-nin Yasamal rayon Sukanal İdarəsi tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2024-cü il tarixli ********* saylı hesab-fakturadan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixinə qalıq borcu 2149,6 manat məbləğində hesablanmışdır Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə (qanunsuz istifadə olunan çirkab və suya görə) 2149,60 manat borc hesablanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Göründüyü kimi “İri şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinə (əvvəlki adı ilə "xxxx" ASC) su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc “İri şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsinin (əvvəlki "xxxx" ASC) əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda, həmin yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Həmçinin iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi özü də yoxlamının reyestrdə qeydə alınmadığını etiraf etmişdir. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Bundan başqa cavabdehin nümayəndəsi məhkəməyə foto-video çəkiliş materiallarının təqdim ediləcəyini bildirsə də, məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədiyindən, məhkəmə iddiaçının bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni borcun əsassız hesablanmasını müəyyən olunmuş hesab edir. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 2154 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “İri şəhərlərin X2 Xidməti” publik hüquqi şəxsi (əvvəlki "xxxx" ASC) tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ət kəsimi mağazasına (kod: 075527) akt əsasında hesablanmış 2154 (iki min yüz əlli dörd) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar