Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5492/2022 01.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borc, borcun silinməsi, abonent kodu, rəy) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, Cavadeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən "xxxx" MMC-yə məxsus 082271 abonent koduna əsassız hesablanmış 5239 (beş min iki yüz otuz doqquz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, xx.xx.2022-cil il tarixdə Cavabdeh ASC-nin Nəzarət İdarəsinin əməkdaşları heç bir bildiriş və xəbərdarlıq etmədən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektə gəlmiş və obyektə məxsus su sayğacnı çıxararaq özləri ilə yoxlamaya aparmışlar. Bir müddət sonra isə bildirmişlər ki, iddiaçıya 5239 manat borc hesablanmışdır. Cavabdeh ASC-nin X2 İdarəsinin Suölçən Cihazların Kalibirləmə Labaratoriyası tərəfindən verilən xx.xx.2022-ci il tarixli rəyindən aydın görünür ki, abonentə məxsus Alfasu WS-80 makalı, zavod nömrəsi 50130562 Cavabdeh ASC-yə məxsus plomb nömrəsi C720062 olan sözügedən sayğacda dövlət plombunun movcudluğu və su təchizatı və kanalizasiya müəssisəsinə (bundan sonra STKM) məxsus Azərsu loqolu plombun movcudluğu tam olmuş, qırılma, müdaxilə və pozulma olmamışdır. Bütün yuxarıda göstərilənlər ona əsas verir ki, sayğacın tamlığı və bütövlüyü pozulmadığı halda sayğaca hər hansı müdaxildən söhbət gedə bilməz. "xxxx" MMC-nin istifadəmizdə olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir, yoxlamanın nəticələri əsassız və qanunsuzdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.3, 3.2-ci maddələri və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4,1.5 və 1.7-ci bəndləri qeyd olunmuşdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi/vəkili iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçının xəbəri olmadan sayğac çıxarılıb laboratoriyaya göndərilmiş, sayğaca baxış keçirilməsi ilə bağlı akt tərtib olunmamış, iddiaçının nümayəndəsinə ərizəyə imza etdirməklə sayğac laboratoriyada yoxlamadan keçirilmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavadehin nümayəndəsi izahatında iddianın əsassız olduğunu bildirib rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa izahatında bildirmişdir ki, 082271 abonent kodu üzrə hesablanmış borc sayğacın çıxarıldığı xx.xx.2022-ci il tarixdən əvvəlki 30 gün üçün hesablanmış, sudan sayğacsız istifadə olunduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün borc hesablanmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilməsi barədə Cavabdeh ASC-nin əməkdaşları tərəfindən akt tərtib olunmamış, yoxlama iddiaçının müraciəti əsasında keçirildiyi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İş materiallarında olan müqavilədən görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.
8. İş materiallarında olan xx.xx.2022-ci il tarixli smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi haqqında arayışdan məlum olur ki, xx.xx.2022-ci il tarixdə 50130562 nömrəli smart tipli su sayğacı dövri yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC tərəfindən çıxarılaraq NÖCİ-nə aparılması üçün abonentə təhvil verilmiş, xətt birbaşa qoşulmuşdur. Sayğacın üzərində qalan balans 164 m3 olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixində 00259900 nömrəli su sayğacı Cavabdeh ASC tərəfindən quraşdırılaraq plomblanmışdır.
9. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, 082271 nömrəli abonent kodu üzrə istehlakçının səlahiyyətli nümayəndəsi kimi qeyd olunmuş Şərifov Sideif balans mənsubiyyəti sərhəddindən demontaj edilmiş 50130562 nömrəli smart tipli su sayğacının dövri yoxlamadan keçirilməsi üçün Cavabdeh ASC-nə müraciət etmişdir.
10. İş materiallarında olan Cavabdeh ASC X2 İdarəsi “X1 Laboratoriyası”nın xx.xx.2022-ci il tarixli 30562/0189565 saylı rəyindən görünür ki, 50130562 nömrəli smart tipli su cihazının mexaniki hissəsinin zavod möhürünün və hesablayıcı mexanizmin kipləşdirici vintlərinin üzərində olan 3 ədəd qurğuşun möhürünün olmadığı, hesablayıcı mexanizmin alt hissəsində müdaxilə izinin olduğu aşkar olunmuş, su cihazının təmirə və istifadəyə yararsız olması müəyyən olunmuşdur. Su cihazının üzərində qalan balansın 164 m3 olduğu qeyd olunmuşdur.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sayğaca müdaxiləyə görə hesablanmış sərfiyyat haqqında məlumatdan və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, sayğaca müdaxiləyə görə dəymiş ziyan “Sudan istifadə Qaydalarının” 6.15-ci bəndinə əsasən Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq hesablanmış, 30 gün üçün 2725 m3 (2889 m3 (müdaxilə sərfiyyatı) - 164 m3 (sayğacda qalan su həcmi)) itirilmiş sərfiyyat qeyd olunaraq zərərin məbləği 5450 manat müəyyən olunmuşdur. Həmçinin görünür ki, su xəttinin birbaşa qoşulduğu 34 gün üçün sərfiyyat hesablanmamışdır.
12. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixinə çap olunmuş abunə haqqında məlumatdan görünür ki, 2022-ci ilin iyun ayında 5450 manat (SU 2725, ÇSU 275) borc hesablanmış və çap tarixinə ödənilməmiş 5099,40 manat borc mövcuddur.
13. Cavabdehin nümayəndəsi sayğaca müdaxiləyə görə dəymiş ziyanın xx.xx.2022ci il tarixdən əvvəlki 30 gün üçün hesablandığını bildirmişdir.
14. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus 50130562 nömrəli smart tipli su sayğacı Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə çıxarılmış, yoxlamadan keçirilməsi üçün laboratoriyaya göndərilmiş, xx.xx.2022-ci il tarixli 30562/0189565 saylı rəyə əsasən sayğacın mexaniki hissəsinin zavod möhürünün və hesablayıcı mexanizmin kipləşdirici vintlərinin üzərində olan 3 ədəd qurğuşun möhürünün olmadığı, hesablayıcı mexanizmin alt hissəsində müdaxilə izinin olduğu aşkar olunmuş və həmin rəy əsasında xx.xx.2022-ci il tarixdən əvvəlki 30 gün üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun olaraq 5450 manat dəymiş ziyan hesablanmışdır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.16-cı bəndinə əsasən su təchizatı qurğularının, suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda, habelə STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına istehlakçı tərəfindən lazımi şərait yaradılmadıqda, müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi istehlakçıya təqdim edilir.
16. Həmin Qaydaların 6.17-ci bəndinə əsasən tərtib edilmiş akta əsasən istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulması müəyyən edildikdə, dəymiş ziyan hesablanaraq istehlakçıya ödəniş sənədi təqdim edilir.
17. Qaydaların tələblərindən göründüyü kimi, istehlakçının suölçən cihazın və onun üzərindəki plombun zədələnməsi halları aşkar olunduqda bu barədə akt tərtib edilməklə dəymiş ziyan hesablana bilərdi.
18. Hazırkı halda Cavabdeh ASC iddiaçıya məxsus obyektdən çıxarılmış smart tipli sayğaca müdaxilə edildiyini, sayğacın mexaniki hissəsinin zavod möhürünün və hesablayıcı mexanizmin kipləşdirici vintlərinin üzərində olan 3 ədəd qurğuşun möhürünün olmadığı, hesablayıcı mexanizmin alt hissəsində müdaxilə izinin olduğunu iddia etdiyi halda bu barədə qanunla nəzərdə tutulmuş qaydada müvafiq akt tərtib edilməmişdir. Belə olan halda, cavabdeh istehlakçının təqsiri üzündən STKM-ə maddi zərər vurulmasına istinad edərək dəymiş ziyan hesablaya bilməz.
19. Bundan əlavə, “Sudan istifadə Qaydalarının” 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
21. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
22. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.
23. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
24. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
25. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
26. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
27. İş materiallarında görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.
28. Bundan başqa, cavabdeh dəymiş ziyanın xx.xx.2022-ci il tarixdən əvvəlki 30 gün üçün hesablandığını və hesablamanın “Sudan istifadə Qaydalarının” 6.15-ci bəndinə əsasən Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq aparıldığını qeyd edir.
29. “Sudan istifadə Qaydalarının” 6.15-ci bəndinə əsasən suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq (6.15.1.)
30. Abunə haqqında məlumatdan görünür ki, 2022-ci ilin aprel ayı üçün 500 manat sərfiyyat qeydə alınmışdır. Eyni zamanda görünür ki, 2022-ci ilin yanvar ayı üçün 500 manat, fevral ayı üçün 564 manat, mart ayı üçün 650 manat sərfiyyat qeydə alınmış, yeni sayğac quraşdırıldıqdan sonrakı iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üzrə müvafiq olaraq 160 manat, 450 manat, 550 manat, 500 manat, 600 manat sərfiyyat qeydə alınmışdır.
31. Göründüyü kimi cavabdeh dəymiş ziyanın xx.xx.2022-ci il tarixdən əvvəlki 30 gün üçün (xx.xx.2022-xx.xx.2022) hesablandığını qeyd etsə də, aprel ayı üçün sayğac 500 manat sərfiyyat qeydə almış, həmin sərfiyyat isə həm əvvəlki ayların sərfiyyatına, həm də yeni sayğac quraşdırıldıqdan sonrakı ayların sərfiyyatına uyğun olmuşdur.
32. Bununla belə, cavabdeh tərəfindən 30 gün (xx.xx.2022-xx.xx.2022) üçün aparılmış hesablamanın 3 günü may ayı üzrə olmuş, abunə haqqında məlumatdan isə görünür ki, may ayı üçün sərfiyyat abonentin hesabına daxil edilməmişdir. xx.xx.2022-ci il tarixli 30562/0189565 saylı rəydən və eyni tarixli arayışdan isə görünür ki, sayğacın üzərində qalan balans 164 m3 olmuşdur.
33. Məhkəmə qeyd edir ki, sayğacın qeydə aldığı 164 m3 sərfiyyat iddiaçı tərəfindən ödənilməli olan sərfiyyat olmuşdur.
34. “Sudan istifadə Qaydalarının” 7.25-ci bəndinə əsasən kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazinin göstəricisinə əsasən hesablanir.
35. Azərbaycan Respublikasinin Tarif (qiymət) Şurasının “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 13 may tarixli 6 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən qeyri-əhali qrupu üzrə su təchizatı və tullantı sularının axıdılması üçün qiymət 1 m3 üçün 1 manat müəyyən olunmuşdur.
36. Beləliklə, sayğacın qeydə aldığı 164 m3 sərfiyyat üzrə 328 manat (su təchizatı üçün 164 manat, tullantı sularının axıdılması üçün 164 manat olmaqla) borcun iddiaçı tərəfindən ödənilməli olan borc olduğunu nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçının tələbi qismən, 5122 manat (5450-328) borcun silinməsi hissəsində əsaslıdır.
37. xx.xx.2022-ci il tarixinə çap olunmuş abunə haqqında məlumatdan isə görünür ki, abonentin çap tarixinə ödənilməmiş 5099,40 manat borcu mövcuddur. Məhkəmə qeyd edir ki, mövcud olmayan borc silinə bilməz.
38. İddia tələbinin 5122 manat borcun silinməsi hissəsində əsaslı olduğunu, lakin 082271 abonent kodu üzrə ödənilməmiş 5099,40 manat borcun mövcud olduğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, 082271 abonent koduna hesablanmış 5099,40 manat borc silinməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 082271 nömrəli abonent koduna hesablanmış 5099 (beş min doxsan doqquz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova