Məhkəmə qərarları › İş №e-2-2(113)-609/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-609/2022

18.02.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-609/2022 18.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil , Cavabdehin nümayəndəsi X2 iştirakları ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh tərəfindən hesablanmış 1729 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC olaraq artıq uzun illərdir ki, fəaliyyət göstərir. Cavabdehə aid olan bütün vergi və ödənişlər daim vaxtı-vaxtında həyata keçirilir. Eynilə "xxxx" ASC-nin abonenti kimi istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər daim vaxtı-vaxtında ödənilir. Lakin 16.12.2021-ci il tarixdə elektrik enerji sərfiyyatına görə onlara ünvanlanmış bildirişlə tanış olduqda məlum olmuşdur ki, cavabdeh qurum tərəfindən onlara əlavə borc hesablanmışdır. Borcun nədən irəli gələrək hesablanmasını aydınlaşdırdıqda məlum olmuşdur ki, 15.11.2021-ci il tarixdə cavabdehin əməkdaşları, daha dəqiq isə Satışa Nəzarət İdarəsi tərəfindən sayğaca baxış keçirilmiş və onlara aid olmayan hansısa pozuntuların olması səbəbindən iddiaçıya borc hesablanmışdır. İşıq İdarəsində qeyd edilən hal ilə maraqlandıqda iddiaçıya aktın surəti verilərək bildirilmişdir ki, guya sayğaca kənar müdaxilə olmuşdur. Halbuki cavabdehin özünün quraşdırmış olduğu sayğac iddiaçının ərazisində deyildir və ümumilikdə iddiaçının nəzarətindən kənar bir ərazidədir. Bundan başqa nə yoxlama zamanı, nə də sonra iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Ən önəmlisi isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun tələblərinə əsasən cavabdeh müstəsna səlahiyyətlərə malik elektrik enerjisini satan olan bir qurum kimi yoxlamadan öncə ilk növbədə belə bir yoxlamanın keçirilməsinə dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışı alınmalı və sahibkara təqdim etməli olduğu halda bunu etmədən belə bir yoxlama aparılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması və cavabdeh tərəfindən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib edilmiş 15.11.2021-ci il tarixli, 010441 nömrəli aktdan görünür ki, "xxxx" ASC-yə məxsus sayğaca baxış həyata keçirilmiş, E.E.İ.Q-yə uyğun qüsurun aradan qaldırılması və aradan qaldırıldıqdan sonra yenə möhürlməli olması qeyd edilmişdir. - "xxxx" ASC-nin Akt komissiyası tərəfindən 07.12.2021-ci il tarixdə tərtib edilmiş texniki sahə üzrə tələblər barədə icra vərəqəsinə əsasən "xxxx" ASC-yə məxsus sayğaca baxış zamanı sayğacın yaddaşı kompüter vasitəsi ilə oxunmuş, oxunma zamanı Ua fazasında müəyyən zaman fasilələrində gərginlik açılmaları qeydə alınmış, C/t –u üzərində lak parçaları yanmışdır. Satış sahəsi üzrə tələblər barədə qərara əsasən 39046 kvts x 33%:67%=19232 kvts miqdarında istifadə olunmuş enerjiyə əsasən 1730 manat dəyərində borc hesablanmışdır. Belə ki, sayğacın yaddaş oxunmasında 2020-ci ili noyabr ayından 2021-ci ilin yanvar ayınadək ümumilikdə 80 dəfə A fazasında gərginlik açılmaları olduğu aşkar olundu və EEİQ –yə uyğun sxem bərpa olundu. - Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 18.02.2022-ci il tarixli, 5155-036 nömrəli arayışa əsasən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən bazarı qidalandıran 1472 saylı KTM və 630 kVa güc transfarmatoru "xxxx" ASC-nin xidməti balansında deyil, abonentə məxsusdur. Göründüyü kimi, hazırkı mübahisə "xxxx" ASC-nin işıq enerjisindən istifadə etməsi üzrə yaranmış borcla əlaqədardır. İddiaçı, Cavabdehin ona hesablanmış 1729 manat dəyərində borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 14.2.1 ("Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır".) və 386.1-ci ("Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.") maddələri müqaviləni öhdəliyin yaranma əsası kimi müəyənləşdirir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq "xxxx" ASC-nin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün sonuncunun "xxxx" ASC-yə zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-1 maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Belə ki, işin hallarından məlum olur ki, "xxxx" ASC Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən 15.11.2021-ci il tarixdə "xxxx" ASC-yə məxsus sayğaca baxış keçirilmiş, keçirilmiş baxış zamanı sayğacın yaddaş oxunmasında 2020-ci ili noyabr ayından 2021-ci ilin yanvar ayınadək ümumilikdə 80 dəfə A fazasında gərginlik açılmaları olduğu aşkar olunmuş və iddiaçıya 1730 manat məbləğində borc hesablanmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın

8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi "xxxx" ASC elektrik enerjisi ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar "xxxx" ASC-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Sadalanan müddəaların məzmunundan məlum olur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər və yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilməlidir.Qeydə alınmadan aparılmış yoxlamalar nəticəsində hətta qanun pozuntuları aşkar olunduğu təqdirdə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Cavabdeh "xxxx" ASC həyata keçirdiyi yoxlamanı vahid məlumat reyestrində qeydə alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin yoxlamanın nəticələri iddiaçı üçün hər hansı bir məsuliyyət yarada bilməz. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə uyğun olaraq iddiaçıya hesablanmış 1729 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC-yə hesablanmış 1729 (min yeddi yüz iyirmi doqquz) manat məbləğində borcun silinməsi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar