Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5688/2025 17.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qazdan istifadə qaydalarının pozulması, borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 Cavabdeh İB-yə qarşı “abonent hesabından borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. İŞİN FAKTİKİ HALLARİ
1. İddiaçıya məxsus, abonent saldosuna əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təbii qazla təmin edilməsi üçün iddiaçı **********40650 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İş materiallarına əlavə edilmiş qaz sayğaclarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, Y1919 saylı protokoldan görünür ki, iddiaçıya məxsus qaz sayğacının yoxlanılması həyata keçirilmiş, bunun nəticəsində sayğacın elektron göstəricisinin mexaniki göstəricidən 63797 m3 az olduğu və sayğacın istismara yararsız olması müəyyən edilmuşdir.
3. Bundan başqa, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda "xxxx" MMC-nin qaz sayğaclarının yoxlanması haqqında xx.xx.2024-cü il tarixli, Y1919 saylı protokoluna əsasən dəymiş ziyanın hesablanması tələbi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı akt əsasında cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamə tərtib edilmiş, həmin tələbnamə ilə itirilmiş təbii qazın həcminin 42682 m3 olması müəyyən edilmişdir.
4. Bakı Reginal Qazın Satışı Departamenti Nizami XS tərəfindən ərizəçiyə ünvanlanmış 329 saylı, xx.xx.2025-ci il tarixli hesab-fakturadan görünür ki, ərizəçinin qazdan istifadəyə görə xx.xx.2025-ci il tarixə yaranmış borcu 11332,14 manat təşkil edir.
5. Bundan başqa, **********40650 saylı abonent saldosunun “Qalıq və Aktlar” bölməsindən görünür ki, iddiaçıya 2011-ci il üzrə 399,6 manat, 2015-ci il üzrə 547,5 manat, 2021-ci il üzrə 404,50 manat, 2022-ci il üzrə 1733 manat, 2023-cü il üzrə 2 704 manat, 2024-cü il üzrə 3 811 manat və 2025-ci ilin aprel ayı üzrə 10670,5 manat məbləğində borc hesablanmışdır. 2025-ci il üzrə abonentin son borcu 11163,49 manat təşkil edir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı ona hesablanmış 10670,50 manat cərimənin onun **********40650 abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda yerləşən ona məxsus və ********** VÖEN-lə fəaliyyət göstərən “Xəmsə” şadlıq sarayının sayğacını dəyişməklə bağlı iddiaçıya müraciət etmişlər. xx.xx.2024-cü il tarixdə yeni sayğacın quraşdırılması ilə əlaqədar müqavilə imzalamış və xx.xx.2024- cü il tarixdə 290,17 manat +ƏDV ödəmişdir. Abonent saldosundan görünür ki, obyektin aylıq qazsərfiyyatı fəaliyyətdən asılı olaraq 400-800 manat aralığında olur. xx.xx.2025-ci il tarixli hesab fakturadan sonra iddiaçıya aydın olmuşdur ki, güya apardıqları sayğacda nasazlıq olmuş bu baxımdan iddiaçıya 10670.50 manat cərimə vurulmuşdur. Həmin akt onun iştirakı olmadan tərtib olunmuş və cavabdeh idarə iddiaçıya bununla bağlı heç bir xəbərdarlıq etməmiş, bu günə qədər həmin aktı ona təqdim etməmişlər. Sözügedən sayğac həyətdədir və bu səbəbdən hesab edir ki, sayğacın qorunmasında iddiaçı heç bir məsuliyyət daşımır. Hesab edir ki, Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (Qaz Təchizatı haqqında Qanunun 13-cü maddəsinin 8 və 9-cu bəndləri).
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
Azərbaycan Rüspublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
20. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
22. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
23. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı X1 tələb etdiyi 10670,50 manat məbləğində borc abonentə məxsus qeyri-yaşayış sahəsində qaz sayğacının elektron hissəsində yaranmış nasazlıq ilə əlaqədar təbii qazın uçotunun aparılmaması nəticəsində itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.
24. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli qərarının 4.8-ci bəndinə əsasən, Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.
25. Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
26. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 17:00-da keçirdiyi yoxlama əsasında tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış, lakin yoxlayıcı orqan olan cavabdeh sahibkarlıq fəaliyyəti subyekti olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qaz sayğacının yoxlanması ilə əlaqədar keçirdiyi həmin yoxlamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyata aldırmamışdır.
27. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən iddiaçı X3 hesablanmış 10670,50 məbləğində borc iddiaçının abunə hesabından (kod: **********40650) silinməlidir.
29. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 123,62 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə öənilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: İddia təmin edilsin. Hesablanmış 10670,50 (on min altı yüz yetmiş manat əlli qəpik) manat cərimə Cavabdeh İB tərəfindən X2 **********40650 nömrəli abonent hesabından silinsin. Ödənilmiş 123,62 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Pərviz Zamanlı