Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-719/2025 17.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat vasitəsinin geri qaytarılması, mənəvi ziyan) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “nəqliyyat vasitəsinin geri qaytarılması və s.” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi üzrə ona məxsus "DAF XF 105.460 YÜK" markalı ** EJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin "xxxx" MMC-dən alınaraq İddiaçı sahibliyinə və istifadəsinə qaytarılması, İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq (əldən çıxmış fayda) 12.000 (on iki min) manat və 2000 (ikimin) manat mənəvi ziyanın və məhkəməyə ödənilən 64 manat dövlət rüsumunun və mediasiya xərcləri 300 manatın "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "DAF XF 105.460 YÜK” markalı, 01AB 113 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 40.000 manata alaraq öz mülkiyyətinə keçirmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri X2 həbs olunduğu üçün onu atası X1 alqısatqı müqaviləsini imzalayaraq onu təmsil edirdi. Cavabdehlə nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi bağlandığı gündən maşını götürmək istədikdə X1 xahiş etmişdir ki, maşın yüklüdür. Bizə vaxt ver ki, həmin yükü boşaldaq. Artıq bir ilə yaxındır ki, cavabdeh X1 bildirdi ki, maşın xarab olduğundan maşını gətirə bilmirik. Sonuncu dəfə isə bir neçə ay bundan əvvəl cavabdehə bildirdi ki, məcburdur ki, nəqliyyat vasitəsini axtarışa versin və geri tələb etsin. Cavabdeh isə dedi ki, danışmış maşını düzəldiblər, bir neçə günə gəlməlidir. Hətta ona təklif etdi ki, pulu qaytar. Bu vaxta qədər mülkiyyətində olan nəqliyyat vasitəsindən 20.000 manata qədər gəlir əldə etmiş olardı. Bundan sonra cavabdeh dedi ki, narahat olma, məsələni bu yaxınlarda həll edəcək. Hazırda cavabdeh X1 onu aldatmış, şər- böhtanla dolu bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh "DAF XF 105.460 YÜK” markalı ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsinin bağlandığı gündən müqavilənin şərtləri üzrə nəqliyyat vasitəsi onun mülkiyyətinə və faktiki sahibliyinə verməmişdir. Hansı ki, razılaşmaya uyğun olaraq "DAF XF 105.460 YÜK” markalı, ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməklə, ondan gəlir əldə edib faydalanmalı idi. Hazırda "DAF XF 105.460 YÜK” markalı ** AB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra nəqliyyat vasitəsinin qeydiyyat nişanı dəyişdirilərək ** EJ *** olmuşdur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan nəqliyyat vasitəsindən məhrum edilməklə yəni istifadə etməməklə ona maddi və mənəvi ziyan yetirilmişdir. Dəymiş maddi ziyanı əldən çıxmış fayda formasında 12.000 (on min manat) təşkil edir. Mənəvi ziyan isə psixoloji sarsıntılar formasında 2000 (ikimin) manat dəyərində qiymətləşdirilir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd etmiş olduğu hüquqi mövqe ondan ibarətdir ki, “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 568.1-ci maddəsinə əsasən Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli alq-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Cavabdeh MMC tərəfindən “DAF XF 105.460 YÜK” markalı, **-AB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi alıcı İddiaçıq Qabil oğluna satılmışdır.
11. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qeyd edilmiş nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı dəyşdirilmiş və ** EJ *** olmuşdur.
12. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Baş X5 İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı adına “DAF XF 105.460 YÜK” markalı, 50EJ184 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmişdir.
13. Hazırda iddiaçı ona məxsus olan “DAF XF 105.460 YÜK” markalı, 50EJ184 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh MMC-nin qanunsuz sahibliyində olduğunu bildirir və qaytarılmasını xahiş edir.
14. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən avtomobil nəqliyyatının iddiaçıya verilməsi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir.
15. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin qanunsuz sahibliyində olan “DAF XF 105.460 YÜK” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
16. İddianın əldən çıxmış faydaya görə 12.000 manat pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, bu barədə sübut təqdim edilmədiyindən, iddia qeyd edilən hissədə təmin edilə bilməz.
17. İddianın mənəvi ziyanın tutulması ilə bağlı hissəsinə gəldikdə, Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması, müqavilə əsasında iddiaçıya nəqliyyat vasitəsinin satılması, lakin bugünədək nəqliyyat vasitəsinin onun sahibliyinə verilməməsi iddiaçının mənəvi sarsıntılar keçirməsinə səbəb ola biləcəyi ağlabatandır.
18. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mənəvi zərərin tələb olunması hissəsində qismən təmin edilməli, mənəvi ziyanın əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.
19. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Nəticə:
20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. "DAF XF 105.460 YÜK” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Mənəvi ziyanın əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov