Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-626/2024 02.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Azərsu ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən "xxxx" ASC-yə qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın etbarsız hesab edilməsi və xx.xx.2023-cü il tarixli 376919 nömrəli elektron qaimə üzrə əsassız hesablanmış 7465 manat borcun silinməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" ASC Bakı şəhəri, işğaldan azad edilmiş və digər rayonlarda yaşıllıqların salınması və becərilməsi işlərini həyata keçirir. Hazırda Bakı şəhəri Nərimanov rayonunda yerləşən Böyükşor gölünün park ərazisində 2022-ci ildə istifadə olunan su sərfiyyatına görə bütün ödənişlər edilmiş və ilin sonuna borc qalmamışdır. Cari ilin yanvar – fevral aylarında Böyükşor gölünün park ərazisində salınmış yaşıllıqların suvarılmasına ehtiyac olmadığından sudan istifadə tamamilə dayandırılmışdır. Ancaq, sudan istifadə edilmədiyi halda Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə parka aid su sayğacının (N********) faktiki göstəricisi nəzərə alınmadan 7465 manat su sərfiyyatı hesablanmışdır (xx.xx.2023-cü il tarixli 376919 nömrəli elektron qaimə). Hazırda sözügedən əraziyə suyun verilməsi dayandırılmışdır. Məlumat üçün bildirirlər ki, yarımsəhra iqlim tipinə xas olan əlverişsiz külək rejimi və uzunmüddətli quraqlıq mövsümləri ilə səciyyələnən Abşeron yarımadasında təbii meşələrin olmaması, Bakı şəhəri daxil olmaqla bütün yarımadanın süni yaşıllıq zonaları ilə əhatə olunması vəzifəsini zəruri edir. Eyni zamanda qarşıdan isti yay günlərinin gəlməsi susuz qalmış yaşıllıqların quruyaraq məhv olması riskini daha da artırır. Cavabdeh ASCnin Nərimanov rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda Böyükşor gölünün ərazisindəki anbarın doldurulması zamanı guya siyirtmənin tam açılmaması səbəbindən su sayğacı sərfiyyatı qeydə ala bilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları su sayğacında problemin olduğunu nəzərə almamış, sayğacın düzgün işləyib-işləməməsini araşdırmadan "xxxx" ASC-yə qarşı qərəzli olaraq yüksək məbləğdə cərimə yazmışdırlar. Nəzərə çatdırırlar ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. “Sudan istifadə Qaydaları”nın 6.1 və 6.6-cı bəndlərinə əsasən tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitlərinin quraşdırılması qadağandır, dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən tərəfindən dövlət yoxlamalarından keçirilməlidir. Həmin Qaydaların 6.8-ci bəndinə əsasən suölçən dövlət yoxlaması istehlakçının arzusu ilə və ya istehlakçının təqsiri səbəbindən həyata keçirildikdə istehlakçının, digər hallarda isə STKM-in vəsaiti hesabına həyata keçirilir. Əlavə olaraq bildirirlər ki, bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sayğaca baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus anbarın su ilə doldurulması zamanı siyirtmə tam açılmadığı üçün su sayğacı sərfiyyatı qeydə almamışdır. Bu səbəbdən AR Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarı ilə təsdiq etdiyi “Sudan istifadə qaydalarına” uyğun 7465 m3 sərfiyyat hesablanmışdır. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, mexaniki sayğac olduğundan Cavabdeh ASC-nin əməkdaşları sayğacın göstəricilərini götürmək məqsədilə hər ay həmin əraziyə gedir. Sayğac göstəricilərində dəyişikliyin olmadığını görərək bunun səbəbini aydınlaşdırmaq məqsədilə sayğaca baxış keçirilmişdir, yoxlama aparılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" ASC barəsində tərtib edilmiş Cavabdeh ASC-nin 30 yanvar 2023-cü il tarixli aktın etibarsız hesab edilməsi hissəsində iddia tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cavabdeh ASC-nin tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın etibarsız hesab edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Hazırkı halda isə iddiaçı ona Cavabdeh ASC tərəfindən hesablanmış borcun silinməsini istədiyi və bu tələblə iddia qaldırdığı halda həmin məqsədinə daha tez, daha münasib və daha sadə yolla, yəni borcun özünü mübahisələndirmək yolu ilə çatmaq imkanına malikdir ki, iddiaçı borcun silinməsi tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi tələbinə dair hissədə kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-626/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-626/2024
02.02.2024 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver