Məhkəmə qərarları › İş №e-2-2(113)-6526/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6526/2022

13.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6526/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 131166 nömrəli abonent hesabına əsassız olaraq hesablanmış 6192 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Müştəri Xidməti Departamentinin əməkdaşları ünvan 1 ünvanında yerləşən, abonent kodu 131166 olan avtoyuyucu avtoservisə gələrək araşdırma aparmış, araşdırmanın nəticəsində 6192 manat cərimə hesablanmışdır. Bildirmək istərdik ki, olan ünvan 1 ünvanında yerləşən avtoyuyucu avtoservisdə sudan istifadə ilə bağlı kənar xətt olmamış, həmçinin baxış keçirilməsi qanunsuzdur. İddiaçı nümayəndəsi, Vəkil məhkəmə iclasına gəlməmiş, sistemə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, işə olan Cavabdeh ASC-nin 007585 nömrəli akt İddiaçı aid olan aktdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, 007585 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktdan görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən abonent nömrəsi 131166 obyektin su sayğacının su xətlərinə baxış keçirilən zaman məlum oldu ki, obyektə quraşdırılmış ALFASU d=20 mm tipli su sayğacı işləmir. Sayğacdan əlavə d=32 mm-lik su xətti çəkilərək su anbarına qoşulub, sudan qeyri-qanuni istifadə olunur. Abonent haqqında məlumatdan görünür ki, müqavilə nömrəsi 131166 olan İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən obyektə 6192 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4 və 1.5-ci bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı adına rəsmiləşdirilmiş 131166 nömrəli abonent koduna hesablanmış 6192 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı adına rəsmiləşdirilmiş 131166 nömrəli abonent koduna hesablanmış 6192 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar