Məhkəmə qərarları › İş №e-2-2(113)-623/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-623/2024

27.03.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-623/2024 27.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ("xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən "xxxx" ASC-yə qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli 015515 saylı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 7471.50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC-nin 4 saylı Yaşıllaşdırma idarəsinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində yerləşən Şirvan su kanalının üzərində quraşdırılmış hər iki nasosxananı elektrik enerjisi ilə təmin edən transformatorunun yağ açarında xx.xx.2023-cü il tarixdə yaranmış qəzanın aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 3-14-24/2-076/2023 nömrəli məktubla "xxxx" ASC-yə müraciət edilmişdir. "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdeh cəmiyyətin əməkdaşları möhürü açaraq yaranmış qəzanı aradan qaldırmışlar. Ancaq müəyyən vaxtdan sonra "xxxx" ASC-nin əməkdaşları transformatorun yağ açarına baxış keçirərək əsassız olaraq xx.xx.2023-cü il tarixli 015515 saylı akt tərtib etmişlər. Qeyd olunan akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşlarının iştirakı təmin edilməmiş, aktın surəti verilməmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın (bundan sonra “Qaydalar”) 8.16, 8.2, 8.3, 8.4 və 8.20-ci bəndlərinin tələbləri kobud surətdə pozulmuşdur. "xxxx" ASC-nin əməkdaşlarının qanunsuz yazdığı yuxarıda qeyd olunan akta əsasən "xxxx" ASC-yə 74715 kv/saat sərfiyyata görə əsassız olaraq 7471,50 manat cərimə yazılmışdır. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli 015515 saylı akt əsasında yazılmış 7471,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na istinad olunmuşdur.

5. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaya etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" ASC iddianı qəbul etmir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC uçot dəstinə baxış keçirilərkən sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Belə ki, baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı 10 kv-luq KRN-da quraşdırılmışdır. Sayğac dəstinə quraşdırılmış cərəyan və gərginlik transformatorlarının yerləşdiyi yuvanın qapısı üzərinə vurulmuş möhür açılmış və sayğac sxeminə müdaxilə olunmuşdur. Əməkdaşlar tərəfindən qeyd olunan pozuntu faktı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələbinə uyğun olaraq, xx.xx.2023-cü il tarixli NDQ 015515 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 74715 kVts elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASCyə xeyli miqdarda, yəni 7471,50 manat dəyərində maddi ziyan vurulmuşdur. xx.xx.2023-cü il tarixli icra vərəqinə əsasən, (163 kvt x 12 saat x 90 gün) - 101325 kvts = 74 715 kvts Tarif: (0,10 manat) - 74715 kvts x 0,10= 7471,50 manat. Göründüyü kimi, yazılmış məbləğ cərimə deyil, iddiaçının sərf etdiyi elektrik enerjisinin dəyəridir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etmiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. 10 aprel 2023-cü il tarixli NDQ 015515 nömrəli aktdan məlum olur ki, "xxxx" ASCnin əməkdaşları A.xx, M.xxxin iştirakı ilə akt tərtib edilmiş, transformatorların yerləşdiyi yuvanın qapısı üzərinə vurulmuş möhür açılmışdır. Aktda "xxxx" ASC-nin nümayəndələri “A.xx” və “M.xxx“ adları qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “Nümayəndə2” qeyd edilmiş, lakin imzalanmamışdır.

9. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində "xxxx" ASC (abonent kodu **********1) adlı istifadəçi ilə bağlı NDQ № 015515 nömrəli akt əsasında 7471,50 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.

10. "xxxx" ASC (abonent kodu **********1) adına abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində NDQ 015515 nömrəli akt üzrə “EİQ pozulması” əsası ilə 7471,50 manat borc hesablanmışdır. Abonent saldosunda 8959,36 manat borcun olduğu göstərilmişdir.

11. 09 fevral 2024-cü il tarixdə çap edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, "xxxx" ASC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər X4 və X5 göstərilmişdir.

12. "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-14- 24/2-076/2023 nömrəli məktubda qeyd edilmişdir ki, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Salyan rayonu, Xıdırlı kəndində yerləşən 4 saylı yaşıllaşdırma idarəsinə məxsus 10 kv-luq KRN-də baş vermiş qəzanın aradan qaldırılması məqsədilə həmin KRN-də möhürün açılması üçün göstəriş verilməsi xahiş edilmişdir.

13. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 4.2-ci maddəsinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq; 4-2.1.8-ci maddəsinə əsasən yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək; 4-2.1.9-cu maddəsinə əsasən yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. 4-3.1.2-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək sahibkarın hüququdur. 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 31.2.3-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın: 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

19. İddia tələbi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 015515 saylı akt əsasında hesablanmış 7471,50 (yeddi min dörd yüz yetmiş bir manat əlli qəpik) manat borcun silinməsindən ibarətdir.

20. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır.

21. Belə ki, işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, iddiaçı X1 etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir.

22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, "xxxx" ASC-nin 4 saylı Yaşıllaşdırma idarəsinin Salyan rayonunun Xıdırlı kəndi ərazisində yerləşən Şirvan su kanalının üzərində quraşdırılmış iki nasosxananı elektrik enerjisi ilə təmin edən transformatorun yağ açarında xx.xx.2023-cü il tarixdə qəza yaranmış və qəzanın aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 3-14-24/2-076/2023 nömrəli məktubla "xxxx" ASC-yə müraciət edilmişdir. Məktubda Salyan rayonu, Xıdırlı kəndində yerləşən 4 saylı yaşıllaşdırma idarəsinə məxsus 10 kv-luq KRN-də baş vermiş qəzanın aradan qaldırılması məqsədilə həmin KRN-də möhürün açılması üçün göstəriş verilməsi xahiş edilmişdir. Bundan sonra tərəflər arasında müqavilə bağlanmış və möhür açılaraq qəza aradan qaldırılmışdır. Daha sonra "xxxx" ASC-nin əməkdaşları transformatorun yağ açarına baxış keçirərək, xx.xx.2023-cü il tarixli 015515 saylı aktı tərtib etmişlər.

23. İddiaçının nümayəndəsi qeyd olunan akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşlarının iştirakının təmin edilmədiyini, aktın surətinin onlara verilmədiyini, həmin aktın qanunsuz və əsassız olaraq tərtib olunduğunu bildirmişdir.

24. Cavabdeh tərəfindən məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, "xxxx" ASCnin (VÖEN **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində X4 və X5 göstərilmiş, kod olaraq KY231910291 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinin olduğu göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) xx.xx.2023 xx.xx.2023-cü il tarix olduğu qeyd olunmuşdur. Sənəd xx.xx.2023-cü il tarixdə elektron imzalanmışdır.

25. İşin hallarından göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2023-cü il tarixdə imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan NDQ 015515 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna və iş üçün əhəmiyyət kəsb etdiyinə görə cavabdehin nümayəndəsinə reyestrdə qeydə almanın və aktın tərtib olunma vaxtı (saatı) barədə sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, belə sübutlar məhkəməyə təqdim olunmamışdır. Reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini sübut etmə yükü cavabdehin üzərinə düşdüyü üçün hesab olunur ki, cavabdeh həmin halı (reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl baş verməsini) sübut edə bilməmişdir.

26. Ona görə də məhkəmədə belə qənaət yaranmışdır ki, reyestrdə qeydə alınma yoxlama aktından sonra baş vermiş və keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir.

27. Halbuki, qanunvericiliyin tələinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. Yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq, yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək, yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.

28. Eyni zamanda əlavə olaraq qeyd olunmalıdır ki, abonent haqqında məlumatdan çıxarışa nəzər saldıqda görünür ki, 2020-ci ilin mart ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 2970 manat məbləğində elektrik enerjis sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 7471,50 manat borc hesablanmışdır. Halbuki, abonent haqqında məlumatdan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 3915 manat, 2021-ci ilin eyni, yəni mart ayı üzrə sərfiyyatı 2025 manat, 2022-ci ilin eyni, yəni mart ayı üzrə sərfiyyatı 2250 manat, 2023-cü ilin mart ayı ayı üzrə sərfiyyatı 3603 manat və s. olmuşdur, yəni oxşar aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2020-ci ilin mart ayında sərf etdiyi 2970 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, NDQ seriyalı, 015515 nömrəli akt əsasında hesablanmış 7471,50 manat (yeddi min dörd yüz yetmiş bir manat əlli qəpik) məbləğində borc iddiaçının abonent hesabından silinməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixli, NDQ seriyalı, 015515 nömrəli akt əsasında hesablanmış 7471,50 manat (yeddi min dörd yüz yetmiş bir manat əlli qəpik) məbləğində borc abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar