Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6667/2025 23.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh «İri şəhərlərin X10 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh «İri şəhərlərin X10 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «İri şəhərlərin X10 Xidməti» PHŞ tərəfindən iddiaçı X15 FABRİKİ MMC barəsində xx.xx.2025ci il tarixli, 603435 saylı Akta əsasən hesablanmış 16344 AZN (on altı min üç yüz qırx dörd manat) məbləğində borcun (qanunsuz sudan istifadə haqqının) silinməsi, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350,00 AZN (üç yüz əlli manat) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.9 AZN (yüz əlli iki manat doxsan qəpik) pul vəsaitinin cavabdeh İRİ ŞƏHƏRLƏRİN BİRLƏŞMİŞ SU TƏCHİZATİ XİDMƏTİ publik hüquqi şəxsindən tutularaq iddiaçı X15 FABRİKİ MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət X5 tabeliyindəki İri Şəhərlərin X10 Xidməti X11 əməkdaşları - rəis müavini Seymur R. Mustafayev və mühəndis qrup rəhbəri Bəhruz F. Eyvazov xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində X15 X6 Cəmiyyətinin ərazisində sahibkarlıq sahəsində plandankənar (növbədənkənar) yoxlama həyata keçirmişdir. Yoxlamanın predmeti və hüquqi əsasları müqavilə şərtlərinə əməl olunub-olunmaması, yoxlamanın təyin edilməsi üçün əsas isə sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi olmuşdur. 2. Cavabdehin əməkdaşları nəzarətçi Rəşad Mustafazadə, mühəndis Elməddin Abbasov və mühəndis qrup rəhbəri Çingiz Məmmədovun qəbul etdiyi 16 iyul 2025-ci il tarixli, 603435 nömrəli Akta əsasən müəyyən olunur ki, müəssisənin ərazisinə baxış keçirildi, araşdırma zamanı sayğacdan kənar diametri 40 mm-lik su xəttindən qanunsuz istifadə halı aşkar edildi. Müəssisə əməkdaşları razı olmadıqları üçün aktı imzalamaqdan imtina etmişdirlər. 3. 18 iyul 2025-ci il tarixində cavabdeh publik hüquqi şəxs tərəfindən ********* nömrəli “qanunsuz istifadə fakturası” tərtib edilmiş və iddiaçıya göndərilmişdir. Fakturada qeyd olunur ki, müəssisə xx.xx.2025ci il tarixli, 603435 saylı Akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün ümumilikdə 16 344.00 AZN (on altı min üç yüz qırx dörd manat) məbləğində pul vəsaiti ödəməlidir. Dəymiş maddi ziyan borcunun ödəniş müddəti 1 (bir) ay olaraq müəyyənləşdirilmişdir. 4. İddiaçı həm sahibkarlıq sahəsində aparılan yoxlamaların aparılması qaydasından, həm də yoxlamalar nəticəsində gəlinən nəticədən narazı qalmışdır. Belə ki, müəssisədə heç bir sayğacdan kənar su paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən edilməsə də, cavabdeh real faktlar əsasında yox, sadəcə ehtimallar və fərziyyələr əsasında iddiaçını sudan qanunsuz istifadə etməkdə ittiham etmişdir. Buna görə də iddiaçı qeyd olunan borcu Bakı Kommersiya Məhkəməsində mübahisələndirmək qənaətinə gəlmiş və 04 avqust 2025-ci il tarixində Elektron Məhkəmə Portalı vasitəsilə cavabdeh publik hüquqi şəxsə “mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün” pretenziya məktubu göndərmişdir. Pretenziya məktubuna qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində cavab verilmədiyi və mübahisə məhkəmədən kənar qaydada həll edilmədiyi üçün iddiaçı “borcun silinməsinə dair” iddia ərizəsilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. 5. Cavabdeh publik hüquqi şəxs tərəfindən tətbiq edilmiş sudan qanunsuz istifadə haqqının ödənilməsi üçün 1 (bir) ay müddət təyin edilmişdir. Bu müddət ərzində borc ərizəçi tərəfindən məhkəmədə mübahisələndiriləcəyi və nəticə etibarilə ödənilməyəcəyi üçün cavabdeh publik hüquqi şəxs müəssisəyə su verilişini dayandıracaqdır. Ona görə də iddiaçı tərəflər arasındakı mübahisə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı ilə tam həll edilənədək xx.xx.2025-ci il tarixli, 603435 saylı Akta əsasən hesablanmış 16 344.00 AZN (on altı min üç yüz qırx dörd manat) məbləğində borcun ödənilməməsinə görə su təchizatını dayandırmağı cavabdehə qadağan etmək barədə müvəqqəti təminat tədbiri barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin (hakim Günay Namazlı) e-16(113)- 694/2025 saylı, 08 avqust 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 08 sentyabr 2025-ci il tarixinədək İddiaçı MMC-yə su təchizatının verilməsinin dayandırılması “İri Şəhərlərin X10 Xidməti” X4 edilmişdir. Hazırki vəziyyətdə iddiaçı 1 (bir) ay ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi üçün hesab edirəm ki, yazılı vəsatətimiz ilə müvəqqəti təminat barədə tədbirin müddəti uzadılmalıdır. Yazılı vəsatət əlavə edilir. İlkin olaraq, məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, mülki prosessual qanunvericiliyə görə iddiaçı iddia tələbinin əsaslı olduğunu sübut etməli və bununla bağlı məhkəməyə sübutlar təqdim etməlidir. Hazırki işdə mübahisə ondan ibarətdir ki, cavabdehin əməkdaşları müəssisədə yoxlama həyata keçirmiş və müəssisənin su sayğacından kənar şəbəkəyə qanunsuz qoşulma halı aşkarladıqlarını bildirmiş, buna müvafiq olaraq hesablama apararaq ödənməmiş borc müəyyənləşdirmişdirlər. Lakin iddiaçı qətiyyətlə rədd edir ki, onun müəssisəsində su sayğacından kənar şəbəkəyə qanunsuz qoşulma halı mövcud deyildir. Bu halda su sayğacından kənar şəbəkəyə qanunsuz qoşulma halını mötəbər və əsaslı şübhədən kənar sübutlarla sübut etmək öhdəliyini cavabdeh orqan daşımaqdadır. Sübut və sübutetmə yalnız həyatda mövcud olan və ya ola bilən bir nəsnə ilə bağlı bir şeydir. Ərizəçi məntiq etibarilə özündə mövcud olmayan bir şeyi – yəni su sayğacından kənar şəbəkəyə qanunsuz qoşulma halının yoxluğunu sübut edə və onunla bağlı sübutlar təqdim edə bilməz. Odur ki, hazırki vəziyyətdə iddiaçı sadəcə özündə mövcud olan sübutları məhkəməyə təqdim etməkdədir və iş üzrə sübutetmə yükü cavabdeh publik hüquqi şəxsin üzərinə düşməkdədir. Məhkəmə nəzərə almalıdır ki, müəssisədə su istifadə ilə bağlı sayğac quraşdırılmış və iddiaçı hər ay sayğac göstəriciləri əsasında su ödənişlərini icra etməkdədir. İddiaçı xüsusilə vurğulamaq istəyir ki, onun balansında olan çay zavodunda - çay istehsalında sudan istifadə edilməməkdədir. Müəssisədə ümumilikdə 168 nəfər işçi çalışmaqdadır. Müəssisə olaraq su təchizatı sadəcə zavod işçilərinin təmizlik – gigiyena ehtiyaclarının qarşılanması məqsədilə istifadə edilir. Cavabdeh isə sadəcə ehtimallar və fərziyyələr əsasında müəssisənin su təchizatını çox olmalı olmasına – yəni daha çox sudan istifadə haqqı ödəməli olduğumuza istinad edərək müəssisə ərazisində yoxlama həyata keçirmək qərarına gəlmişdir. Əvvəla, onu qeyd etməliyik ki, cavabdeh publik hüquqi şəxs tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, həmin qanunda göstərilən heç bir tələbə riayət edilməmişdir. Belə ki, ilk olaraq qeyd edilməlidir ki, cavabdeh publik hüquqi şəxs tərəfindən iddiaçının ərazisində plandankənar (növbədənkənar) yoxlama təyin edilmişdir. Çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas “Sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” olaraq qeyd edilmişdir. Lakin Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində yoxlayıcı orqanın hansı hallarda plandankənar (növbədənkənar) yoxlama aparmalı olduğu göstərilmişdir. Belə ki, həmin qanunun müvafiq müddəasına görə plandankənar (növbədənkənar) yoxlama yalnız aşağıdakı hallarda aparılır: 16.1.1. sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə; 16.1.2. sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda; 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda; 16.1.4. sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə. Göründüyü kimi, yoxlayıcı orqan tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq plandankənar (növbədənkənar) yoxlama səlahiyyəti olmadığı halda plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Bu da Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması və aparılan yoxlamaların hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmənin diqqətinə xüsusilə çatdırmaq istərdik ki, cavabdeh publik hüquqi şəxs tərəfindən iddiaçıya təqdim edilməmiş – elektron sistemdən əldə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışa (№ KY252329842; tarix: 14 iyul 2025-ci il) əsasən yoxlayıcı şəxslərin siyahısı rəis müavini X3 və mühəndis qrup rəhbəri X7 olaraq müəyyənləşdirilmişdir. Lakin faktiki olaraq müəssisədə yoxlama nəzarətçi Rəşad Mustafazadə, mühəndis Elməddin Abbasov və mühəndis qrup rəhbəri Çingiz Məmmədov tərəfindən həyata keçirilmişdir və aktda da həmin şəxslərin adı qeyd edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinə əsasən, yoxlama yalnız onun aparılması haqqında qərarda göstərilən yoxlayıcı (yoxlayıcılar) tərəfindən aparılır. Göründüyü kimi, bu hissədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, müəssisənin ərazisində vahid məlumat reyestrində dövlət qeydiyyatına alınmayan yoxlayıcı şəxslər tərəfindən yoxlamalar aparılmışdır. Bu da Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması və aparılan yoxlamaların hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Ümumiyyətlə, müəssisəyə yoxlamağa gələn şəxslər xidməti vəsiqəsini və şəxsiyyət vəsiqələrini o cümlədən, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı müəssisə rəhbərliyinə təqdim etməmiş, müəssisənin hüquq və vəzifələri barədə ona məlumat verməmişlər. Halbuki Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Cavabdeh publik hüquqi şəxs yoxlama zamanı yoxlamanın aparılması qaydalarını pozmuş, yoxlama zamanı yoxlayıcılar əsaslı qərar qəbul etmək üçün bütün fakt və məsələləri, o cümlədən sahibkar üçün əlverişli olan halları aydınlaşdırmalı olduqları halda araşdırmamışlar. Yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirsələr də, yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib etməmişdir. Bu da Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması və aparılan yoxlamaların hüquqi nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun silinməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Məlumat üçün bildiririk ki, istehlakçının su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabatı “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanununun 30-cu maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılır. İddiaçı 16344 (on altı min üç yüz qırx dord) manat məbləğində borcun hesablanmasının əsassız olduğunu iddia edir. Bununla əlaqədar bildirirəm ki, xx.xx.2015-ci il tarixdə yenilənmiş müqaviləyə (müqavilə: ********) əsasən İddiaçı MMC-yə (abonent kodu: 010164) su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Həmin obyektdə su xətti üzərində xx.xx.2006-cı il tarixində VSKM markalı, 257503 nömrəli su sayğacı quraşdırılmışdır. Bildirir ki, sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2025-ci il tarixində çıxarış alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları xx.xx.2025-ci il tarixində obyektin su təchizatına baxış keçirmiş, baxış zamanı sayğacdankənar olmaqla d=40 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə faktı aşkar edilmişdir. Sudan qanunsuz istifadə faktı ilə bağlı əməkdaşlar tərəfindən 603435 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən “Sudan istifadə QaydalarT’na 4 nömrəli əlavəyə uyğun olaraq sudan qanunsuz istifadəyə görə 16344 m3 sərfiyyat hesablanmışdır. Sudan qeyri-qanunui istifadə nəticəsində ’İri Şəhərlərin X10 Xidməti" publik hüquqi şəxsə maddi ziyan dəymiş, qanunvericiliyin tələblərinə uyğun olaraq akt tərtib edilmiş, video və fotoşəkillər çəkilmişdir. “İri Şəhərlərin X10 Xidməti" Publik hüquqi şəxs tərəfindən borcun ödənilməsi tələbi ilə abonentin ünvanına bildiriş göndərilmiş, lakin borcun ödənilməsini təmin etməmişdir. ”Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən “Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır”. Həmin Qanunun 72-ci maddəsinə əsasən “Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 3.1.1-ci yarımbəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi (STKM), su təchizatı və tullantı sularının axıdılması sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib edilməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. “Sudan istifadə qaydaları”nın 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2.STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Göründüyü kimi abonent “Su təchizatı və tullantı suları haqqında” Qanunun, “Sudan istifadə qaydalarf’nın, eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozmuş, su qanunvericiliyinin tələblərinə uyğun olaraq hesablanmış 16344 (on altı min üç yüz qırx dord) manat borcun ödənilməsini təmin etməmişdir. Hesab edirlər ki, su qanunvericiliyinə müvafiq olaraq hesablanmış 16344 manat borc İddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinin müzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, cavabdeh tərəfindən qanunsuz sudan istifadə faktı yerli baxış nəticəsində öz təsdiqini tapmamışdır. Cavabdeh tərəf araşdırmanı düzgün etməmiş, borunun hara getdiyini və hardan gəldiyini, iddiaçının sudan necə istifadə etməsi faktını araşdırmamışdır. Bütün bunlara əsasən həmçinin araşdırma dövründə sübut olundu ki, iddiaçı sayğacdan kənar sudan istifadə etməmişdir. Cavabdehdən iddiaçının xeyrinə xx.xx.2025-ci il tarixli, 603435 saylı Akta əsasən hesablanmış 16344 manatın silinməsi, hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi olaraq 350 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.9 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. xx.xx.2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X10 Xidməti” X11 əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus su sayğacına baxış keçirmiş və baxış zamanı sayğacdan kənar qanunsuz istifadə halı aşkar edilmişdir, bununla əlaqədar xx.xx.2025-ci il tarixli, 603435 saylı Akt tərtib edilmişdir.
9. «İri şəhərlərin X10 Xidməti» PHŞ tərəfindən qanunsuz istifadə fakturasına əsasən xx.xx.2025-ci il tarixli, 603435 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə fiziki şəxsə 16344 manat məbləğində borc hesablanmışdır.
10. İddiaçıya məxsus abonent məlumatlarına əsasən iyul 2025-ci il tarixinə sudan qanunsuz istifadəyə görə 8172 manat və çirkab suların axıdılmasına görə isə 8172 manat məbləğində borc hesablanmışdır.
11. X1 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh şirkətdə qanunsuz istifadə və debitor borclarla iş qrupunun rəhbəridir. Sayğacın sərfiyyatı şübhə yaratdığına görə əraziyə Ədliyyə Nazirliyinin çıxarışına əsasən baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, sayğacın giriş və çıxış xəttləri bağlanmış, müəssisəyə məxsus olan ehtiyat su çəninin giriş və çıxış hissələri bağlanmışdır. Obyektdə quyu suyu olduğu halda sayğacı istifadə olunmur. Obyektdə diametri 40 mm olan su xətti aşkar olunmuşdur. Xətti dayandıran zaman məlum olub ki, həmin xəttdən istifadə olunur və sayğacdan keçməyən su mövcuddur. Bununla bağlı iddiaçıya 16.000 manat cərimə yazılmışdır. Ədliyyə Nazirliyindən çıxarışın alınmasında rəhbər heyətdən rəis müavini Seymur Mustafayev iştirak etmişdir. Bəhruz müəllim oxumanın qrup rəhbəridir. Aktda maksimum 2 nəfər ad yazıla bilər. Sayğac sərfiyyatında şübhə yarandığına görə, yəni işçilər çox olduğuna görə sanitar qovşaqdan istifadə və s. səbəblərlə əlaqədar obyektə baxış keçirilmişdir. Sadəcə ehtimala əsaslanaraq obyektə baxış keçirilmişdir. 2 gün obyektdə araşdırma aparılmışdır. Pozuntu və xəttlər 2-ci gün aşkar edilmişdir. 1-ci gün günorta saatlarında nahar fasiləsi olduğuna görə suyu dayandıra bilməmişlər. Yoxlama üçün istilik sisteminin turbalarını da deşmişlər. İddiaçının əhatə dairəsinə məxsus olmayan xaricdən daxil olan xətt vasitəsilə sudan qidalanma aşkar edilmişdir. Su sayğacdan və anbardan keçmir. Su içməli sudur. Sudan laboratoriya analizi götürməmişlər. Boru xətti kəsiləndən sonra heç bir şikayət və ya müraciət daxil olmamışdır. Boru xətti kəsildikdən sonra müəssinin aylıq su sərfiyyatında artımla bağlı məlumatı yoxdur. Sayğacın hər ay oxunub-oxunmaması işi onun işinə aid deyil. Boruların nə vaxtdan istifadə olunması ilə bağlı məlumatı yoxdur. Yoxlama zamanı kəsilən borunun üstü qazılıb açılmadı.
12. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6667/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı MMC-nin cavabdeh «İri şəhərlərin X10 Xidməti» PHŞ-nə qarşı “borcun silinməsi” tələbinə dair e-2-2(113)-6667/2025 saylı iş üzrə ünvan 1 ünvanında yerləşən su boruları tərəflərin və mütəxəsisləri cəlb edilməklə yerində müayinə həyat keçirilmişdir. Yerində müayinə məhkəmənin, iddiaçının və cavabdehin nümayəndələrinin və aktı yazmış mütəxəssislərin iştirakları ilə keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qanunsuz xətt deyilərək kəsilən boru xəttinin üstü iddiaçı tərəfindən qazılmışdır və həmin boru cavabdehin bildirdiyi kimi kənar xətt olaraq iddiaçıya məxsus hövuza və ya istifadə etdiyi başqa hər-hansı tutuma getmir, borunun sonu bağlı vəziyyətdə qalmaqdadır. Aktı tərtib edən mütəxəsislərə “nəyə görə yoxlama aparılan zamanı borunun harada bitməsini müəyyən etmək üçün qazıntı işləri aparılmamışdır və hazırda mövcüd vəziyyət ilə bağlı nə deyə bilərlər sualına” bildirdilər ki, yalnışlıq olmuşdu, həqiqətən görünür ki, həmin kəsilən boru xəttindən iddiaçı istifadə etməmişdir, borunun sonu bağlı vəziyyətdə imiş.
13. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
14. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X10 Xidməti” X11 əməkdaşları tərəfindən İddiaçı MMC-yə məxsus su sayğacına baxış keçirmiş və baxış zamanı sayğacdan kənar qanunsuz istifadə halı aşkar edilmişdir, bununla əlaqədar xx.xx.2025-ci il tarixli, 603435 saylı Akt tərtib edilmişdir. «İri şəhərlərin X10 Xidməti» PHŞ tərəfindən qanunsuz istifadə fakturasına əsasən xx.xx.2025-ci il tarixli, 603435 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə fiziki şəxsə 16344 manat məbləğində borc hesablanmışdır. İddiaçı hal-hazırda 16344 manat məbləğində hesablanmış borcun silinməsini məhkəmə qaydasında mübahisələndirmişdir.
16. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun:
17. 4-cü maddəsinə əsasən Səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
18. 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
19. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur.
22. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
23. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Beləliklə, bütün yuxarıda qeyd edilənlərdən aydın olur ki, xx.xx.2025-ci il tarixli, 603435 saylı Aktda qeyd edilən sudan qanunsuz istifadə faktı öz təsdiqini tapmır, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 16344 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir, 16344 manat borc məbləği iddiaçının abonent hesabından silinməlidir.
25. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
28. İş materiallarından göründüyü kimi iddiaçı 152,90 manat məbləğində dövlət rüsumunu və 350 manat məbləğində vəkil xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
29. Lakin 350 manat vəkil xərcinin ödənişinə dair hər hansı sənəd-sübutu təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan əlavə cavabdehdən 152,9 manat dövlət rüsumu əvəzinin tutulmasını xahiş etsə də, iş materiallarından görünür ki, rüsum qismində cəmi 139 manat ödəniş edilmişdir.
30. Məhkəmə hesab edir ki, əsas iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 139 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh «İri şəhərlərin X12 Xidməti» PHŞ tərəfindən xx.xx.2025- ci il tarixli 603435 saylı akt üzrə İddiaçı MMC-yə hesablanmış 16344 manat məbləğində borc 010164 saylı abunə hesabından silinsin. Dövlət rüsumunun əvəzi olaraq 139 manat məbləğində pul vəsaiti cavabdeh «İri şəhərlərin X12 Xidməti» PHŞ-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova