Məhkəmə qərarları › İş №e-2-2(113)-6294/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6294/2022

28.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6294/2022 28.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus “Qızıl Qaya” Şadlıq evinin 040734 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 3492 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 mart 2022-ci il tarixdə cavabdehin Nizami rayonu SKİ-nin əməkdaşları ünvan 1 ünvanında yerləşən, müqavilə nömrəsi 040734 olan “Qızıl Qaya” Şadlıq evinə məxsus obyektə gələrək onun sudan qanunsuz istifadə etdiyini əsas gətirərək 11 mart 2022-cil il tarixli, 007376 nömrəli akt tərtib etmiş, bu akt əsasında 3492 manat cərimə hesablanmışdır. Bu hal iddiaçıya yalnız suyu kəsildikdən sonra məlum olmuşdur. Cavabdehin qanunsuz yoxlamaları nəticəsində iddiçıya cəmi 3492 manat borc məbləği hesablanmışdır. “Qızıl Qaya” Şadlıq evinin istifadəsinizdə olan qeyriyaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulmasi ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “X2”nın Su təchizatı və kanalizasiya müəssisənin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 6.18-ci bəndinə müvafiq olaraq STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aşkar edilmiş su xəttinin onlara hər hansı aidiyyatı yoxdur, bundan əlavə, yoxlama aparılan zaman onların nümayəndələri iştirak etməmiş, aktın bir nüsxəsi onlara təqdim edilməmişdir, həmin borc onlara su təchizatında fasilə yarandıqdan sonra məlum olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Quluzadə iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmiş, aşkar edilmiş qanunsuz su xəttindən iddiaçı tərəfindən istifadə edilməsi onlarda şübhə doğurmamışdır. Yoxlama zamanı video və ya fotoçəkiliş qeydə alınmamışdır. Həmin yoxlamaların nəticəsində xx.xx.2022-ci il tarixli akt əsasında 3492 manat borc hesablanmışdır. Həmin borc “X2”na əsasən hesablanmışdır. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin tələbinə əsasən balans sərhədində sayğac quraşdırılmış, sayğac hazırda iddiaçının balansındadır, aşkar edilmiş kənar xətt balans sərhəddinin cavabdehə aid olan hissəsində aşkar edilmiş, bu səbəbdən obyektdə yoxlamalar keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh tərəfindən tərtib olunmuş 11 mart 2022-ci il tarixli 007306 nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən “Qızıl Qaya” Şadlıq evinə baxış keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, “Qızıl Qaya” Şadlıq evində qeydiyyatda olmayan d=25 mm-lik quyu suyundan istifadə halı aşkar edilmişdir. Cavabdeh tərəfindən verilmiş abonent kodu 040734 olan iddiaçıya məxsus obyektə su təchizatı xəttində aşkarlanmış kənar xəttə görə hesablanacaq sərfiyyat haqqında məlumatdan görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli akta əsasən 3492 manat məbləğində borc hesablanmışdır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 15 avqust 2022-ci il tarixli MŞB-5-02605 nömrəli arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 70 manat mediasiyaya dair xərci ödəmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 11 mart 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan qeyri-qanuni istifadə halları müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 11 mart 2022ci il akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyriqanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 3492 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 3492 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya hesablanmış 3492 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçınə əsassız olaraq hesablanmış 3492 (üç min dörd yüz doxsan iki) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq iddiaçı Azoyl” Şirkətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar