Məhkəmə qərarları › İş №e-2-2(113)-716/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-716/2024

11.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-716/2024 11.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASCyə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (agent) ilə “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC (sifarişçi) arasında xx.xx.2019-cu il tarixdə A1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən hazırki müqavilənin mövzusu “Agent”in “Sifarişçi” üçün səyahət nemətlərini təşkil və aviabiletlərlə təmin etməsidir. Səyahət xidmətlərinə hava yollarına biletlərin rəsmiləşdirilməsi, mehmanxanada yerləşdirmə, avtomabil icarəsi, viza təminatı və sairə yerli və beynəxalq səyahət ilə əlaqəli xidmətlər və digər xidmətlər daxildir. 2.2-ci bəndinə əsasən biletlərin dəyərini hazırki müqavilənin 3-cü maddəsinə müvafiq olaraq ödəmək sifarişçinin öhdəliyidir. 3.1-ci bəndinə əsasən biletlərin qiyməti cəlb edilmiş hava yollarının biletlərinin rəsmi qiyməti olmalıdır. ”Sifarişçi” səfər üçün sorğu rəsmiləşdirilərkən əldə olan bütün işlədilən və xüsusi tariflərə dair məlumatlandırılacaq. "Agent” isə öz növbəsində çalışır ki. hər hansı bir Səfər Sorğusuna əsasən sərfəli qiymətlər təqdim etsin. 4.1-ci bəndinə əsasən “Sifarişçi" xidmətləri bank köçürməsi və ya nəğd pul vasitəsi ilə əldə edilə bilər. 4.2-ci bəndinə əsasən avans məbləğ köçürüldüyü halda “Agent" və"Sifarişçi" hər rüb avansın qalıqlarının akt üzrə qarşılıqlı üzləşdirilməsini həyata keçirirlər. 4.3-cü bəndinə əsasən bu Müqavilə üzrə bütün hesablaşmalar o cümlədən Sifarişdə göstərilən konkret müəyyənləşdirilmiş xidmətlərin dəyərini ödənməsi manatla keçirilir. 4.4-cü bəndinə əsasən müştəri İddiaçı MMC-nın təqdim etdiyi hesab üzrə konkret müəyyənləşən xidmətlərin dəyərini ödəməyi öz üzərinə götürür və hesab təqdim edildiyi andan 60 gün ərzində ödənməlidir. 8.1-ci bəndinə əsasən tərəflərdən birinin vəzifələrinin yerinə yetirilməməsi və yaxud hazırki Müqavilənin şərtlərini pozduğu halda digər tərəf Müqaviləni cavabdeh tərəfi 15 gündən az olmayaraq, qabaqcadan xəbərdarlıq edərək birtərəfli qaydada poza bilər. 8.2-ci bəndinə əsasən müqavilə pozularkən və yaxud onun müddəti sona çatarsa, tərəflər 15 gün müddətində qarşılıqlı yekun hesablaşma həyata keçirirlər. 8.3-cü bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı andan qüvvəyə minir və 1 il müddətinə etibarlı sayılır. Əgər müqavilənin bir və ya digər tərəf vaxtının bitməsinə 15 gün qalmış vaxta qədər müqaviləni dayandırmağı bəyan etməzsə, müqavilə eyni şərtlərlə növbəti ilə qədər uzadılmış hesab olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən alınmış təyyarə biletləri barədə xx.xx.2020-ci il tarixli akta əsasən müəyyən edilir ki, “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında İddiaçı MMCdən cəmi 178.790,57 manat məbləğində təyyarə biletləri, hotel nömrələri (xidmətlər) almış, ödənilmiş məbləğ 146.432,32 manat olmuş və “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin faktiki borcu 32.358,25 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC tərəfindən bilet satışı xidmətlərinin göstərilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə göndərilmişdir.

4. İddiaçı MMC tərəfindən “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə xx.xx.2023-cü il tarixli pretenziya ünvanlanaraq iddia üzrə borcun 20 təqvim gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı MMC cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 32.358,25 manat əsas borcun, əldən çıxmış faydaya görə 11520 manat məbləğində pulun və ödənilmiş 189 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 03 yanvar 2019-u il İddiaçı MMC ilə cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında A1 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “Agent” “Sifarişçi” üçün səyahət nemətlərin təşkil və aviabiletlerlə təmin etməli idi. Səyahət xidmətlərinə hava yollarına biletlerin rəsmiləşdirilməsi, mehmanxanada yerləşdirilməsi, avtomobil icarəsi, viza təminatı və s. yerli və beynəlxalq səyahət ilə əlaqədar xidmətlər və digər xidmətlər daxil olmuşdur. Müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri yüz yetmiş səkkiz min yeddi yüz doxsan manat əlli yeddi qəpik dəyərində müxtəlif növ xidmətlər göstərilmiş, xidmətlər üzrə ödənilmiş məbləğ isə yüz qırx altı min dörd yüz otuz iki manat otuz iki qəpik olmuş və cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İddiaçı MMC-yə otuz iki min üç yüz əlli səkkiz manat iyirmi beş qəpik faktiki borcu qalmışdır. Yuxarıda qeyd edilənlərlə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə 32.358,25 manat məbləğində borcun ödənilməsi tələbi ilə dəfələrlə müraciətlər edilmiş, pretenziya məktubu da ünvanlanmışdır, lakin borcun ödənişi bu günədək həyata keçirilməmişdir.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 71-ci maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.9, 157.2, 385.1, 427.3, 442, 445.3, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmasa da, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş və ərizədə qeyd edilmişdir ki, müqavilə tarixindən 4 ildən çox müddət keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia tələbini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd olunanlar və MM-nin 375.2-ci maddəsinin tələbi ona əsas verir ki, iddiaçının tələbi əsassızdır, əsassız olduğuna görə də təmin edilməməlidir. Buna görə də, məhkəmədən İddiaçı MMC-nin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsini xahiş edir.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)

IV.TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 377.2-ci maddəsinə görə ucra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 379.1.6-cı maddəsinə görə tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. - 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. - 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. -440.1-ci maddəsinə görə əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun: - 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. - 24.7-ci maddəsinə görə bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. - 32.1.4-cü maddəsinə əsasən tərəflərin mediasiya prosesinin müddətinin uzadılmasına dair müraciətləri olmamışsa, bu Qanunun 24.7-ci maddəsinə uyğun olaraq mediasiya prosesinin müddəti bitdikdə mediasiya prosesinə xitam verilir.

16. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

19. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında xx.xx.2019-cu il tarixli A1 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasında cəmi 178.790,57 manat məbləğində xidmətlər (təyyarə biletlərin alınması, hotel nömrələrinin təşkil edilməsi) göstərmiş, lakin həmin xidmətlərin dəyərindən 146.432,32 manat ödəniş olmuş və hazırda “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin faktiki borcu 32.358,25 manat təşkil edir.

22. Xidmətlərin göstərilməsi və eləcə də 32.358,25 manat borcun olması faktı xx.xx.2020-ci il tarixli üzləşmə aktı və elektron qaimələrlə öz təsdiqini tapır.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən xx.xx.2019xx.xx.2020-ci il tarixləri arasında göstərilmiş xidmətlərə görə 32.358,25 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

24. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

25. Həmin ərizə ilə bağlı məhkəmə qeyd edir ki, 23 noyabr 2020-ci il tarixli borcların qarşılıqlı üzləşdirilməsi aktından da göründüyü kimi mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə xidmətlər xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arası dövrdə göstərilmiş, o cümlədən son aylarda – 2020-ci ilin oktyabr və noyabr aylarında göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 22.392,3 manat ( o cümlədən oktyabr ayının 27-də 7.187,10) və 31.171,15 manat məbləğində olmuşdur. Göstərilmiş xidmətlərə görə son ödəniş isə xx.xx.2020-ci ildə edilmişdir.

26. Beləliklə, aktda göstərilən məlumatlar, eləcə də borclunin ödəniş etdiyi öhdəliyi seçmədiyi halda ödənişin müddəti birinci çatan borca yönəldilməsi barədə Mülki Məcəllənin 440-ci maddəsinin tələbləri belə qənaətə gəlməyə əsas verir ki, hazırda iddiaçının ödənilməsini tələb etdiyi 32.358,25 manat məbləğində borc öhdəliyi iddiaçının cavabdehə 2020-ci ilin oktyabr ayının 27-noyabr ayının 23-ü tarixləri arası dövrdə göstərdiyi xidmətlərə görə yaranmışdır.

27. Digər tərəfdən tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində iddiaçının göstərdiyi xidmətlərin dəyərini ödəmək öhdəliyinin müvafiq xidmətlərə görə hesabın təqdim etdiyi andan 60 gün ərzində cavabdeh tərəfindən icra edilməli olması göstərilməklə mübahisəli öhdəliyin icrası müddəti müəyyənləşdirilmişdir.

28. Hazırkı halda mübahisəli xidmətlərə görə cavabdehə hesabın nə zaman təqdim edildiyi müəyyən edilməsə də, həmin hesabın xidmətlərin göstərildiyi tarixdən əvvəl təqdim edilməməsi açıq-aşkardır. Belə olan halda isə hazırkı borc tələbinin daha əvvəl yaranmış hissəsi üzrə iddia müddətinin axımı ən tezi xx.xx.2020-ci il tarixdən (yəni xidmətlərin göstərildiyi tarixdən) 60 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə başlamış və müvafiq olaraq mediasiya prosesinin davam etdiyi xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası 18 günlük dövrü nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Odur ki, iddiaçı hazırkı iddianı xx.xx.2023-cü ildə qaldırarkən iddia müddətini buraxmamışdır.

29. Digər tərəfdən xidmətlərə görə hesabların xidmətlər göstərilənədək təqdim edildiyini və ya mübahisəli borcun iddiaçının son dövrdə göstərdiyi xidmətlərə görə yaranmadığını ehtimal etsək belə iddia müddətinin buraxılması barədə qənaətə gəlmək mümkün deyil.

30. Belə ki, hazırkı tələb üzrə iddia müddətinin axımı xx.xx.2020-ci il tarixədək olan dövrdə başlasa belə, həmin tarixdə üzləşmə aktının imzalanması ilə kəsilmişdir. xx.xx.2020-ci il tarixdə yenidən başlamış iddia müddətinin axımı isə mediasiya prosesinin davam etdiyi xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası 18 günlük dövrü nəzərə alsaq 11 dekabr 2024 –cü il tarixdə başa çatmışdır.

31. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 11.520 manat məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

32. Odur ki, iddiaçı hazırkı iddianı qaldırarkən qanunda nəzərdə tutulmuş iddia müddətini buraxmadığından iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi üçün əsas yoxdur.

33. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır.

34. İş materiallarından isə görünür ki, hazırkı işdə İddiaçı MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

35. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 189 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

36. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 221,63 manat təşkil edir.

37. Hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.

38. İddiaçı tərəfindən artıq ödənilmiş 167,37 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır.

39. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 150 manat pul vəsaiti pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh “Akkord Sanaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən xx.xx.2019-cu il tarixli A1 nömrəli xidmət müqaviləsi üzrə 32.358,25 manat məbləğində borc, mediasiya xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 167,37 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar