Məhkəmə qərarları › İş №e-2-2(113)-6701/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-6701/2022

13.12.2022 · Sair işlər - Maliyyə sanksiyaları, cərimələr və s. tutulmalar üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-6701/2022 13.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ictimai yeməkxanaya (abonent kodu: **********00100) əsassız hesablanmış 864 manat məbləğində borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı sahibi olduğu Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən ictimai yeməkxanaya 2021-ci ilin oktyabr ayında 864 manat məbləğində cərimə yazılmışdır. Həmin ünvanda abonent kodu (**********00100) olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Təbii qaza görə borcu ödənilməklə həmin ünvan qazla təmin olunur. 15 dekabr 2021-ci il tarixdə əldə etdiyi sənədlərin surətindən ona məlum oldu ki, 06 fevral 2019-cu il tarixdə ******* №-li müvəqqəti sayğac çıxarılaraq, yenisi ilə əvəz edilmişdir (06 fevral 2019-cu il tarixli akt № 3521224), 29 aprel 2019-cu il tarixdə həmin müvəqqəti sayğaca Metrologiya departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və yoxlamanın nəticəsi olaraq, “Plastmas qapaq alt hissədən deşici alətlə deşilib. Hesablayıcı mexanizmin rəqəmlərinin üzərində cızıq izləri var. Xətalar normaya uyğun deyil” müəyyən edilmişdir (14 may 2019-cu il tarixli akt № MS- 29/1640-00549-2), 30 sentyabr 2021-ci il tarixdə “Dəymiş ziyan hesablansın və ödənilsin” tələbi qoyulmuşdur (30 sentyabr 2021-ci il tarixli akt № 0144187), 22 oktyabr 2021-ci il tarixdə “4320 m³ itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin” dəymiş ziyan həcminin hesablanması aparılmışdır (22 oktyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə). Həmin sənədlərin tərtib olunmasından, mövcud sayğac dəyişdirilərək müvəqqəti sayğac qoyulmasından və hansı səbəbdən əvəzlənməsindən, müvəqqəti sayğacın deşilməsindən və yenisi ilə əvəz olunmasından xəbəri olmamış, xəbərdar da edilməmiş, heç bir sənədlə də tanış olunmamış və imzalamamışdır. Bundan başqa, dəymiş ziyanın bərpasına dair tələbnamənin “dəymiş ziyanın bərpasına əsas” hissəsində qeyd olunan “qazın alqı-satqısı barədə müqavilə” Paylayıcı ilə aralarında 18 oktyabr 2019-cu ildə bağlanmışdır. Yəni sayğacda 2019-cu ilin 29 aprel tarixində “aşkarlanan” nasazlığa görə əsas kimi 2019-cu ilin 18 oktyabr tarixli müqavilə əsas götürülmüşdür. Buna görə təbii qazın verilməsini dayandırılaraq və cərimə ödənildikdən sonra qaz bərpa olunmasını bildirmişlər. Həmin aktın tərtib olunmasında iddiaçının iştirakı olmamış, həmin vaxt heç kim onunla əlaqə saxlamayıb, lakin cərimənin ödənilməsi üçün onu 2021-ci ilin dekabr ayından bu günədək vaxtaşırı narahat edirlər. Belə ki, 4320 m3 təbii qaz qanunsuz və əsassız olaraq yazılmışdır. Bu qədər zamanda (2 il 8 ay müddətində) X1 əməkdaşları tərəfindən ona müdaxilə olunması bildirilməmişdir. Bununla bağlı ona məlum olan günü cavabdeh təşkilata müraciət etdi və ona cavab olaraq bildirdilər ki, qaz xəttinə kənar müdaxilə olunduğu üçün cərimə hesablanmışdır. İddiaçının istifadəsində olan qaz xəttinə heç vaxt müdaxilə edilməmiş və istifadə etdiyi qazın dəyəri daim ödənilmişdir. Bütün bunların qanunsuz və əsassız olması bildirilsə də, Xaçmaz X1 əməkdaşları bu iradlara, tələblərə məhəl qoymamışlar. Ən önəmli hal da ondan ibarətdir ki, bütün bu aktlar barədə ona heç bir rəsmi məlumat verilməyib. İddiaçı həmin aktları tələb edib alarkən orada öz adının qarşısinda “İmtina” sözünün yazıldığını müəyyən etdi. Bu da onu sübut edir ki, həmin aktlar saxtadır və heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etdiyini və iddianı müdafiə etdiyini bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarınn icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: 14 may 2019-cu il tarixli, MS 29/1640-00549-2 nömrəli akta əsasən 17 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G4 markalı mexanika tipli qaz sayğacına 29 aprel 2019-cu il tarixdə Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablayıcı mexanizmin rəqəmlərinin üzərində cızıq izlərinin aşkar edildiyi qeyd olunmuşdur; 30 sentyabr 2021-ci il tarixli ******* nömrəli aktda qeyd olunmuşdur ki, ARDNŞ-nin 14 may 2019-cu il tarixli, MS 29/1640-00549-2 nömrəli rəyə əsasən G4 markalı ******* nömrəli qaz sayğacının plastmas qapaq alt hissədən deşici alətlə deşilib. Hesablayıcı mexanizminin rəqəmlərinin üzərində cızıq izləri var; 22 oktyabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən İddiaçı məxsus obyektdə olan G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi aşkar olundu və dəymiş ziyan həcmi 4320 kub metr qeyd olunmuşdur; abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 2021-ci ilin noyabr ayı üzrə borcu (qalıq və aktlar üzrə) 864 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən qeyri-yaşayış sahəsində yoxlama aparılmış və 14 may 2019-cu il tarixli, MS 29/1640-00549-2 nömrəli akta əsasən 17 aprel 2019-cu il tarixində Xaçmaz RQİİ-dən Dövlət yoxlamasına aparılmış G4 markalı mexanika tipli qaz sayğacına 29 aprel 2019-cu il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirildi və yoxlama nəticəsində sayğacların müayinəsi laboratoriyasında baxış keçirildiyi və yoxlama nəticəsində sayğacın plastmas qapağının alt hissədən deşici alətlə deşildiyi, hesablayıcı mexanizmin rəqəmlərinin üzərində cızıq izlərinin aşkar edildiyi, xətaların normaya uyğun olmaması nəticəsində dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınin müdafiəsi haqqinda" Qanunun: 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. 2.11-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, həm “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə əsasən yalnız sayğaca müdaxilə və qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan qanunsuz qoşulma hallarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlərin görülməsini nəzərdə tutur. 14 may 2019-cu il tarixli, MS 29/1640-00549-2 nömrəli aktda müdaxilə halının olması qeyd olunmuşdur. Belə olduğu halda yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. Lakin cavabdeh tərəfindən aparılan yoxlama həmin qanunun tələblərinə uyğun olaraq yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən hesablanmış 864 manat borc silinməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 864 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar